İcra başçısı: «Tərtərdə 51 evə ziyan dəyib»

Tərtərdə dağılmış ev.
 
Son günlər Ermənistan silahlı birləşmələrinin ağır artilleriya zərbələri nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.
 
«Trend»in xəbərinə görə, bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
 
M.Məmmədovun bildirdiyinə görə, Tərtər şəhəri və rayonun 11 kəndi atəşə tutulub: «Nəticədə Tərtər şəhərində 11 evə ciddi ziyan dəyib. Bundan başqa, rayonun Qapanlı kəndində 2 ev, Yuxarı Qapanlıda 7, Hacı Qərvənddə 15, Qarağacı kəndində 11, Bala Səngərlidə 1, Buruc kəndində 3, Yuxarı Qaradağlıda 1 evə ciddi ziyan dəyib. Hazırda rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində dağılmış evlərin sayı dəqiqləşdirilir».
 
Aprelin 26-dan Qarabağ cəbhəsindəki təmas xəttində yenidən gərginlik artıb.
 
Aprelin 2-dən 5-nə kimi cəbhədə hərbi əməliyyatlar keçirilmişdi. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu bildirilir. Aprelin 5-i Moskvada tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər. Ancaq bu razılığın son 3 gündə yenidən sərt qaydada pozulduğu deyilir. /

Google+ WhatsApp ok.ru