Diktatorun zülmündən əziyyət çəkənlərə təzminat ödənəcək

Çili Ali Məhkəməsi keçmiş diktator Auqusto Pinoçet rejimi qurbanlarının ailələrinə 1,3 milyon dollar həcmində təzminat verilməsi barədə qərar qəbul edib.
 
Maide.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu vəsait 1973-1974-cü illərdə itkin düşən 4 nəfərin ailələri arasında bölünəcək. Çili hökuməti 975 min dollar məbləğində ən böyük təzminatı 1973-cü ildə Parral şəhəri yaxınlığında itkin düşən Migel və Hilberto Roxasın ailəsinə ödəyəcək. Bir il sonra yoxa çıxan digər iki müxalifətçinin ailələri isə müvafiq olaraq 272 və 16 min dollar alacaq.
 
Xatırladaq ki, Çilidə 1973-cü ildə baş verən hərbi çevrilişə sonradan hakimiyyəti ələ keçirən və onu yalnız 1990-cı ildə mülki hökumətə təhvil verən Auqusto Pinoçet rəhbərlik edib. Onun hakimiyyəti illərində siyası motivlərə görə 3,2 min nəfər öldürülüb, 1,2 min nəfər itkin düşüb, 28 min nəfər isə işgəncələrə məruz qalıb. Barəsində cinayət işi açılan diktator 2006-cı ildə 91 yaşında vəfat edib.

Google+ WhatsApp ok.ru