Şeyx Sərdarın apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib

Şeyx Sərdarın apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib

Maide.Az saytının baş redaktoru,  ruhani Sərdar Babayevin (Hacıhəsənlinin) həbsdə saxlama müddətinin 5 ay artırılması ilə bağlı 14 aprel 2022-ci il tarixli qərarından apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
 
Bu barədə Maide.az-a vəkil Cavad Cavadov məlumat verib. 
 
O, bildirib ki, bu gün Apellyasiya məhkəməsi hakim Ramin  Qaraqurbanlının sədrliyi ilə şikayətə baxıb. "Məhkəmədə  Şeyx Sərdar Hacıhəsənli də iştirak edirdi. Biz apellyasiya şikayətini  müdafiə elədik və qərarın ləğv olunmasını, Şeyx Sərdarın həbsdən azad olunmasını  istədik. Lakin təəssüflər olsun ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Bu işlərin hamısından Avropa İnsan Haqları Məhkəməsinə artıq şikayət göndərilib və əlavə şikayət də göndəriləcək."
 
Qeyd edək ki, aprelin 14-də Səbail rayon məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin həbs müddətinin uzadılmasına dair məhkəmə iclası keçirilib. Məhkəmədə Şeyx Sərdar  özü də iştirak edib. Qərara əsasən Şeyx Sərdarın həbs müddəti sentyabr ayının 19-dək artırılıb.
 
Xatırladaq ki, Sərdar Babayev 2021-ci ilin oktyabrın 19-dan həbsdədir. O, Dövlətə xəyanətdə ittiham olunur.  
Ancaq ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir.
 
@MaideTV

Google+ WhatsApp ok.ru