Eldar Mahmudov və şəbəkəsi barədə dəhşətli film çəkilir

Əməliyyat çəkilişləri əsasında hazırlanan film yaxın vaxtlarda dövlət televiziyasında yayımlanacaq

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və dəstəsinin üzvləri ilə bağlı sənədli film çəkilir. “Azadlıq”a daxil olan məlumata görə, filmdə bu dəstə barədə dəhşətli faktlar əks etdiriləcək. Film əməliyyət çəkilişləri əsasında hazırlanır. Bildirilir ki, yaxın vaxtlarda həmin film dövlət televiziyasında yayımlanacaq.
 
Eldar Mahmudovun bacısı vəzifədən getmək istəyir
 
Bu arada mia.az saytı məlumat yayıb ki, Eldar Mahmudovun bacısı Elmira Mahmudova da Xarici Işlər Nazirliyində (XIN) tutduğu vəzifədən çıxarılacaq. Məlumata görə, XIN-nin Konsulluq Idarəsində müşavir vəzifəsində çalışan Elmira Mahmudovanın özü də vəzifədən getmək istəyir: “Yəqin ki, o, qardaşı ilə bağlı yaşananlardan təsirlənib. Zatən özü getməsə də, onu azad edəcəklər”.
 
Akif Çovdarovun cəlladları
 
Criminal.az saytı isə Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov haqda ilginc məlumatlar yayıb. Məlumatlarda deyilir ki, bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın “boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib.
 
Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin işçisi Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir.
 
Səlim Məmmədov və Vüqar Muxtarov Akif Çovdarov işdən çıxarılan andan başlayaraq narahat olmağa başlayıblar, evlərindəki qızıl, pul və qiymətli əşyaları çıxarıblar. Hətta qızıl-briliyantlarını etibarlı hesab etdikləri qohumlarının evinə yerləşdirmək istəyiblər. Bundan başqa Akif Çovdarovun yaxın qohumunun Vuqar Muxtarovun qayınları ilə şərikli biznesləri var.
 
Akif Çovdarovun tabeliyində çalışan Vüqar Muxtarovun isə aksiz (markası ) biznesi mövcuddur. Vüqar Muxtarovun qayınları respublikaya qeyri-qanunu yolla gətirdikləri aksiz markasını onun “krışalığı” ilə satırlar. Vüqar Muxtarovun qaynı (hələlik adı gizli saxlanılır) illər öncə Daxili Işlər Nazirliyindən ölkədə sensasiya yaratmış insan alveri cinayətinə görə işdən azad olunub. Vüqar Muxtarovun qayınının həbs olunması və Bakıxanov qəsəbəsindəki evində axtarış aparıldığı da deyilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Səlim Məmmədovu saxlayıb.
 
Ötən gün yayılmış məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb. Çovdarovun ikinci cəlladına – polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür.
 
Eldar Mahmudovun yaratdığı “gestapo”nun sirləri
 
Sayt həmçinin Eldar Mahmudovun komandasının üzvü olan MTN-in Inspektorluq Baş Idarəsinin rəisi Qədir Əkbərov adlı MTN zabiti barədə ilginc məlumatlar yayıb. Məlumatda deyilir ki, Qədir Əkbərovun Eldar Mahmudova digərlərinə nisbətən çox yaxınlığı onunla seçilirdi ki, onun rəhbərlik etdiyi və nazirlikdə son illər qəddarlığı və amansızlığına görə “gestapo” adlandırılan bu idarənin yazısına pozu yox idi. MTN-in rayon, şəhər şöbə və idarələrinin rəisi Qədirin və onun əməkdaşlarının haqqını vaxtında verməyəndə, bu idarə həmin əməkdaşın “məhv edilməsi”, işdən qovulması planını hazırlayırdı. Qısa müddətdə əməkdaşın işdən qovulması üçün yazdıqları şər-böhtan xarakterli məruzədəki təklifə Eldar Mahmudov heç vaxt etiraz etmirdi. Əkbərov və onun bəzi əməkdaşlarının MTN-də əsas məqsədi nəyin bahasına olursa olsun pul qazanmaq və varlanmaq olub.
 
Onun əsas işi 70-dən yuxarı olan MTN-in şəhər və rayon Idarə və şöbələrinin rəislərini və müavinlərini haqqa otuzdurmaqdan ibarətdir. Əgər rayon rəisləri hesabatın sonunda, əsas bayramlarda, məzuniyyətə çıxanda və ad günündə Qədirə haqq çatdırmasalar, həmin rayonun rəisinin vəziyyəti qısa müddət ərzində çox pisləşirdi. Belə ki, Qədir dərhal “baş kəsən” əməkdaşlarına həmin rayonun fəaliyyətini yoxlamağı tapşırırdı. Sonda da həmin rayon rəisi haqqında 99,9 faiz böhtan yazaraq onu vəzifəsində aşağı pillələrə keçməsini təmin edirdi. Bu acınacaqlı vəziyyətə düşməmək üçün bütün rayon və şəhər rəisləri Qədirin və onun əməkdaşlarının haqqını vaxtında çatdırırdılar. Ona görə də rayon rəisləri MTN-in qarşısında duran vəzifələrin icrasını həyata keçirmək əvəzinə yalnız Inspektorluq Baş Idarəsinin haqqını vaxtında çatdırmaq haqqında düşünub və bunun üçün qeyri-qanuni yollara əl ataraq pul toplamaq məcburiyyətində qalıbdır.
 
Həmin peşəkarları təmizləmək lazım gələndə Qədir Əkbərov tabeliyində olan özü kimi millətin təhlükəsizliyini öz maddi mənafelərinə dəyişən bəzi əməkdaşlarının əli ilə pul verməyən, lakin xalqına, dövlətinə sədaqətli olan peşəkar zabitləri ləkələyərək işdən çıxmaları üçün özü niyyətində olan əməkdaşlarını göndərərək həmin kadrın fəaliiyətini yoxlatdırırdı. Qədirə rüşvət verməyən peşəkar zabitlər barədə müxtəlif böhtan xarakterli nəticələr yazmaqla nazir E.Mahmudova məruzə edirdi. Eldar Mahmudov da toplanmış materialları, zabitin izahatını oxumadan (Qədirin yazdığı və Eldar Mahmudova məruzə etdiyi yekun sənəd, yoxladığı əməkdaşın fəaliyyəti və yazdığı izahatı ilə heç vaxt üzst-üstə düşmür) onların yazdıqları təklifə əsasən həmin əməkdaşı işdən qovurdu. Qədirin yoxladığı hansısa ciddi səhvlərə yol vermiş və işdən xaric olması vacib olan əməkdaş 20-45 min ABŞ dolları verdikdən sonra Eldar Mahmudova məruzə etdiyi sənəddə onun əməlini minimuma endirərək həmin əməkdaşa xidmətini davam etdirməklə yüngül cəza olan “töhmət” vermək təklifi ilə yoxlamanı yekunlaşdırırmış.
 
Məsələ ilə bağlı Qədir Əkbərovun mövqeyini öyrənmək mümkün olmayıb.
 
MTN-dən ölüm zəngi
 
Bir neçə gün bundan öncə Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Laçının Alxaslı kəndindən olan Fehruz Məmişova məxsus hektarlarla torpaq sahəsinin MTN generalı Akif Çovdarov tərəfindən məcburi surətdə zəbt edilməsindən bəhs edilmiş yazı dərc edilmişdi.
 
Məlum olaylarla bağlı Moderator.az-ı bilgiləndirən özəl mənbə, məsələ ilə əlaqədar yeni detallar açıqlayıb. Mənbənin sözlərinə görə, vaxtiylə A.Çovdarov və onun komandasının ciddi təzyiqlərinə məruz qalan Məmişovlar ailəsinin üzvü, torpaqlarının əldə çıxmasından qısa müddət sonra dünyasını dəyişən Fehruz Məmişovun qardaşı Mehman Məmişovun vəfatı heç də sıradan bir ölüm olmayıb. Belə ki, mənbə Mehman Məmişovun da qardaşı Fehruz Məmişov kimi ciddi təzyiqlərə məruz qaldığını bildirib. Mənbənin məlumatına görə, həmin ərəfədə Mehman Məmişova MTN-dən özünü Kənan kimi təqdim edən bir şəxs zəng edərək onu idarəyə dəvət edib: “Mehman Məmişova zəng edən və özünü MTN əməkdaşı kimi təqdim eədn Kənan adlı şəxs onu idarəyə dəvət edir. Deyilən vaxtda MTN-ə gələn Mehman Məmişov burada Kənan adlı şəxs tərəfindən 3-4 saat dindirilir. Daha doğrusu, Kənan adlı şəxs Mehman Məmişova başa salmağa çalışır ki, sahib olduğu torpaqlardan əl çəkməlidir, əks təqdirdə ”bu söhbətin axırı yaxşı qurtarmayacaq”. Kənanın bütün eyham və təhdidlərinə baxmayaraq, Mehman Məmişov torpaqlarından imtina etməklə razılaşmır və öz haqqını sona qədər müdafiə edəcəyini bildirir”.
 
MTN-ə “yox” deyən Mehman Məmişov yoxa çıxır
 
Mənbənin sözlərinə görə, MTN-nin Kənan adlı əməkdaşı ilə razılığa gəlməyən Mehman Məmişovun azadlıqdakı dinc həyatı uzun çəkmir. Belə ki, günlərin bir günü Mehman Məmişov sözün tam mənası ilə “iynə olub itir”: “Kənanla görüşdən sonra evinə qayıdan Mehman Məmişov bir müddətdən sonra yoxa çıxır. Mehman Məmişovun itməsindən təşvişə düşən ailə üzvləri bütün qohum-əqrabaya, dost-tanışa haray salsa da, itkin düşən şəxsi gördüm deyən olmur. Üç gün davam edən axtarışlar uğursuzluqla nəticələnir. Mehman Məmişovdan xəbər ala bilməyən ailə üzvləri tədricən onun öldüyünü düşünməyə, sağ olacağından ümidlərini kəsməyə başlayır”.
 
İtkin düşən şəxs qayıdır, amma?
 
Mənbənin sözlərinə görə, Mehman Məmişovla bağlı ümidlərin azaldığı bir vaxtda itkin düşən şəxs gözlənilmədən geri dönür və bütün suallara bir cümlə ilə cavab verir: “Mehman Məmişovun geri dönməsi ailə üzvlərini sevindirsə də, onun üç gün ərzində harda olması, üzündəki əzginlik və qorxu ailə üzvlərini narahat edir. Onlar Mehman Məmişovdan harda olduğunu, niyə yoxa çıxdığını soruşur. Lakin Mehman Məmişov saysız-hesabsız suallardan yalnız birinə cavab verir. O, MTN-də olduğunu söyləyir və ailə üzvlərindən xahiş edir ki, orada yaşadıqları haqqında ondan heç nə soruşmasınlar. Ümumiyyətlə, onun üç gün yoxa çıxdığnı unutsunlar”.
 
Mehman Məmişova MTN-də verilən “ölüm hədiyyəsi”
 
Məlumatlı qaynağın sözlərinə görə, Mehman Məmişov MTN-dən qayıdandan sonra sürətlə zəifləməyə, kəskin ağrılardan əziyyət çəkməyə başlayır: “3 günlük MTN dustaqlığından sonra evə qayıdan Mehman Məmişovun səhhəti sürətlə pisləşməyə başlayır. Həkimlərin bütün səyinə baxmayaraq, onun ağrılarını önləmək, xəstəliyini müalicə etmək mümkün olmur. Nəticədə, MTN zirzəmisindən azad ediləndən təxminən iki ay sonra Mehman Məmişov vəfat edir. Həkimlər onun beyin qurumasından dünyasını dəyişdiyini bildirir”.
 
Mənbənin sözlərinə görə, Mehman Məmişovun MTN-dən çıxdıqdan qısa müddət sonra dünyasını dəyişməsi ailə üzvlərini bu gün düşündürən ağrılı məsələlərdən biridir. MTN-lə razılığa gəlməyən Mehman Məmişovun xəstəliyə tutulacaq səviyyədə qorxudulduğu və ya məqsədli şəkildə hansısa xəstəliyə düçar edildiyi ehtimalı da var ki, bu ehtimalın nə dərəcədə real olduğu yalnız ciddi və hərtərəfli araşdırmadan, bu araşdırmalar sonucu verilən rəsmi rəydən sonra bəlli ola bilər.
 
“Dəmirbank”dan “MTN işi” ilə bağlı açıqlama
 
“Dəmirbank” Akif Çovdarovun bankla əlaqələrinin olması, bununla bağlı bankın fəaliyyətinin araşdırılması barədə mətbuatda yazılanlara münasibət bildirib.
 
Bank haqqında yayılan məlumatlarda deyilir ki, MTN-in bu günlərlə işdən azad edilmiş şöbə rəisi Rəşad Əmircanov Akif Çovdarovun kürəkəni olmaqla yanaşı, həm də “Dəmirbank”ın Idarə Heyətinin sədri Roman Əmircanovun yaxın qohumudur. Məlumatlarda deyilirdi ki, Akif Çovdarov Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaiti leqallaşdırıb və həmin pullar “Qafqaz Inkişaf Bankı”nın Tiflis fililalına köçürüb. Buna görə Roman Əmircanovun ciddi nəzarət altında olduğu və həbs edilə biləcəyi bildirilirdi.
 
Bankın Marketinq departamentinin rəhbəri Anar Bayramov fins.az-a açıqlamasında bildirib ki, bankın fəaliyyətinin araşdırılması, qurumun Idarə Heyətinin sədri Roman Əmircanovun “MTN işi” ilə bağlı problemlərinin yaranması barədə deyilənlər həqiqətə uyğun deyil: “Bankımız normal qaydada fəaliyyətini davam etdirir, Roman Əmircanov həmişəki kimi işə gəlib-gedir. Bu gün hətta iclas keçirib. Yazılanlarda yalnız o doğrudur ki, onlar həqiqətən qohumdurlar. Bankın fəaliyyətinin araşdırılması, Roman müəllimin nəzarət altına alınması qətiyyən doğru deyil”.(Azadlıq)

Google+ WhatsApp ok.ru