Ermənistan parlamenti yeni baş nazir seçəcək

Ermənistan parlamenti yeni baş nazir seçəcək

-- Mayın 1-də

Ermənistan parlamentinin spikeri deyir ki, deputatlar mayın 1-də ölkənin yeni baş nazirini seçəcəklər.
 
Aprelin 26-da spiker Ara Babloian həmin tarixə parlamentin xüsusi iclasını təyin edib.
 
Sarkisian-ın istefasına və hakim koalisiyadan tərəfdaşın ayrılmasına baxmayaraq, HKK hələ də 105 yerlik parlamentdə 58 deputatlar üstünlük təşkil edir.
 
Pashinian aprelin 26-da parlamentdəki digər fraksiyalarla görüşərək baş nazir postuna namizədliyinə dəstəyi təmin etməyə çalışıb.
 
O, parlamentdəki ikinci fraksiya sayılan Tsarukian müxalifət alyansının lideri Gagik Tsarukian-la görüşdüyünü açıqlayıb.
 
 Bu arada HKK-dan iki rəsmi, xarici işlər naziri Edward Nalbandian və baş nazirin müavini Armen Gevorgian Moskvada keçirdikləri görüşlərdə Yerevandakı siyasi böhranının təsirini müzakirə edirlər.
 
AzadlıqRadiosu-nun erməni xidməti aprelin 26-da Nalbandian-dan Moskva görüşləri barədə informasiya almağa çalışıb, ancaq o, hansı rəsmilərlə görüşdüyünü açıqlamayıb.
 
Bu arada Ermənistan prezidenti Armen Sarkisian aprelin 26-da deyib ki, ölkə tarixində “yeni səhifə” yaşayır.
 
“Bundan sonra dinc, mütəşəkkil və sivil hərəkatın ümumermənistan hərəkatına çevrildiyi yeni Ermənistanda yaşayırıq və bununla fəxr edə bilərik. Heç kəs bu yeni reallığı inkar edə bilməz”, – prezident Sarkisian bəyanatında deyib.
 
Ermənistanın hakim Respublikaçı Partiyası (HHK) bəyan edib ki, müxalifət lideriylə “istənilən məsələ”nin müzakirəsinə hazırdır. Bundan əvvəl partiya hakimiyyəti təslim etmək üçün onlara təzyiq göstərən Nikol Pashinian-ın şərtlərinin müzakirəsindən imtina edirdi.
 
Aprelin 25-də gecə verdiyi açıqlamada HHK onu da bildirir ki, bu həftə baş nazir postundan istefa vermiş Serzh Sarkisian-ı partiya sədrliyindən uzaqlaşdıracaq.
 
PASHİNİAN ULTİMATUM VERMİŞDİ
 
Bu açıqlama verilməmişdən partiya üzvləri Sarkisian və baş nazir vəzifəsini icra edən Karen Karapetian-al görüşüblər.
 
Bəyanatda deyilir ki, Sarkisian baş nazir seçiləndən cəmi altı gün sonra istefa vermək qərarını “daha detallı izah edib”.
 
2008-2018-ci illərdə prezident postunda olmuş Sarkisian HHK-nın nəzarət etdiyi parlament tərəfindən aprelin 17-də baş nazir seçilmişdi.
 
Bəyanata görə, keçmiş prezident HHK-dan olan deputatları “sabitliyi və ölkənin təhlükəsizliyi”ni əsas prioritetə çevirməyə çağırıb.
 
Görüşün “ikinci yarısı”nın Sarikisian-ın iştirakı olmadan keçirildiyi, hökumətlə etirazçılar arasında yaranmış çıxılmaz durumun müzakirə olunduğu bildirilir.
 
İştirakçılar “HHK fraksiyasının bütün tərəflərlə ilkin şərtlər olmadan istənilən məsələni müzakirə etməyə hazır olduğunu” elan etməyə razılaşıblar, bəyanatda belə deyilir.
 
HHK görüş keçirdiyi bir vaxtda Pashinian Yerevanda başqa bir böyük yürüşə liderlik edib, parlamentdən tələb edib ki, onu aralıq baş naziri təyin etsin və erkən seçki çağırsın.
 
“Respublikaçı Partiyasının xalqa qeyd-şərtsiz təslim olmasını tələb edirik”, – o deyib.
 
Pashinian tərəfdarlarını aprelin 26-da nümayişi davam etdirməyə, küçələri bağlamağa çağırıb.
 
Aprelin 25-də HHK-nın hakim koalisiyadakı tərəfdaşı – Ermənistan İnqilab Federasiyası (Dashnaktsutyun) hakimiyyətdən getdiyini açıqlayıb. Bəyanatında bildirib ki, parlament “xalqın etimad göstərdiyi” şəxsi baş nazir seçməlidir.
 
Aprelin 25-də parlamentdəki müxalifət bloku da Pashinian-ın baş nazirliyə namizədliyini verəcəyini bildirib.(azaldiq.org)
 

Google+ WhatsApp ok.ru