Şeyxülislamdan maraqlı “həcc ixtisarı”

QMİ sədri əlavə xərc və məsuliyyətdən can qurtarmaq üçün həccin əsas atributlarından olan Miqatda ehram bağlanılmasını ləğv edir

Bir qədər əvvəl “Yeni Müsavat”da həcc qadağaları başlıqlı bir yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, bu il ilk dəfə olaraq həccə gedən zəvvarlara əlavə öhdəliklər sənədi imzalatdırılır. Sənəddə zəvvarların dini təriqətlərarası qarşıdurma yaradaraq ölümə təhrik etməsi, zina və spirtli içki qəbul etmələri halında ölüm cəzası alacaqları ilə bağlı xəbərdarlıq edilir. Bundan başqa siyahıda başqa qadağalar da var. 
 
Ancaq ən mühüm dəyişiklik zəvvarların Məkkəyə çatdıqları zaman həcc əməllərinin əsas atributlarından biri olan ehram (tikişsiz iki parçadan ibarət həcc ziyarəti geyimi - K) bağlaması qaydaları ilə bağlıdır. Həcc ziyarətinin qaydalarına əsasən, Məkkəyə gəlib çatan zəvvar onun əsas girişlərindən birində ehram bağlayır. Bu girişlər “miqat” adlanır. Dini mətnlərdə qeyd olunur ki, Miqat elə bir yerdir ki, Həzrət Peyğəmbər (s.ə.s) o nöqtəni Allahın hərəminə daxil olmaq üçün sərhəd təyin edib. Həcc ziyarətinə gedən hər bir şəxs Miqatda ehram bağlayıb Məkkəyə daxil olmalıdır. Hacılar müxtəlif səmtlərdən gəldiklərinə görə miqatlar da müxtəlifdir. Şəcərə məscidi (Zül-huleyfə), Cühfə, Yələmləm, Qərnül-Mənazil, Əqiq vadisi kimi məntəqələr Həcc ziyarətinə gələn zəvvarların Məkkəyə daxil olmamışdan əvvəl ehram bağladıqları ünvanlardır. 
 
Azərbaycanlı zəvvarlar iki yol ilə ziyarətə getdiklərindən Şəcərə məscidi və Cühfə məscidində ehram bağlayırlar. QMİ isə bu qaydanı ləğv etməyə hazırlaşır. Yəni yeni qaydalara əsasən, zəvvarlar miqata aparılmayacaqlar. Bununla bağlı iki səbəb qeyd olunurdu: birincisi, miqata zəvvar aparılmasının baha başa gəlməsi və Səudiyyə Ərəbistanı hökumətinin qadağası. 
 
Yeri gəlmişkən, Şeyx və yaxın ətrafı məhz bu faktoru qabardıb ki, miqata zəvvar aparılması yerli hökuməti qəzəbləndirir. Ancaq bizə çatan bilgilərə görə, qadağa heç də Səudiyyə ərəbistanı hökuməti ilə əlaqəli deyil, hörmətli Şeyx özü miqat ənənəsindən imtina etməyə çalışır. Ancaq bununla bağlı tutarlı səbəb gətirə bilmədiyi üçün Şeyxülislam daha çox Səudiyyə hökumətinin üstünə atır. Ancaq bu barədə geniş ictimaiyyətə məlumat verilmir, çünki ictimaiyyətə bu qərarın ər-Riyaddan verildiyi elan olunsa, o zaman Səudiyyə hökuməti və ya burdakı səfirlik təkzib verər və məsələ daha da qəlizləşər. Bu səbəbdən də Şeyxülislam məsələnin daha çox sakit halda həllini tapmasını istəyir. 
Məsələ burasındadır ki, Azərbaycandan gedən zəvvar qrupları hazırda yalnız təyyarə ilə gedir və Ciddə hava limanında enərək avtobuslarla Məkkə şəhərinə gedirlər. Ciddədən Məkkəyə olan məsafə 247 kilometrdir. Məkkədən miqatın bağlandığı Şəcərə və ya Cöhfə məscidinə isə təxminən 100 kilometrlik məsafə var.
 
 Bu məsafə üçün təbii ki, əlavə xərc tələb olunur. Şeyxülislam ziyarətə gedənlərin hər biri üçün avtobus firmalarına əlavə vəsait ödəyərək onların miqata aparılmasını təmin edir. Bu isə 3500 və daha çox zəvvarı hesablayanda böyük məbləğ edir. QMİ sədri həm əlavə xərc, həm də işlərdən qurtulmaq üçün miqat ənənəsindən imtina olunmasını təklif edir. Bunun üçün yol zəvvarların miqatı, yəni ehram bağlanılmasını nəzir etməsi və Ciddədə aeroportdan enərkən ehram bağlamasıdır. Ancaq bu əməl zəvvar üçün, xüsusən də ziyarətdə bu işlərə rəhbərlik edənlər üçün əlavə məsuliyyət və ciddi zərurət olmadığı halda vacibdən imtina kimi ağır bir işdir. 
 
Bu baxımdan hazırda həcc təcrübəsi olanlar Şeyxin bu qərarından narazıdır. Ancaq QMİ sədri qərardan dönmək fikrində deyil, artıq həcc şöbəsinə bu barədə məlumat verilib. 
 
Kənan/Yeni Müsavat

Google+ WhatsApp ok.ru