Fazil Məmmədov ilin sonunadək 2 milyardı toplaya biləcəkmi?

İşgüzar aktivliyin aşağı düşməsi vergi yığımlarında bərbad vəziyyət yaradıb

2015-ci ilin 9 ayı ərzində vergi toplanışından dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb və məlum olub ki, bu müddətdə Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə 5 milyard 94 milyon 201,4 min manat vəsait daxil olub. Hesabat dövründə vergi orqanlarında 58 min 473 vergi ödəyicisi qeydiyyata alınıb.
 
Xatırladaq ki, dövlət büdcəsinə ilin sonuna qədər 7 milyard vəsait daxil olunması gözlənsə də, buna tam əməl edilməyib. Ilin sonuna az qaldığını nəzərə alsaq, bu qədər məbləğin büdcəyə yığılmasını təsəvvür etmək bir qədər mümkünsüzdür. Nəzərə alaq ki, 2 milyardı yığmaq üçün ilin qalan hər ayı üzrə 700 milyona yaxın vəsait ödənməlidir ki, nəzərdə tutulan məbləğin tamlığı mümkün olsun.
 
Iqtisadçı-ekspert Məhəmməd Talıblı "Azadlıq"a deyib ki, Vergilər Nazirliyində yığım əmsallarının aşağı düşməsi xarici ticarət dövriyyəsinin ötən illə müqayisədə 32 faiz azalması, buna uyğun ixrac-idxal əməliyyatları, ticarət dövriyyəsinin də azalmasıyla bağlıdır. Bu da həm vergi, həm də gömrük daxilolmalarında azalma deməkdir. Ekspertin sözlərinə görə, ölkənin xarici ticarət dövriyyəsinin azalması ÜDM-in azalmasıyla müşayiət olunur. Bu isə ölkədə vergi azalmalarıyla nəticələnir: “Ölkədə işgüzar aktivlik xeyli aşağı düşüb. 21 fevral tarixli devalvasiya qərarından sonra belə bir vəziyyət yaranıb. Vergi yığımlarının bu qədər aşağı səviyyəsi şübhəsiz ki, ölkədə Avropa Oyunlarıyla bağlı sürətli ”korrupsiya vergisi” yığımlarının daha çox olmasıyla bağlıdır. Həmin müddətdə sahibkarlardan öncədən vergilər yığılması və onlardan artıq vəsaitin tələb olunması faktları vardı. Sahibkarlar çətin vəziyyətdə idi və bundan sonra onların artıq vergi ödəmək imkanları da xeyli çətinləşmişdi.
 
Ölkədə topdansatış və ticarət şəbəkələrində xeyli bağlanmalar var. Eyni zamanda, kiçik müəssisələrin bir çoxunun bağlanması, böyük müəssisələrdə kütləvi ixtisarların baş verməsi ölkədə işgüzar aktivliyin azalmasıyla müşahidə edilir. Işgüzar aktivliyin aşağı düşməsi də vergi ödəmələrinin mümkünsüzlüyünü, yəni nisbi vergi yığımının mümkün olacağını deməyə əsas verir”.
 
M.Talıblının fikrincə, ilin sonunda hansısa vergi  qanunlarının sərtləşdirilməsi hesabına vergilərin yığılması prioritet ola bilər. Ekspert onu da əlavə edir ki, neftdən daxilolmaların azalması fonunda belə bir mənzərənin ortaya çıxması tamamilə təbiidir. 

Google+ WhatsApp ok.ru