FTX Nemtsovun qətlini İsa Sadıqovun batalyonuna “yüklədi”

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) müxalifət lideri Boris Nemtsovun qətlinin Donbasda Ukrayna tərəfində döyüşən könüllülər batalyonunun komandiri Adam Osmayev tərəfindən təşkil olunduğunu sübut edən yeni dəlillərə malikdir.
 
Bu barədə “İzvestiya” qəzeti yazıb. Qəzet Nemtsovun qətlinin Azərbaycan müdafiə nazirinin keçmiş müavini, hazırda mühacirətdə olan polkovnik İsa Sadıqovun qərargah rəisi olduğu batalyonun komandiri tərəfindən təşkil olunduğunu hələ martın 3-də yazıb.
 
Yazıda iddia edilirdi ki, Donbasda Ukrayna tərəfində döyüşən və Cövhər Dudayevin adını daşıyan könüllülər batalyonunun komandiri bu qətli Kiyevin sifarişi ilə təşkil edib. Məqsəd Rusiyaya qarşı beynəlxalq təzyiqlərə nail olmaqdır.
Adam Osmayev
 
Martın 13-də Rusiya hüquq-mühafizə orqanları Moskva çayından Nemtsovun qətlində istifadə edilən iki tapançanın tapıldığını açıqlayıblar.
 
“İzvestiya” iddia edir ki, istintaq qətlin Adam Osmayevin başçılıq etdiyi çeçen yaraqlıları tərəfindən təşkil edildiyinə dair yeni sübutlar da ortaya çıxıb. Məlumatı qəzetə FTX-dəki mənbələr verib.
 
“Tətiyi bilavasitə Zaur Dadayev çəkib. O, əvvəlcə qətli törətdiyini etiraf edib, sonra vəkillərinin məsləhəti ilə ifadəsindən imtina edib... Zaur Dadayevin həbs olunandan dərhal sonra televiziya kameralarına dediyi “Mən Məhəmməd peyğəmbəri sevirəm” sözləri sadəcə nəzəri yayındırmaq üçündür. Qətldə heç biri dini motiv olmayıb. Onlar həyasızcasına sifarişi yerinə yetiriblər. Bu adamlar dindar müsəlman deyillər. Mahiyyətcə əsl quldurlardır.
Zaur Dadayev
 
Ən başlıcası isə qətlin icraçısı Adam Osmayevlə sıx bağlıdır. Onlar görüşüblər, mobil telefonla xeyli danışıblar. Zaur Dadayev və onunla əlbir olanlar Ukraynanın işləri üzrə Osmanovla əməkdaşlıq ediblər. Həmçinin Ukrayna ərazisində Kiyevdəki hakimiyyətin tərəfində döyüşən çeçenlərlə. Zaur Dadayev Çeçenistan DİN-in “Şimal” batalyonunda yer alıb, ancaq orada xidmət edə-edə faktiki olaraq Rusiyaya qarşı iş aparıb” - deyə FTX-dəki mənbə bildirib.
 
Hazırda Rusiya xüsusi xidmət orqanları Z.Dadayevin Adam Osmayevlə bütün mümkün əlaqələrini araşdırır. Əsas versiya Nemtsovun qətlinin təşkil edilməsinə dair sifarişin Osmayevə Ukrayna xüsusi xidmət orqanları tərəfindən verilməsidir.
İsa Sadıqov
 
Dudayev adına batalyon ötən il keçmiş çeçen səhra komandiri İsa Munayev tərəfindən yaradılıb. Batalyonun qərargah rəisinin polkovnik İsa Sadıqov olduğu açıqlanıb.
 
Lakin İsa Sadıqov mühacirətdə olduğu İsveçdən qayıdıb Ukraynadakı döyüşlərə qatılmaq fikrindən daşınıb və onun batalyona qərargah rəisi təyin olunması da formal mahiyyət kəsb edib.
 
İsa Sadıqov müsahibələrində İsa Munayevlə o vaxt telefonla danışdığını təsdiq etsə də batalyonun tərkibində yer almadığını açıqlayıb.(Virtualaz.org)

Google+ WhatsApp ok.ru