GMO meyvə-tərəvəzi necə tanımaq olar?- ARAŞDIRMA

Bütün dünyanı cənginə almış GMO-lu meyvə-tərəvəz Azərbaycana 90-cı illərdə "ayaq açıb".
 
Ölkənin istənilən bölgəsində bütün bazarları "zəbt edən" bu məhsulları bir çoxumuz "bəh-bəh"lə alırıq, gözəlliyinə valeh oluruq, ən əziz qonağımıza təklif edirik. Bəzilərimiz isə bazarın künc-bucağında bürüşən, saralıb-solan, görünüşü heç də ürəkaçan olmayan meyvələri alırıq. Bu meyvələrin daha sağlam, daha güvənli olduğunu bildiyimiz üçün.
 
İndi istənilən meyvə-tərəvəzi istənilən vaxt yetişdirmək olur
 
Son illərdə təbii mövsümü olmayan meyvə-tərəvəzin satışı və alışı artıb. Lakin mütəxəssislər bildirirlər ki, hər meyvə tərvəz öz təbii yetişmə dövründə yeyiməlidir. Çünki bu halda o təbii və sağlam olur, həm də orqanizm hər meyvəni öz vaxtında daha rahat mənimsəyə bilir.
 
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun dediyinə görə, soyuğa, istiyə dözümlü sortlar artıq bizim respublikada da yetişdirilir. Fermer məhsuldarlıq olsun deyə çalışır ki, bitkiyə yaxşı, vaxtlı-vaxtında qulluq etsin, torpaq sahələrinə həm üzvi, həm də mineral gübrə versin. Ona görə də istədiyi vaxtda məhsul götürə bilir".
 
"Alma alanda qurdlusunu alın"
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, mümkün qədər gözəl görünüşlü, "gəl-gəl" deyən məgsullardan uzaq durmaq lazımdır: "Qarpız alarkən tumu böyük olan qarpız alın, elə pomidor alın ki, kəndli onun toxumundan gələn il toxum tuta bilir. Toxumu tutulmayan məhsullardan uzaq olun. Həftə ilə qalan pomidorlar GMO-ludur. Almaya qurd dəymirsə, üzərində "kələ-kötür"ü yoxdursa onu almayın. Çox iri kartoflar, qarğıdalı, portağalın çoxu GMO-dur ".
 
Hazırda bazarlar Türkiyədən, Gürcüstandan gətirilən limon, portağal, naringi ilə doludur. Onların az qala hamısı GMO-dur. Halbuki ki bizim yerli limon, narıngi tamamilə təbii və sağlamdır. Yerli limonu azca çərtib burnuna tutanda çox sərt iyi hiss olunur, dadı çox turş olur, GMO limonun isə turşüluğu və ətri az olur.
 
Qanun nə deyir?
 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev "Azadinform"a bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" haqqında qanun qəbul edilib: "Həmin qanunda GMO-lu məhsulların qadağan olunması haqqında maddə var. Digər qanunvericilik aktları da var ki GMO-nun istehsalını və satışını qadağan edir. Laboratoriyalarda yoxlamadan sonra elə meyvələr Azərbaycana gətirilə bilməz".
 
Qeyd edək ki, ekspertlər qarpız-yemişin yetişdirilməsində nitrat tərkibli azot gübrəsindən ifrat istifadənin orqanizm üçün fəsad yaratdığını xüsusilə vurğulayırlar. Azərbaycana qarpız əvvəllər İspaniyadan gətirilirdi, amma indi İrandan gəlir. İranda havaların nisbətən daha isti keçməsi bu giləmeyvələrin yetişməsini bir qədər tezləşdirir, amma ekspertlər bu məhsulların GMO ola biləcəyini istisna etmirlər.
 
Ona görə də, ən yaxşısı budur ki, yerli meyvə-tərəvəzə üstünlük verək, həm də öz təbii vaxtında yetişəninə.

Google+ WhatsApp ok.ru