`Google` ekstremizmlə necə savaşaq?

`Google` ekstremizmlə necə savaşaq?

"Terrorçuluq açıq cəmiyyətlərə hücumdur və zorakılıqla nifrətin ortaya qoyduğu bu hədə hamımızın qarşısında vacib problem kimi durur. "Google" və "YouTube" bu yöndə işlərə töhfəsini verməyə hazırdır. Hökumətlər, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti qrupları ilə işləyərək internetdə zorakı ekstremizm probleminin həllinə çalışırıq. Bizim xidmətlərdə terrorçu kontentə yer olmamalıdır".
 
Bunu "The Financial Times" qəzetində Google şirkətinin aparıcı vitse-prezidenti və baş müşaviri Kent Walker yazır.
 
Müəllif onların siyasətini pozan kontentin müəyyənləşdirilib pozulmasından ötrü illərlə işlədiklərini vurğulayır. Di gəl, acı həqiqət ortadadır – daha çox iş görülməlidir.
 
Google bu yöndə dörd əlavə addım atılacağını bildirir.
 
EKSPERTLƏRİN SAYI ARTIRILIR
Birincisi, şirkət ekstremist və terrorçu videoların müəyyənləşdirilməsinə kömək edən texnologiyadan istifadəni gücləndirir. Düzdür, terror hücumunu göstərən bir video BBC üçün informativ xarakterli, fərqli kontekstdə, fərqli istifadəçi tərəfindən yükləndikdə isə zorakılığın tərənnümü sayıla bilər.
 
"Son 6 ayda terrorçuluqla bağlı kontentin 50 faizini tapıb dəyərləndirilməsində video təhlil modellərindən istifadə etmişik…", – vitse-prezident yazır.
 
İkincisi, texnologiya ayrılıqda sehrli çubuq deyil deyə, Google YouTube-un "Trusted Flagger" proqramında çalışan müstəqil ekspertlərin də sayını artırmağı planlayır. Maşınlar problemli videoları aşkarlaya bilər, ancaq ekspertlər zorakılığın təbliğatıyla, dini, yaxud xəbər kontentini fərqləndirə bilər.
 
Google üçüncü addım kimi şirkətin siyasətini açıq şəkildə pozmayan videolarla bağlı daha sərt mövqe tutmaqda görür. Məsələn, bu, qızışdırıcı dini, yaxud şovinist ideyalar təbliğ edən kontentə aid ola bilər. Gələcəkdə həmin videolarla bağlı xəbərdarlıq olunacaq, onlardan pul qazanmaq mümkün olmayacaq, tövsiyə edilməyəcək və şərhlərə də bağlanacaq. Sonucda bu cür videoları tapmaq da çətinləşəcək.
 
BİRGƏ İŞ
Və nəhayət, "YouTube" radikallaşmaya qarşı işlərdə rolunu genişləndirəcək. Sosial şəbəkənin "Creators for Change" proqramı uğurlu olub və hədəfi də nifrət və radikallaşmaya qarşı ucadan danışmaqdır.
 
"Google" rəsmisi onu da qeyd edir ki, sənaye sektorundakı həmkarları – "Facebook", "Microsoft" və "Twitter"-lə işləməyə başlayıb, texnologiyanın paylaşılması və inkişafı, daha kiçik şirkətlərə dəstək məqsədiylə beynəlxalq forum yaradılıb.
 
"Birgə çalışsaq, bu dəyişikliklərin bir nəticəsi olacaq. İstədiyimizə nail olunanadək işləyəcəyik. Ekstremistlər və terrorçular təkcə təhlükəsizliyimizə hücum etmirlər, həm də dəyərlərimizi hədələyirlər; cəmiyyətlərimizi açıq və azad edən dəyərləri. Buna imkan verməməliyik", – K.Walker vurğulayır. (azadlıqradiosu) /                      

Google+ WhatsApp ok.ru