Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə üç dildə radio fəaliyyətə başlayacaq

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə "Marneuli" radiosu fəaliyyətə başlayacaq.
 
Radio Azərbaycan, gürcü və rus dillərində yayımlanacaq.
 
Layihə Gürcüstanda fəaliyyət göstərən Re Studiyası və BBC-nin Gürcüstan üzrə nümayəndəliyinin köməyi ilə həyata keçiriləcək. Məlumata görə, üç dildə yayımlanacaq radionun əsas məqsədi Marneuli əhalisinin ictimai fəallığının yüksəldilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi, informasiya qıtlığının aradan qaldırılmasıdır. Tezliklə fəaliyyətə başlayacaq "Marneuli" radiosu bölgədə yaşayan vətəndaşların arzusu əsasında müxtəlif məzmunlu verilişlər hazırlamağı planlaşdırır.
 
Radionun yaradıcılarından biri olan Kamilə Məmmədova bildirib ki, ilkin mərhələdə “Xalqın səsi” Jurnalistlər Birliyinin layihəsi olan radioya 10 nəfər jurnalist işə götürüləcək: “Yayımın əhatə dairəsinə yalnız Marneuli bölgəsi daxil olacaq. Biz radio verilişlərinə marağı olacaq kadrları müsabiqə yolu ilə seçəcəyik. Bu işlə xüsusi komissiya məşğul olacaq. Radio üçün seçiləcək kadrlara yaş məhdudiyyəti qoyulmayacaq. Önəmli olan odur ki, radioda çalışmaq istəyən vətəndaşın peşəkarlığı, məqsədi və ideyaları bizi qane etsin. Seçim komissiyasının üzvləri Gürcüstanda jurnalistika sahəsində çalışan qələm sahibləri olacaq. Seçilən kadrlar üçün iyulun 19-dan başlayaraq treninqlər təşkil olunacaq".
 
K. Məmmədova "Marneuli" radiosu lisenziya alanadək internet vasitəsilə yayımlanacağını da bildirib.

Google+ WhatsApp ok.ru