Gürcüstanda İmam Rzanın (ə) mövludu münasibətilə mərasim keçirilib - FOTO

Gürcüstanda İmam Rzanın (ə) mövludu münasibətilə mərasim keçirilib - FOTO

Bu gün Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.
 
Maide.Az xəbər verir ki, İmam Rza (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə din xadimləri, millət vəkili, rayon bələdiyyəsinin nümayəndələri, elm və ictimaiyyət xadimləri, rayon və ətraf kəndlərdən inanclı müsəlmanlar iştirak edib.
 
Məscidin axundu Kərbəlayi Çingizin aparıcılığı və giriş sözü ilə keçirilən mərasim Quran qiraətçisi Hacı Rza Cəfərinin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb. 
 
Mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ruhanilərindən Kərbəlayi Mahir Məmmədov, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, Marneuli rayon Bələdiyyə sədrinin müavini Mamuka Naveriani və digər şəxslər çıxış edərək əziz gün münasibəti ilə dünya müsəlmanlarını və məclis iştirakçılarını təbrik etdilər.
 
Çıxış edənlər imamət səmasının 8-ci parlaq ulduzu İmam Rzanın (ə) həyatından və kəlamlarından örnəklər söyləyərək Əhli-beyt (ə) imamlarının bəşəriyyətə nümunə olduqlarını və müsəlmanların üzərində olan haqları haqqında danışdılar. Belə mərasimləri keçirməklə Həzrət Peyğəmbər (s) və ailəsini yad etmənin və İmam Rza (ə) və digər imamların ziyarətlərində olmanın məqsəd, fəlsəfə və  fəzilətlərindən söz açdılar.
 
Şirniyyat süfrəsi ətrafında keçirilən mərasim “Nuri Taha” İlahi nəğmələr qrupunun oxuduğu şeir və ilahilərlə davam edib. 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru