Hakimiyyətdaxili savaşın pik dövrü: Kimlər sıradan çıxdı, kimlər önə keçdi?

Hakimiyyətdəki qruplaşmalar arasında savaş pik dövrünü yaşayır. Bu son günlər iqtidar ətrafında baş verənlərdən də aydın görünür. Müşahidələr göstərir ki, savaşın şiddətlənməsi bir neçə qruplaşmanın sıradan çıxması ilə nəticələnib. Bu sırada nəqliyyat naziri Ziya Məmmədov və komandasını, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və qruplaşmasını nümunə göstərmək olar.
 
Ziya Məmmədov son dövrələrə qədər hakimiyyətdə ən güclü fiqurlardan biri idi. Lakin bir müddət əvvəl nəqliyyat nazirinin “vurulması” prosesinə start verilib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin əhəmiyyətli hissəsi alınıb, Ziya Məmmədovun iqtisadi imperiyasına əl qoyulub və s. Artıq Ziya Məmmədov əvvəlki gücdə deyil. Onu savaşda tamamilə məğlub hesab etmək olar.
 
Eldar Mahmudova gəlincə, o, heç postunu da qoruya bilmədi. Hətta keçmiş nazirin həbs olunması məsələsi gündəmdədir. Eldar Mahmudov da iqtisadi imperiyaya, mediaya sahib iri fiqurlardan biri idi. Onun hakim ailə yaxınlığı gücünü daha da artırmışdı. Lakin qruplararası savaşda keçmiş MTN şefi ağır məğlubiyyətə uğradıldı.
 
Hakimiyyətdəki mənzərəyə diqqət etdikdə görürük ki, bu savaşdan iki qruplaşma qalib çıxıb: Ramiz Mehdiyev və Fuad Ələsgərov qruplaşması.
 
Ramiz Mehdiyevin səhhətində problem yarananda onun komandasında çaşqınlıq yaranmışdı. Digər qruplaşmalar təşəbbüsü demək olar ki, tam ələ almışdı. Hətta Ramiz Mehdiyevin kompitensiyasına daxil olan seçki prosesinin idarə edilməsini də digər qruplaşmalar nəzarətə götürməyə can atırdı. Parlament seçkilərindən əvvəl “dialoq müxalifəti”nin, bəzi media rəhbərlərinin seçkiyə can atması da bununla bağlı idi. Təşəbbüsü ələ alan qruplaşmalar vaxtilə Ramiz Mehdiyevin kurasiya etdiyi ictimai-siyasi fəalları, media rəhbərlərini öz tərəfinə çəkə bilmişdi. Lakin Ramiz Mehdiyev müalicəsini başa vurduqdan sonra yenidən təşəbbüsü ələ ala bildi. Bu məsələdə ona Azərbaycan hakimiyyətilə Qərb arasında gərginliyin dərinləşməsi yardımçı oldu. Ümumiyyətlə, müşahidələr göstərir ki, Ramiz Mehdiyev hakimiyyətlə Qərb arasında münasibətlər kəskinləşəndə fəallaşır və fürsətdən istifadə edərək rəqiblərini sıradan çıxarır. Bu dəfə belə oldu.
 
Fuad Ələsgərovun qruplaşmasına gəlincə, ASAN Xidmət layihəsindən sonra bu qruplaşma az da olsa önə çıxmışdı. Sonradan qruplaşmanın media sektoruna əl qoyması, siyasi layihələrə imza atması Fuad Ələsgərov və komandasının hakimiyyətdə ciddi qüvvəyə çevrildiyi qənaəti yaradırdı. Qruplaşmaya daxil olan Penitensiar Xidmətin keçmiş rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi bu qənaəti daha da gücləndirdi.
 
Beləliklə, hazırda iki qruplaşma öndədir. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, Fuad Ələsgərov və Ramiz Mehdiyev arasında münasibətlər o qədər də yaxşı deyil. Bu Ramiz Mehdiyevə müavinlər təyin ediləndə özünü daha qabarıq şəkildə biruzə verdi. Prezident Administrasiyasının (PA) rəhbəri vəzifəsində sonra PA-da ikinci mühüm post sayılan hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsidir. Lakin subardinasiyaya görə Fuad Ələsgərovdan sonra gələn Novruz Məmmədov, Zeynal Nağdəliyev Ramiz Mehdiyevə müavin təyin edilsə də, ona bu post verilmədi…(azadlıq)

Google+ WhatsApp ok.ru