Hansı banklar əhalidən kreditləri ala bilmir?

Azərbaycanda banklara qaytarılmayan kreditlərin həcmi rekord həddə çatıb. Mərkəzi Bankın yanvar ayına olan hesabatına görə, belə vəsaitlərin həcmi 1 milyard 30 milyon manatı haqlayıb. Qeyd edək ki, ötən ilin problemli kreditlərin həcmi 976 milyon manat təşkil edib. Hazırda bu, ümumi kredit portfelinin 5.5 faizi həcmindədir. Bu ilin yanvar ayında ölkə iqtisadiyyatına ümumi kredit qoyuluşlarının həcmi isə 18.5 milyard manat təşkil edib.  
 
Hansı bankda vaxtı keçmiş kreditlərin həcminin nə qədər olmasını öyrənmək üçün qısa bir araşdırma apardıq. Təəssüf ki, ölkənin 43 bankından bəziləri öz maliyyə göstəricilərini açıqlamadığından, tam siyahını tərtib edə bilmədik. Əldə etdiyimiz məlumatlar isə aşağıdakılardan ibarətdir:
 
- "AzəriqazBank"ın maliyyə göstəricilərinə görə, ötən il 49,1 milyon manat müştərilər tərəfindən qaytarılmayan borc olub. Bu ilin yanvar ayında problemli kreditlər artaraq 55,6 milyon manata qədər yüksəlib. 
 
- "Bank of Baku"nun ötən ilə dair maliyyə göstəricilərinə görə, vaxtı keçmiş kreditlərinin həcmi 47,8 milyon manat olub. Bunun 41,6 milyonu fiziki şəxslərə verilən kreditlərdir. Qalan borc kənd təsərrüfatı, ticarət və xidmət sektoru arasında bölünür. 
 
- "Paşa Bank"ın ötən ilə dair maliyyə göstəricilərinə görə vaxtı keçmiş kreditlər 34,2 milyon manat təşkil edib ki, bu ümumi portfeldə 6,3 faiz paya malikdir. 
 
-"Bank Avrasiya"nın ötən ilə dair hesabatına görə, banklara və müştərilərə verilmiş kreditlər üzrə vaxtı keçmiş borcun  həcmi 12,7 milyon manat olub ki, bu da ümumi kredit portfelinin 19,3 faizini təşkil edir.     
 
- VTB Bankın müştərilərinin banka ödəmədikləri borc isə  ötən il 21,2 milyon manat olub. Hesabatda ümumi portfeldə həcminin 7,6 faiz təşkil etdiyi göstərilir.
 
- "Amrahbank"ın dekabrın 8-i 2014-cü ilə dair məlumatı qeyd edilir ki, vaxtı keçmiş kreditlərin həcmi azalıb. Əgər 2013-cü ildə vaxtı keçmiş kreditlərin həcmi 16,3 milyon manat olubsa, ötən il bu rəqəm 11,5 milyon manata qədər düşüb. Qaytarılmayan kreditlərin əsas strukturunu isə özəl təsərrüfat cəmiyyətləri, istehlak kreditləri və sahibkarlıqla məşğul olan fiziki şəxslər təşkil edir. 
 
- "Yapı krediti" Bank da 12,7 milyon manat olmaqla ümumi kredit portfelinin 13 faizini təşkil edir.
 
 - "Rabitə Bank"ın kredit portfelində qaytarılmayan borcların çəkisi 4,4 faiz olmaqla, 10 milyon manat təşkil edib. 
 
- "Bank Silk Way"ın səbətində vaxtı keçmiş kreditlərinin həcmi 7,1 milyon manat olub. Portfeldə çəkisi isə 4 faizdir.
 
- "Turan Bank"da isə ötən il belə vəsaitlərin çəkisi 7,2 milyon manat olub. Buraya fiziki şəxslərə verilən kreditlər, kənd təsərrüfatı və xidmət sektoruna qoyulan vəsaitlərin geri qaytarılmasında problemlər yaşanıb. 
 
- "AFB Bank"ın ötən ilin 3-cü rübünə dair məlumatına görə, problemli kreditlərin həcmi 7,4 milyon manat təşkil edib. Bu, ümumi kredit portfelində 3,4 faiz nisbətə bərabərdir. 
 
- "Access Bank"ın ötən ilə dair məlumatında deyilir ki, problemli kreditlərin həcmi 7,5 milyon manat olub. Bu isə ümumi kredit portfelinin 0,92 faizi həcmindədir. 
 
- Dəmir Bank ötən ildə 7,5 milyon manat problemli kreditlə üzləşib. 
 
- Ötən il "NBC" Bankın qaytarılmayan borcları 6 milyon manata yüksəlib. Onun 5,3 milyonunu fiziki şəxslərə verilən kreditlər təşkil edib.
 
- "Bank Respublika"nın 2014-cü ilə dair məlumatına əsasən isə, problemli kreditlərin həcmi 5 milyon manat olub ki, bu da ümumi portfeldə 1,63 faiz paya malikdir. 
 
- "DekaBank"ın keçən ilin üçüncü rübündə vaxtı keçmiş kreditlərinin həcmi 5,3 milyon manat təşkil edib. Dördüncü rübə dair isə məlumat hələ ki, yerləşdirilməyib.
 
- "Express Bank"da isə belə vəsaitlərin həcmi 4,8 milyon manat olub. 
 
- Qafqaz İnkişaf Bankının ötən ilə dair maliyyə göstəricilərinə görə, müştərilərin ödənməyən borcu 2 milyon manat təşkil edib.
 
Təəssüf ki, "Ata bank", "AtraBank", Azərbaycan Kredit Bankı, "Azəri-Türk Bank", "Bank of Azerbaijan", "Standard Bank", "Günay Bank", "Kapital Bank", "Muğan Bank", "Unibank", "Xalq Bank", "United Kredit Bank", "Zamin Bank", "Nikoil Bank" ötən ilə dair vaxtı keçmiş kreditlərlə bağlı tam məlumatlarını açıqlamayıblar. Adları çəkilən bankların bəziləri ən yaxşı halda 3 rübə qədər olan dövrü açıqlayıb. 
 
Ekspertlərin fikrincə, problemli kreditlərin artmasının səbəbi uzun müddət kreditləşmədə əmələ gələn problemlərlə bağlıdır. Belə ki, kommersiya bankları faiz dərəcələrinin yüksək olmasından istifadə edərək daha çox gəlir əldə etmək üçün nizamsız kredit siyasəti həyata keçirdilər. Onların rəsmiləşdirilməsində mövcud olan çatışmazlıqlar, eyni zamanda kütləviləşməsi vəziyyəti bir az gərginləşdirdi. Daha sonra Mərkəzi Bank yaranmış vəziyyətin qarşısını almaq üçün inzibati yollarla müdaxilələr etməyə başladı. Ötən istehlak kreditləri ilə bağlı şərtlər sərtləşdirildi, avtokreditlərin verilməsini isə dayandırdı. Çünki problemli kreditlərin tərkibində məhz istehlak kreditləri daha çox üstünlük təşkil edirdi. Lakin 2014-cü ilə qədər yaranmış problemi bir il ərzində həll etmək mümkün olmadığı aydın görünür. Artıq neftin qiymətinin ucuzlaşmasından, manatın devalvasiyası ilə bağlı işartılardan sonra, yəni dekabr, yanvar aylarında ödənilməyən borcların sayı daha da artdı. Ekspertlərin fikrincə, bir neçə aydan sonra devalvasiya nəticəsində problemli kreditlərin həcmi artaraq 2-3 milyard manata çata bilər. (Bizim Yol)

Google+ WhatsApp ok.ru