Hansı deputatlar mandatsız qala bilər?

YAP siyahısında dəyişiklik etməyə hazırlaşır

YAP-çı deputat Siyavuş Novruzov 2015-ci ildə keçiriləcək parlament seçkilərində YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacağını bəyan edib. Siyavuş Novruzov bu barədə Trend-ə müsahibəsində danışıb. “Hesab edirəm ki, parlament seçkilərində dəyişikliklər olacaq.

Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək”,- deyə YAP-çı deputat bildirib.

YAP-ın parlament seçkilərində siyahısına yenidən baxacağı əvvəlcədən bəlli idi. Çünki deputatlardan hakimiyyətin ümidlərini də doğrultmayanlar da var. “Azadlıq”a daxil olan məlumatlara görə, bu ilki parlament seçkilərində ilk vurulacaq deputatların sırasında adı nurçularla əlaqədə hallandırılan şəxslər ola bilər. Bundan başqa bəzi məmur-deputatlar, xüsusilə Milli Məclis üzvü olan rektorlar bu ilki seçkidə parlamentdən kənarda qala bilər. Məlumatlarda bildirilir ki, yaşlı deputatların da əvəzlənməsi gözlənilir.

Ümumiyyətlə isə parlament seçki ərəfəsində hakimiyyət daxilində hansı qruplaşmanın önə çıxmasından asılı olaraq formalaşdırılacaq.

 

Google+ WhatsApp ok.ru