İşçiləri Eldar Mahmudovu pis vəziyyətdə qoyub

Həbs olunan MTN əməkdaşları bütün məsuliyyəti keçmiş nazirin üzərinə qoyub

“MTN işi” ilə həbs olunanlar istintaqa ifadələrində bütün məsuliyyəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun üzərinə atıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, onlar göstəriş olmadan heç bir addım atmadıqlarını bildiriblər. MTN-in həbs olunan əməkdaşları baş verənlərdə əsas təqsirin rəhbərlikdə olduğunu bildiriblər.
 
“Eldar Mahmudovu Ramil Usubov iki dəfə sistemdən qovub”
 
“Baş Prokurorluğun məlumatı ilə tanış olanda dəhşətə gəldim. Bir nazirlikdə ki, 19 nəfər həbs edilib, biri ev dustağıdır, daha biri də axtarışdadır, bu, dəhşətdir. Bunu oxuyanda dedim ki, Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki?”. Bu sözləri isə AzadlıqRadiosuna tanınmış vəkil Əyyub Kərimov “MTN işi” ilə fikirlərini bölüşərkən deyib. O, əlavə edib ki, Eldar Mahmudovun baş verənlərdən xəbərsiz olması inandırıcı deyil: “O ki qaldı, nazirin bu dəstədən xəbərsiz olmasına, bu, qətiyyən mümkün deyil! Rəhbərliyin xəbəri olmaya bilməzdi. Maraqlısı bilirsiniz nədir? Eldar Mahmudovu Ramil Usubov iki dəfə sistemdən qovub. Qoy, indi nazir açıqlasın, nəyə görə onu işdən çıxarmışdı? Mən Usubovun tərəfdarı deyiləm, ancaq məncə, o, vaxtında Eldar Mahmudovun yararsız kadr olduğunu görmüşdü. Mətbuata müsahibəsində Eldar Mahmudovu vəzifəyə gətirdiyini söyləyən keçmiş daxili işlər naziri Vaqif Novruzov demişdi ki, keçmiş milli təhlükəsizlik nazirinə milli qəhrəman adı verilməlidir. Nəyə görə, hansı işinə görə qəhrəmandır? Budur milli qəhrəman? Bizneslə məşğul olan, uzun müddət xaricdə yaşayan adamı niyə birdən-birə nazir qoydular? Eldar Mahmudov Ramil Usubovu məğlub edə bilmədi. Ona görə də Hacı Məmmədovu orda saxladı, ona xüsusi şərait yaratdı. Yadınızdadırsa, Hacı Məmmədov həbsxanada tablolar çəkirdi, bir onun sərgisini keçirməkləri qalmışdı. O tablolar haqqında da mərhum Elçin Behbudov mətbuata danışmışdı. Sizcə, o tablolar kimin sifarişi ilə çəkilirdi? Orda qadın, şir, qaraeynəkli oğlan obrazları vardı. Hacı Məmmədov nəyə işarə edirdi? Orda böyük simvollar vardı”.
 
MTN-dəki dəstə Hacı Məmmədovun işarə etdiyi bandalardan biri ola bilər
 
Əyyub Kərimov istisna etmir ki, MTN-dəki dəstə Hacı Məmmədovun məhkəmə zamanı işarə vurduğu bandalardan biridir:
 
“Hacı Məmmədovun dəstəsi 2005-ci ildə ifşa edildi. Bu, hazır əməliyyat idi, keçirilməsi, sadəcə, MTN-ə həvalə edildi. Onların da bundan başları gicəlləndi. Ikincisi də, valyutadəyişmə məntəqələrinə hücumla bağlı əməliyyat idi, səhv etmirəmsə, 2008-ci ildə. Baş Prokurorluq istintaqı aparmışdı, əməliyyat tapşırığı yenə MTN-ə verilmişdi. Nazirliyin bundan başqa yaddaqalan işi olmayıb. Mən nə Usubova, nə Hacı Məmmədova haqq qazandırıram. Onlarla bağlı yazdıqlarım da qalır. Ancaq bu gün müqayisə edəndə, utanırsan. Hacı Məmmədov deyirdi ki, mən osminoqun bir ayağıyam, amma bizdən də dəhşətli dəstə var. O, işarə verirdi ki, artıq dəstə fəaliyyətə başlayıb. Hacının dəstəsi DIN-in binasına adam gətirib hədə-qorxu gəlməmişdi, amma bunlar nə qədər adamı MTN-ə gətiriblər”.
 
Tanınmış vəkil Eldar Mahmudovun da həbs olunmalı olduğu deyib: “Saxlanılanların içində 6-7 general var, bəlkə də çoxdur, saymamışam. Bu böyüklükdə işdən nazirin xəbəri yoxdursa, o, yenə də məsuliyyət daşıyır. Cinayət Məcəlləsində bununla bağlı səhlənkarlıq maddəsi var. Daha nə olmalıdır ki, nazir həbs edilsin? Yadınızdadırsa, bu ilin əvvəlində Baş Prokurorluq özünü MTN işçisi kimi təqdim edən 6-7 nəfərlik dəstənin dələduzluqla məşğul olması haqda məlumat yaydı. Hər şey oradan başlandı. Onlardan biri Loğman Abdullayev həqiqətən də MTN işçisi idi. Bu adamları da DIN-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları saxlamışdı. DIN bundan sonra revanş götürdü”.
 
Əyyub Kərimov MTN-dəki dəstə ilə bağlı bir maraqlı faktı da diqqətə çatdırıb: “Mən bir epizodla bağlı vətəndaş Ilqar Səfərovun hüquqlarını müdafiə edirəm. Onun şikayəti əsasında Baş Prokurorluğa rəsmi müraciət etmişik. MTN müstəntiqi mənim hüquqlarını müdafiə etdiyim şəxsə deyib ki, banka qoyduğun 50 min manatı bizə verməlisən, yoxsa 200 kvadratmetrlik obyektinin başına oyun açacağıq. Həmin MTN müstəntiqi Vüsal Ələkbərov indi 2 milyon manata yaxın rüşvət almaqda ittiham olunur. Biz tələb edirik ki, müstəntiqlə Ilqar Səfərov üzləşdirilsin. Təbii ki, həmin şəxslərin qoyun, donuz ferması, başqa nələri varsa, satılmalıdır və zərərçəkmişə dəyən ziyan ödənilməlidir? Baş Prokurorluğa ”sağ ol” düşür ki, azca da olsa, pərdəni qaldırdı, MTN-də beş dəstədən söhbət gedir, gör bunlar nələrlə məşğul olublar. Yəni bu boyda şeyi görməmək mümkün idi? Biz korlar şəhərində yaşamırıq ki. Hesab edirəm ki, Eldar Mahmudov qandallanmalıdır. Bu, baş verməsə, demək ki, onu müdafiə edən var və ortada siyasi iradə yoxdur. Bu qüvvə kimdir, mən bilirəm, ancaq deməyəcəyəm. Ancaq yenə deyirəm, Eldar Mahmudov da, Əli Abbasov da həbs edilməlidir”.
 
“Nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyətə cəlb olunmalıdır”
 
Sabiq polis rəisi, tanınmş hüquqşünas Mahmud Hacıyev də Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında “MTN işi” ilə bağlı maraqlı fikirlər səsləndirib. Mahmud Hacıyevin diqqət çəkdiyi məqamlardan biri, “MTN işi” ilə bağlı baş verənlərə görə Akif Çovdarovun “baş müqəssir” qismində qələmə verilməsidir ki, keçmiş polis rəisi bunu məntiqli saymır: “Çovdarovun həbsindən öncə də, onun həbsindən sonra da maraqlı bir tendensiya müşahidə edildi. Belə ki, bəzi qurumlar sanki bilərəkdən, bəziləri isə bilməyərəkdən hadisələrin bütün foksunu Akif Çovdarova yönəltməyə başladılar. Bütün məsələlərdə yalnız onun adını hallandırır, baş verənlərə görə bir tək onu ittiham edirdilər.
 
Keçmiş əməliyyatçı-istintaqçı kimi hadisələrin bur cür qiymətləndirilməsi məndə təəccüb doğurur. MTN işi ilə bağlı baş verən bütün qanunsuzluqların günahını Akif Çovdarovun üstünə yıxmaqdan öncə, baxaq görək o, kim olub? Hansı səlahiyyət sahibi olub? Çovdarov MTN-dəki bri neçə idarədən sadəcə birinin rəhbəri olub. O, sadəcə rəhbərliyin razılığı və göstərişi ilə müəyyən qeyri-qanuni hərəkətlərin icrasını həyata keçirib. Buna görə də bütün baş verənlərin mərkəzində Akif Çovdarovun olduğunu iddia etmək, belə bir təəssürat yaratmaq doğru deyil. Akif Çovdarovun özünün həbsxanası, çoxsaylı obyektləri və s. olub. Hüquq-mühafizə orqanlarında çalışan hər kəs biliri ki, rəhbərliyin göstərişi, razılığı olmadan heç kim ağır nəticələrə səbəb olacaq bu cür qeyri-qanuni addımlar atmır, bu cür hərəkətlərə yol vermir. Lakin bu gün elə atmosfer formalaşdırırlar ki, sanki baş verənlərin bütün məsuliyyəti Akif Çovdarovun üzərindədir. Axı Akif Çovdarov rəhbərliyin razılığı olmadan bu cür əməllərə qol qoymazdı”.
 
Mahmud Hacıyevin sözlərinə görə, Akif Çovdarovun yol verdiyii bütün qanunsuzluqlara görə nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət daşıyır: “Akif Çovdarovun nazir, nazirin üç müavini, eləcə də aparat rəhbərinə tabeçiliyi var. MTN-nin aparat rəhbəriyi böyük səlahiyyətə malik olan bir şəxsdir. Sovetlər dönəmində DIN-də buna ştab deyirdilər. Bu ştab DIN-nin tərkibində olan qurumlara nəzarət edirdi. Yoxlamlar keçirir, bu yoxlamalarla bağlı illik plan tərtib edirdi. Çovdarov bu şəxlərin razılığı olmadan belə şeyə getməz. O, özbaşına bu cür hallara yalnız bir şərtlə yol verə bilər ki, 5-10 işi rəhbərliyin göstərişi ilə edəndə, bunların gözünə qatıb bir dənə də qanunsuzluğa sırf öz maraqları baxımından yol versin. Çovdarvun guya bütün bu qanunsuzluqların hamısını öz təşəbbüsü ilə, rəhbərliyin göstərişi və razılığı olmadan həyata keçirdiyini düşünmək absurddur.
 
Bu gün Akif Çovdarova çoxsaylı maddələrlə gül buketinə bənzər böyük bir buket düzəldilib. Madam ki, Akif Çovdarovun timsalında icraçıya bu cür buket düzəldirlərsə, o zaman onun başında dayanan, hərəkət dinamikasına nəzarət edən, işinə, səlahiyyət dairəsinə nəzarət edən şəxslər niyə məsuliyyətə cəlb edilmir? Onlar nəyə baxırmış? Onda belə çıxır ki, nazir də, onun müavinləri də, aparat rəhbəri də o qədər avam adam olublar ki, Çovdarov MTN-də at oynadıb, istədiyi qanunsuzluğa yol verib, insanlara zülm edib, amma bundan yuxarıdakı şəxslərin heç birinin xəbəri olmayıb? Bu, gülünc və absurddur. Onların mütləq şəkildə baş verənlərdən xəbəri olub. Buna görə də hadisələrin episentrini yalnız Çovdarova tərəf yönləndirmək doğru deyil. Çovdarovla yanaşı nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət daşıyır”.
 
Mahmud Hacıyev Akif Çovdrovun məsuliyyətə cəlb edildiyi bir halda nazir və nazir müavinlərinin azadlıqda qalmasının, Hilal Əsədov, Nizaməddin Həmidovun isə öz vəzifələrində qalmasının absurd olduğunu vurğulayıb.(azadlıq)

Google+ WhatsApp ok.ru