Çinin internet senzurası üzü bəri gəlir

Çinin internet senzurası üzü bəri gəlir

Rusiya prezidenti Vladimir Putin Çinin internet senzurasını dəstəkləyib, deyib ki, internet aşırı "psevdo-azadlıq" məkanına çevrilə bilməz. Bu barədə "Newsweek» dərgisində Damien Sharkov Rusiyanın «Interfax» agentliyinə istinadla yazır.
 
RUSİYA ÖZ YOLUYLA GEDƏCƏKMİ?
"Çinin gerçəkləşdirdiklərini tənqid etməməliyik. 1.5 milyard əhalisi var. Gedin, idarə etməyə cəhd göstərin", – Putin bir bloqqerin Pekinin sərt onlayn qadağaları haqda sualını belə cavablandırıb.
 
Çində Facebook və YouTube sosial şəbəkələrinə giriş məhdudlaşdırılır. Hakimiyyət gələn illər ərzində bu qadağaları aşmaqdan ötrü IP ünvanını gizlətməyə çalışan istifadəçilərə qarşı daha sərt addımlar atılacağını bildirib.
 
Putin onu da deyib ki, Rusiya Çinin siyasətini təkrarlamaq əvəzinə, öz yoluyla gedəcək və "qadağalar cəmiyyətin inkişaf səviyyəsinə uyğun olmalıdır".
 
Amma müəllif vurğulayır ki, bu bəyanata baxmayaraq, Rusiya son illər Çinin internet siyasəti modelinə yaxınlaşıb. 2014-cü ildə qəbul edilmiş qanun vətəndaşların özəl bilgiləriylə işləyən şirkətlərdən serverlərini Rusiyada yaratmağı tələb edir. Bu da təhlükəsizlik qüvvələrinə serverləri yoxlamaq imkanı verir.
 
 
ÇİNİN ÖZ İNTERNETİ VAR...
Slate.com saytında Emili Parker də yazır ki, Rusiya Çinin internet senzurası metodlarını kopyalamağa çalışır. "Amma yaxşı xəbər odur ki, bundan ötrü çox gec ola bilər", – yazan müəllifin fikrincə, Kreml görəcək ki, adamlara internet azadlığını verəndən sonra onu tamamilə geri almaq elə də asan iş deyil.
 
Məqalədə Rusiyanın nə vaxtsa interneti ciddi siyasi təhlükə saymadığı vurğulanır. Amma 2011-2012-ci il aksiyalarının təşkilində sosial media böyük rol oynadı və bu, prezident Putinin diqqətindən yayınmadı. Artıq Rusiya məhkəməsi LinkedIni yasaqlayan qərar çıxarıb. Bu, Google, Twitter və Facebook-a xəbərdarlıq sayıla bilər.
 
"Çindəki qadağalar ona görə effektli olub ki, Pekin daim internetə həm iqtisadi imkan, həm də siyasi təhlükə kimi baxıb. Çinin internet mədəniyyətinin təcridi nəhəng yerli şirkətlərin yaranmasına səbəb olub. İndi bu şirkətlərdən bəziləri, məsələn, "Tencent" şirkətinin "WeChat" mesajlaşma proqramı o qədər böyüyüb ki, hətta Qərb şirkətləri belə onu yamsılamaqdan çəkinmir. Bu arada, çinli internet istifadəçiləri heç də Qərb şirkətlərinin xiffətini çəkmir", – müəllif yazır və bunun əksinə olaraq, Rusiyada YouTube kimi Amerika saytlarının xeyli gücləndiyini vurğulayır. Elə Rusiyada son etirazlarda da bu sosial şəbəkədə baş nazir Dmitry Medvedevin sərvətini göstərən videonun rolu az olmadı.
 
 
"HƏR ŞEY BİR-BİRİNƏ BAĞLIDIR"
Rusiyalı bloqqer Elia Kabanov inanır ki, YouTube çox böyükdür və onu bloklamaq mümkün deyil. "Kremlin buna gedəcəyinə inanmıram. LinkedIn-i ona görə bağlaya bildilər ki, heç kəsib vecinə deyildi. Amma YouTube-dan hökumətin təbliğat maşını da istifadə edir və onu bağlamağın da mənası yoxdur. Kremlin Çin modelini gerçəkləşdirməsinin yolunu görmürəm. Hər şey bir-birinə bağlıdır, öz agentlikləri də bu xidmətlərdən yararlanır", – bloqqer deyir.
 
Düzdür, Rusiyada da yerli sosial şəbəkələr yox deyil. Məsələn, VKontakte (VK) Facebook-dan daha nüfuzludur. VK-nın son etirazlarda rolu az olmayıb. Facebook-a gəlincə, ondan daha çox siyasi fəallar yararlanır.
 
"Heç bir hökumət informasiya axınını tam nəzarətə ala bilməz. Hətta Çinin özündə belə, informasiya almaq istəyənlər bunun yolunu tapır, səddi aşırlar. Rusiya senzorları da oxşar durumla üzləşəcək. Son illər Rusiyada senzuranı qıran "Tor" brauzerindən istifadə çoxalıb. İnternet Rusiyada inqilab törədən deyil, amma onun təşkilində faydalı ola bilər. Pekin bunu lap çoxdan anlayıb, amma Kremlin yadına gec düşüb", –məqalədə vurğulanır. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru