Kənd təsərrüfatı məhsullarının bahalaşma səbəbləri...

Kənd təsərrüfatı məhsullarının bahalaşma səbəbləri...

"Exo" qəzetində "Yaya olan proqnoz: Azərbaycanda kənd təsərrüfatı məhsulları daha 15 faiz bahalaşacaq" sərlövhəli məqalə oxumaq olar.
 
Ekspert Nəriman Ağayev qəzetə deyib ki, keçən yay ilə müqayisədə bu yay bitkiçilik məhsulları ən azı 15 faiz bahalaşacaq:
 
"Təəssüf ki, qiymət bahalaşmasından qaçmaq mümkün deyil və bunun bir neçə səbəbi var. İlk növbədə bu onunla bağlıdır ki, yerli fermerlər məhsullarını bazarlara özləri çıxarmır. Məhsulu ikinci ələ ucuz qiymətə satırlar, onlar isə öz növbəsində qiymətləri qaldırır".
 
N.Ağayevin fikrincə, bundan əlavə aqrar məhsulların qiymətlərinin bahalanmasının obyektiv səbəbləri də var. Bura gübrə, nəqliyyat xərclərinin bahalanması aiddir.
 
Ekspert vurğulayır ki, bütün gübrə vasitələri xaricdən valyuta ilə alınır.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bu yay meyvə-tərəvəz məhsullarının bahalaşacağını proqnozlaşdırır:
 
"Bunu da artıq bu gün əminliklə söyləmək olar ki, Azərbaycanda bir dəfə qalxan qiymət heç vaxt enmir. Təəssüf ki, ölkədə bu gün reallıqlar belədir. Bu isə ilk növbədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hökumətin siyasətinin səmərəsiz olması ilə bağlıdır".
 
E.Hüseynov deyib ki, bu meylin qarşısını almaqdan ötrü hökumət ancaq yarmarkalar keçirir. Bu da səmərə vermir.
 
Ekspert vurğulayıb ki, bazarda yerli aqrar məhsul ümumu məhsulun cəmi 60 faizini təşkil edir. Qalan 40 faiz idxal məhsullarıdır:
 
"Bütün səbəb aqrar siyasətin zəif olmasındadır. Ölkəyə İrandan, Türkiyədən, bəzi Afrika ölkələrindən meyvə və tərəvəz gətirilir...".

Google+ WhatsApp ok.ru