Keçmiş PEGIDA sözçüsü müsəlmanlardan üzr istəyib

Almaniyadakı Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının keçmiş sözçüsü Kathrin Oertel Facebookda yer alan 10 dəqiqəlik video mesajında Almaniya və Avropadakı qaçqınları və sığınacaq verilməsi üçün müraciəti etmiş şəxsləri problemlərin səbəbi kimi görməyin düzgün olmadığını bildirib.
 
Maide.az-ın məlumatına görə, Oertel, "Ölkəmizə inteqrasiya olmuş, sülh içində yaşayan, qanunlarımıza və mədəniyyətimizə hörmət göstərən bütün müsəlmanlardan və köçkünlərdən üzr istəyirəm" - deyib.
 
Dresdende başlayan İslam və xarici əleyhinə PEGIDA kampaniyasında özünün də bir az məsuliyyəti olduğunu ifadə edən Oertel, "Bunun üçün də üzr istəyirəm və gələcəkdə hər şeyin yolunda olması üçün hər şeyi edəcəyəm" ifadəsini işlədib.
 
Oertel ölkədə sülh və harmoniya içində birlikdə yaşamağa hər kəsin töhfə verməsi lazım olduğunu bildirərək, daha çox parçalanmaya yol verilməməsini istəyib.
 
Kathrin Oertel PEGIDA-nın banisi Lutz Bachmann ilə fikir ayrılığına düşmüş, Bachmannın ifrat sağ baxışlı olmasına görə hərəkatdan ayrılmışdı. Oertel Avropa üçün Birbaşa Demokratiya Hərəkatını qurub, ancaq gözlənilən münasibəti görməmişdi.
 
PEGIDA qrupu ilk olaraq Drezden şəhərində 20 oktyabrda 350 nəfərlə aksiyalara başlamışdı. Qrupun yanvarın 12-də keçirdiyi mitinqdə 25 min, 25 yanvardakı son mitinqində isə 17 min 300 nəfər iştirak etmişdi.

Google+ WhatsApp ok.ru