Kiçik sahibkarın pul dərdi

Kreditə təminat mexanizmi necə kömək edə bilər?

Azərbaycanda kreditlərə çıxış imkanları olanların başında kiçik və orta sahibkarlar (KOS) gəlir. Bunun bəzi səbəbləri bank sektorunda olsa da, bütün dünyada KOS-lar banklar üçün əsas risk qruplarından biri saylır. Çünki iri biznes strukturlarından fərlqi olaraq KOS-ların likvid girov bazası qiymətli daşınmaz əmlak – bina və qurğular hesabına deyil, daha çox daşınar əmlak – dövriyyə fondları, ilk növbədə onları məhsulları formalaşır. Bu səbəbdən uzun illər KOS-ların kredit bazarına girişilə bağlı ciddi manelər olub. Nəticədə ayrı-ayrı ölkələrdə KOS-ların kreditlərinin sığortalanması və bankların üzləşə biləcəyi risklərin müstəqil sığorta təsisatları tərəfindən qarşılanması ideyası meydana gəlib. Dünya təcrübəsində bu cür sığorta institutları “kredit təminatı fondları” adlandırılır.
 
KOS-ların bu cür zəif potensialının mövcudluğu şəraitində onların maliyyə resurslarına zəif çıxışının olması da diqqətdən kənarda qala bilməz. Mərkəzi Bank iqtisadiyyat üzrə kreditlərin strukturunda KOS kreditlərini ayrıca təqdim etmir. Lakin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) ayırdığı kiçik və orta məbləğli kredilərin həcminə və Fondun ümumi kreditlərində xüsusi çəkisinə diqqət yetirdikdə, KOS-ların kredit resurslarından nə dərəcədə zəif bəhrələndiyi daha aydın görünür.
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir ki, Azərbaycanda KOS-ların kredit resurslarından geniş istifadəsinə nail olmaq üçün əsas mühüm mexanizmlərdən biri kreditlərin sığortalanması və kreditlərə zəmanət mexanizminin yaradılması ola bilər:  “Halbuku hazırda Azərbayan qanunvericiliyində KOS subyektləri üçün kreditlərə təminatın verilməsi mexanizmləri demək olar ki, yoxdur. Söhbət həm KOS kreditləri ilə bağlı risklərin sığortalanmasından, həm də bu qəbildən olan kreditlər üçün girov zəmanətinin təmin olunmasından gedir. Doğrudur, 1999-cu ildə qəbul olunan “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”qanunun 8.4-cü maddəsində kiçik sahibkarlıq subyektlərinin maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədilə kredit təminatı fondu yaradılması nəzərdə tutulmuşdu. Lakin bu qanunun qəbulundan ötən 15 il ərzində kredit təminatı fondunun yaradılması istiqamətində addım atılmadı. Bunun əvəzində 2002-ci ildə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) təsis olundu. Fondun Əsasnaməsində qeyd olunur ki, qurumun əsas məqsədi ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdirhttp://e-qanun.az/files/framework/data/18/c_f_18447.htm - _edn3. Lakin mövcud qanunvericilik Fondun KOS kreditlərinə hər  hansı formada zəmanətin verilməsini nəzərdə tutmur. SKMF-nin KOS-lara yalnız güzəştli kreditlər vermək öhdəliyi var və bu güzəşt kredit fazilərinin kommersiya kreditlərindən daha aşağı olması ilə məhdudlaşır. Lakin Fond müvəkkil banklara KOS adından girov təminatı vermək hüququna malik deyil və bütün digər mənbələrdən verilən kreditlər kimi SKMF-nin kreditlərinə də girov tələb olunur, girovun qoyulmasına isə bütün məsuliyyət borc götürən sahibkarlıq subyektlərinin üzərinə qoyulur. Kredit götürənin məsuliyyətinin və riskinin sığortalanması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmur. Bütövlükdə isə Azərbaycanın bank-kredit qanunveriliyində kredit riskinin və borcgötürənin məsuliyyətinin sığortası təsbit edilməyib. Məsələn, mövcud qanunvericilik əmanətlərin sığortalanmasını ayrıca qanunla tənzimlədiyi halda, kreditlərin sığortalanması və ya kreditlərə zəmanətin verilməsi ilə bağlı heç bir hüquqi mexanizm yoxdu”.
 
İTYİB-nin eksperti Rövşən Ağayev deyir ki, eyni zamanda, ölkədə kreditlərə təminatın verilməsi üzrə ixtisaslaşmış institutlar və onların fəaliyyətini tənzimləyən hüquqi mexanizmlər mövcud deyil: “Mülki Məcəllənin 448-ci maddəsində göstərilir ki, qanunvericilik başqa müddəlar nəzərdə tutmadığı halda borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunduğu kimi, qüvvədə olan qanunvericilkdə də bu riskin üçüncü bir subyekt tərəfindən borclunun riskinin paylaşmasına dair tənzimləyici hüquqi müddəalar müəyyən edilməyib. Bütün hallarda, hətta dövlətin güzəştli kreditləşməsi şəraitində sahibkarın riski onun girov təminatı hesabına sığortalanır. Banklar hətta girovun özünü də sığortaladır ki, girovla bağlı istənilən risk (məsələn, girov rolunda çıxış edən tikili gözlənilməz hadisə nəticəsində yararsız vəziyyətə düşdükdə) sığorta şirkətlərinin üzərinə düşsün. Yəni hazırda qüvvədə olan mexanizm KOS-ların girov təminatı olmadan məsuliyyət sığortasını deyil, bilavasitə KOS-lara məxsus mülkün sığortasını nəzərdə tutur.  “Sığorta fəaliyyəti haqqında” Qanunun 14.3-cü maddəsində də qeyri-həyat sığortasnın obyekti kimi sığorta olunanın biznes risklərinin və məsuliyyətinin deyil, əmlakına münasibətdə risklərin sığortasından söhbət gedir. Yəni faktiki olaraq qanunvericilikdə biznes riskləri sığorta hadisəsi kimi qəbul edilmir. Dünya təcrübəsində qanunvericilikdə sığorta hadisəsi kimi təsbit edilən biznes riskləri müxtəlif formalarda özünü göstərir. Məsələn, sahibkarın özündən asılı olmadan, xarici faktorların təsiri nəticəsində biznesin müflis olması ən geniş yayılmış səbəblərdən biridir. Burada xarici faktor məsələn milli valyutanın kəskin dəyərdən düşməsi də ola bilər. Tutaq ki, sahibkar xarici valyuta ilə kredit götürür, bir müddət sonra milli valyuta kəskin dəyərdən düşür. Belə şəraitdə sahibkarın qazancı milli valyuta ilə olsa da, borcunu xarici valyuta ilə qazanmalıdır. Məsələn, milli valyuta 2 dəfə dəyərdən düşürsə, borc müqaviləsi bağlanan dövrə nisbətən krediti qaytarmaq üçün milli valyuta ilə 2 dəfə artıq maliyyə resurslarına ehtiyac yaranır. Bu vəziyyətdə həmin sahibkarın müflisləşməsi riski həddən artıq yüksəkdi. Yaxud kredit götürən sahibkarın mal göndərdiyi (yaxud xidmət göstərdiyi) təsərrüfat subyektləri müqavilə şərtlərini pozaraq debitor borclarını ödəməkdən imtina etdikdə, məhsul istehsal ilə bağlı xammal gətirdiyi regionda gözlənilməz hadisələrin baş verməsi (hərbi münaqişənin başlanması, təbii fəlakət, siyasi çevriliş  və s.) səbəbindən istehsalda fasilə yaradıqda, borclu sahibkarın ödəmə qabiliyyətsizliyi qaçılmaz olur. Eynilə alıcının müqavilə şərtlərini pozaraq borclu sahibkarın istehsal elədiyi məhsulu almaqdan imtina etməsi, xammal və texnologiyanın qiymətlərinin həddən artıq yüksəlməsi kimi hadisələrin hamısı biznes riskilə bağlı sığorta hadisələridir. Qanunvericilik sahibkarları bu cür risklərdən sığortalamadıqda, təsərrüfat subyektləri bank-kredit təşkilatları üçün risk qrupuna çevrilir. Belə vəziyyət təkcə KOS-ların kreditlərə əlçatanlıq imkanlarını məhdudlaşdırmır. Risk səviyyəsi yüksəldikcə bazarda real kredit faizləri də yüksəlir. Deməli, kredit zəmanət sistemi dolayısı ilə həmçinin kreditlərin bahalanmasının da qarşısını alan səmərəli mexanizm hesab oluna bilər”.
 
İlk növbədə hansı sektorun kreditləri sığortalanmalıdır?
 
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri hesab edir ki, ilk növbədə kreditlərə kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində təminat fondunun yaradılmadır. İTM ekspertləri fikirlərini belə əsaslandırır: “Təbii və idarəetmə risklərinin ildən-ilə çoxaldığı şəraitdə fermerlərə ayrılan kreditlərin geri qaytarılması riski artdığına görə banklar aqrar sektora kredit ayrılması barədə qərar qəbul edərkən ehtiyatlı yanaşmaya üstünlük verir ki, bu da bütövlükdə aqrar sektora yönələn kredit qoyuluşunun azalmasını şərtləndirir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, ümumi kredit qoyuluşunda kənd təsərrüfatı və emal müəssisələrinə ayrılmış kreditlərin payı son illərdə 10 faizdən də aşağı olub.
 
Tədqiqatlar göstərir ki, kənd təsərrüfatına yönələn kreditlərə çıxış sahəsində ən ciddi problem bankların kənd təsərrüfatına verdikləri  kredit vəsaitləri müqabilində  ayrılmış  borc vəsaitləri ilə müqayisədə dəfələrlə böyük məbləğli və likvid girov əmlakı tələb etməsidir. Regionlardakı əmlakın və torpaq ərazilərinin likvidlik problemi olduğuna görə aqrar sektora yönələn kreditlər üçün Bakı şəhərində qeydiyyatda olan daşınmaz əmlakın girov qoyulması kimi ağır şərtlərlə qarşılaşan fermerlər cəlb edilmiş borc vəsaitlərinə çıxış əldə etməkdə çətinlik çəkdiyindən məhdud xüsusi vəsaitlər hesabına aqrotexniki qaydalara tam deyil, qismən əməl edərək az məhsuldar fəaliyyətlə məşğul olmağa başladılar”.
 
Sektorlararası təhlillər göstərir ki, hazırda kənd təsərrüfatı maddi-texniki bazasının zəifliyinə görə,  tikinti, nəqliyyat və rabitə sektorundan xeyli geri qalır. İTM ekspertləri də, kənd təsərrüfatı müəssisələrinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün Kənd təsərrüfatı Kreditlərinin Təminat Fondunun yaradılmasını zərurətə çevrildyini bildirirlər: “İlk mərhələdə dövlət büdcəsi hesabına maliyyələşməsi nəzərdə tutulan Fond bank və bank olmayan kredit təşkilatlarından kredit almaq istəyən, sığorta polisinə malik olan fermer üçün tələb olunan miqdarda  kreditlərə təminat verməklə aqrar sahədə fəaliyyət göstərən müəssisələrin borc vəsaitləri əldə etməsinə dəstək  ola bilər.
 
Fondun qarşısında duran başlıca məqsəd aqrar təsərrüfatların kredit vəsaitlərinə və digər borc mənbələrinə çıxış imkanlarını genişləndirməklə kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə, bununla da aqrar bölmədə məhsuldarlığın və rəqabətliliyin artımına  dəstək verməkdən ibarətdir”.
 
Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva da hesab edir ki, bu gün ən çox kənd təsərrüfatı kreditləri üzrə zəmanət və sığorta fondların yaradılmasına zərurət var: “Xüsusi olaraq maksimum məbləği 20,000 manata qədər olan biznes kreditlərinə, çünki aqrar sektorda kiçik kreditlərin verilməsi baha başa gəlir risk faktorları çoxdur. Böyük kreditlərə ehtiyacı olan sahibkar istədiyini asanlıqla əldə edə bilir, ən böyük çətinliklə bu gün kiçik və mikro fermerlər üzləşir.
 
Bu qeyri neft sektorun inkişafını stimullaşdırmağa üçün böyük təkan verə bilər:  bankların aqrar sektora investisiya qoyuluşlarının artırılması, kənd təsərrüfatının infrastruktur təminatının yaxşılaşdırılması və istehsal proseslərində müasir texnologiyaların tətbiq edilməsi və s.”.
 
İqtisadiyyat və Sənaye Nazirlyinin  Aparat rəhbəri Samir Əliyev sorğuya cavabında bildirib ki, gələckdə kreditlərə zəmanət fondlarının yaradılmasına baxıla bilər.
 
Rövşən Ağayev bildirir ki, Azərbaycanda KOS-ların kreditlərinə zəmanət verilməsi və kreditlərin sığortalanması mexanizmlərinin tətbiqilə bağlı aşağıdakı addımların atılması mümkündür:
 
Hökumətin bilavasitə maliyyəsi əsasında KOS kredtilərinə zəmanət verən dövlət agentliyi yaradıla, yaxud Sahibkarlığa Kömək Milli Fondunun funksiyaları genişləndirilməklə kreditlərə zəmanətin verilməsi Fondun səlahiyyətləri sırasına daxil edilə bilər;
 
Kreditlərə zəmanətlərin verilməsinə dair müfəssəl qaydaların hazırlanması, bu qaydalarda borclanma üçün zəmanət almaq hüququ verilən sahibkarların əhatə dairəsinin, zəmanət verilən kreditlərin maksimum məbləğinin, zəmanətin verilməsi üçün şərtlərin müəyyən edilməsi məqsədəuyğundur; 
 
Bank və sığorta qanunvericiliyində KOS kreditlərinin sığortalanmasına dair hüquqi normaların nəzərdə tutulmasına ehtiyac var. Qüvvədə olan normativ-hüquqi aktlarda sığorta hadisəsi hesab edilən biznes risklərinin təsbit edilməsinə ehtiyac var;
 
Sığorta hadisəsi hesab edilən biznes risklərinin sığortalanması mexanizmləri, bu cür sığortalamanı həyata keçirən ixtisaslaşmış şirkətlərin həvəsləndirilməsi qaydaları qanunvericilikdə təsbit edilməlidi.   
 
Bəkir Nərimanoğlu

Google+ WhatsApp ok.ru