İki şirkətin davası, qazsız qalan sakinlər

İki şirkətin davası, qazsız qalan sakinlər

"Bizim yol" qəzetində ""Akkord" və "Azəriqaz"ın pul davası sakinləri qazsız qoydu" sərlövhəli məqalə diqqət çəkir. Yazıda "Abşeron" Gənclər Şəhərciyində qazlaşdırma prosesinin yarımçıq qalmasından bəhs edilir.

 
Sakinlər qəzetə deyiblər ki, şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti "Azəriqaz" İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını verməyib. Buna görə də, həmin şirkət işi yarımçıq qoyub gedib.
 
Əhalinin deməsinə görə, bu ilin yanvarından «Abşeron» Gənclər Şəhərciyinə qazın verilməsi dayandırılıb:
"İki-üç ay müddətində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti "Azəriqaz" İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Şəhərcikdəki Mənzil-İstismar İdarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik".
 
Yazıda sakinlərə istinadən vurğulanır ki, qış aylarına şəhərcikdə həyat iflic olur:
"Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur". Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib, amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə aksiyalar keçirilib. Hər dəfə "qaz növbəti il veriləcək" deyib bizi aldadıblar".
 
Sakinlər deyib ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma binalara qaz verilmir.
 
Əhalinin deməsinə görə, qışdan onların çoxu xəstə çıxıb.
 
Yazıda qeyd edilir ki, bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb, amma qaz buraxılmır. Üstəlik, mərkəzi istilik sistemi də yoxdur, evlər kondisioner və başqa isitmə vasitələri ilə qızdırılır:
"Ona görə ayda ən azı 100-150 manat işıqpulu ödəməli oluruq. Bu da, az qala, əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq".
 
Müəllif bildirir ki, sakinlər etiraz aksiyası keçirmək niyyətindədir.
 
Bundan əvvəl "Akkord" şirkətindən "Abşeron" Gənclər Şəhərciyinə tezliklə qaz veriləcəyi bildirilmişdi. Üstəlik, orada demişdilər ki, "Azəriqaz" İstehsal Birliyi ilə heç bir problemləri yoxdur. /

Google+ WhatsApp ok.ru