Kütləvi zəhərlənmə dövlət qurumlarını qarışdırıb

Kütləvi zəhərlənmə dövlət qurumlarını qarışdırıb

Virusun yayılması yolu haqda birmənalı rəy verilmir; ekspert “məsələ ciddi araşdırılmalıdır” deyir
 
Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşağın zəhərlənməsi 1 həftədir ki, gündəm mövzusu olaraq qalır. Hamı uşaqların konkret olaraq nədən zəhərləndiklərinin açıqlanmasını gözləyir. Dövlət qurumlarından isə birmənalı cavab yoxdur. Bu müddət ərzində zəhərlənmənin rotavirus infeksiyasından baş verdiyi haqda məlumat verilib. Rotavirusun uşaqların bədəninə hansı yolla düşməsi isə birmənalı şəkildə bilinmir.
 
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən açıqlamalarda qeyd olunur ki, rotavirusun zəhərlənən uşaqların bədəninə su ilə düşməsini ehtimal edirlər. Mərkəz rəsmisi İmran Abdullayev deyir ki, xəstələrin evlərində sorğular aparıblar, qəbul etdikləri qidalarla maraqlanıblar: “Hamsı ona gətirib çıxarır ki, biz gəlib rotavirusun sudan yayılması ehtimalının üzərində dayanmışıq”.
 
Mərkəz rəhbəri virusa yoluxmanın mağazadan alınan keyfiyyətsiz ət, süd məhsulları və digər qidalardan baş verə bilməsi ehtimalını yoxlamadıqlarını deyib: “Keyfiyyətsiz ətdən hazırlanan kolbasa bişir və o zaman tərkibində mikroorqanizmlər qala bilməz. Bu halda kolbasanın tərkibində rotavirus qala bilməz. Yəni bu hadisə bağçada baş versəydi, biz həmən qidadan şübhələnərdik”.
 
“Azərsu” ASC isə rotavirusun su ilə yayılmasını təsdiqləmir. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, ASC-nin nəzarətindəki şəbəkədə suyun keyfiyyətində heç bir kənarlaşma yoxdur: “Araşdırmışıq ki, xəstəxanaya aparılan uşaqların yaşadığı əraziyə 3 fərqli mənbədən su verilir. Şollar su kəmərindən, 2-ci Bakı kəmərindən və Ceyranbatan su anbarından həmin ərazi su ilə təmin olunur. Əgər iddia olunduğu kimi, rotavirus su ilə yayılıbsa, deməli, hər 3 mənbə rotavirusla çirklənib. Bu halda yalnız bir ərazidə yaşayanlar deyil, digər ərazilərdə yaşayanlar da həmin virusa yoluxmalı idilər. Deyirlər ki, suya guya kanalizasiya suyu qarışıb. Əgər əraziyə 1 mənbədən su verilsə idi, haradasa bunu qəbul etmək olardı. Fakt odur ki, əraziyə 3 fərqli mənbədən, istiqamətdən su verilir. Əgər rotavirus suda olsaydı, Bakıya qədər yayılardı. Məsələn, Şollar mənbəyindən Bakıya çəkilmiş su Tağıyev qəsəbəsinə, Müşfiqabad qəsəbəsinə, Xırdalanın bir hissəsinə, Sulutəpəni keçməklə Yasamal su anbarına tökülür və Bakı şəhərinə paylanır. Rotavirus suda olsaydı, bu ərazilərdə də yayılardı”.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova mətbuata verdiyi açıqlamasında bildirib ki, qan analizləri nəticəsində uşaqlarda rotavirus infeksiyası aşkar edilib.
 
Rotavirusların əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda virus hava-damcı yolu ilə də yayıla bilir.
 
İçməli su anbarlarının mühafizəsi ilə bağlı “Trend”in suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də bu məsələnin insanların həyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Ekspertin sözlərinə görə, su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var.
 
Ekspert bildirib ki, insanların təhlükəsizliyi üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir: “Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır”.
 
Su anbarlarının qapısı həmişə bağlı olmalı və buna xüsusi nəzarət olunmalıdır. Hər hansı su anbarının qapısının nəinki açıq, hətta zədəli olması içməli suya müəyyən heyvan, həşərat və ya külək, hava yolu ilə zərərli bitkilərin düşməsinə səbəb ola bilər. Bu da çürümə nəticəsində suda hansısa zəhərli maddələr yaradar ki, həmin sudan istifadə edən əhalinin həyatına təhlükə yaranar".
 
E.Nurəliyev deyir ki, Azərbaycanda içməli su anbarları aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yüksək təhlükəsizliklə qorunur: “Bizdə su anbarlarının ətrafında yaşıllıq zolağı var, ətrafda işıqlandırma sistemi və səsli qoruyucu vasitələr quraşdırılıb. Bununla yanaşı, su anbarının ərazisini müşahidə edən nəzarət kameraları da var ki, həmin kameralarla anbarlara ciddi nəzarət olunur. Buna görə də bu virusun su anbarlarından yayılması ehtimalı sıfır faizə yaxındır. Ola bilər ki, mərkəzi su anbarlarından içməli su hansısa qəsəbəyə verilərkən paylayıcı anbara vurulur. Məsələn, Ceyranbatan Su Anbarından içməli su hansısa yaşayış məntəqəsinə verilən paylayıcı anbara vurulur. Əgər zəhərlənmə də həmin ərazidə baş veribsə, həmin anbarı yoxlamaq daha məqsədəuyğun olar. Ola bilər ki, həmin anbarın ağzı açıq qalıb, düzgün mühafizə olunmayıb və suya hansısa bir maddə qarışıb. Ola bilər ki, həmin anbarda hansısa qaydaya əməl olunmayıb. Çünki virus əsasən bir yaşayış məntəqəsində baş verib. Əgər mərkəzləşdirilmiş anbardan olsaydı, bu hadisə daha bir neçə yaşayış məntəqəsində baş verərdi. Buna görə də paylayıcı anbar yoxlanılmalı, məsələ ciddi araşdırılmalıdır". (musavat) /

Google+ WhatsApp ok.ru