Ölkədə növbəti həbs dalğası başlayır

Bu dəfə hədəfdə «kredit qalmaqalı»na görə tutulan iş adamlarını himayə edən məmurlardır; Ilham Əliyev həbslərin anonsunu verdi

Ölkə başçısı Ilham Əliyev Beynəlxalq Bankla bağlı kredit qalmaqalından danışıb. O, mayın 19-da Bakıda baş verən və 16 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı yaradılan Dövlət Komissiyasının iclasında çıxışı zamanı “kredit qalmaqalı”na görə iş adamlarının
həbsinə haqq qazandırıb. 
 
“Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Çünki öz məsuliyyətlərini dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq”,- deyə o, bildirib. Ölkə başçısı daha sonra əlavə edib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.
 
İlham Əliyevin bu fikirləri yeni həbslərin anonsu sayıla bilər. Güman ki, bu dəfə həbs olunan iş adamlarına yaxın, onlara himayədarlıq edən məmurlar hədəfdə olacaq. Həbslərin nə zaman start götürəcəyini söyləmək çətindir. Lakin ehtimal etmək olar ki, Avropa Oyunlarına qədər, yaxud ondan sonra hakimiyyətdə təmizləmələr start veriləcək. 
 
Qeyd edək ki, yayılan məlumatlara görə, “kredit qalmaqalı”na görə 70-ə yaxın iş adamı saxlanılıb. Onlardan bəziləri borcunu ödədiyi üçün sərbəst buraxılıb. Lakin başqa məlumatlarda saxlanılanların daha çox olduğu və onların bir qrupunun DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində, digər qrupunun isə Kürdəxanı təcridxanasında saxlanıldığı bildirilir. Bu hadisədə əsas fiqurlardan olan Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevlə bağlı isə konkret məlumat yoxdur. Bəzi məlumatlara görə, o da həbs olunub, bəzi məlumatlarda isə onun xüsusi nəzarət altında saxlanıldığı deyilir.
 
“Azadlıq” qəzeti ötən sayında məlumat vermişdi ki, Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun qardaşı, “Xəzər adaları” layihəsini həyata keçirən Hacı Ibrahim Nehrəmli ölkədən qaçmaq istədiyinə görə növbəti dəfə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Həmin məlumatda Hacı Ibrahim Nehrəmlinin Gəncə aeroportunda saxlanıldığı bildirilirdi. Bu xəbər artıq təsdiqini tapıb. Dünən məlumat yayılıb ki, Hacı Ibrahim Nehrəmli şəxsi təyyarə ilə Türkiyəyə uçmaq istəyib. Lakin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları onun qaçışının qarşısını ala biliblər. Hazırda “Bandotdel”də saxlanılan iş adamı barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir. 
 
Xatırladaq ki, Hacı Ibrahim Nehrəmli “kredit qalmaqalı” ilə bağlı həbslərin ilk günlərində saxlanılmışdı. Sonradan sərbəst buraxılan Hacı Ibrahim Nehrəmli bildirmişdi ki, Beynəlxalq Banka 78 milyon dollar kredit borcu var və mayın 19-da kreditin vaxtı çatır.

Google+ WhatsApp ok.ru