Ölümcül virus Avropaya sıçradı, bir nəfər öldü

Avropada MERS koronovirusuna yoluxmuş  ilk pasiyent Almaniyada ölüb.
 
Virtualaz.org saytı xəbər verir ki, “Augsburger-Allgemeine” qəzeti 65 yaşlı kişinin Aşağı Saksoniya əyalətindəki xəstəxanaların birində öldüyünü yazır.
 
Onun ölümü bir neçə gün gizli saxlanılıb. Almaniya vətəndaşı olan həmin pasiyent bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər zamanı MERS virusuna yoluxub. Həkimlər onun həyatı uğrunda mübarizə aparsalar da pasiyentin vəziyyəti ağırlaşıb və müalicə kömək etməyib.
 
MERS koronovirusu hazırda Cənubi Koreyada sürətlə yayılır. Bu ölkədə 19 nəfər virusdan ölüb, 160-a yaxını yoluxub. Minlərlə adam virusa yoluxmaq riski qarşısında karantində saxlanılır. 2 mindən çox məktəb, 20-dən çox universitet bağlanıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, virus böyük və ciddi təhlükə təşkil edir, yeni yoluxma halları olacaq.
 
“Rosturizm” isə artıq Rusiya vətəndaşlarına Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səyahətdən çəkinmək barədə xəbərdarlıq edilib.
 
MERS virusu ilk dəfə Səudiyyə Ərəbistanında qeydə alınıb. Bu ilin əvvəllərində isə Cənubi Koreyadan olan biznesmen həmin ölkədə virusa yoluxaraq onu öz vətənində yayıb. MERS koronovirusunun əlamətləri adi sətəlcəmin əlamətlərini xatırladır, xəstənin yuxarı tənəffüs orqanlarında güclü iltihab başlayır və heç bir antibiotik, virus əleyhinə preparatlar ona təsir etmir./

Google+ WhatsApp ok.ru