Ölümdən sonra həyat varmı? İslam və elm bu barədə nə deyir?

"Ürəyi döyünmür. Ölüm vaxtı 17:34". Tibbi seriallarda çox tez-tez rastlaşdığımız bu tipli ifadələr əslində yanlış da ola bilər. Ölüm anı (dərin koma və ya kliniki ölümü) artıq bir əsrdən çoxdur ki, insanlarda böyük maraq oyadır. Simptomları artıq tam araşdırılıb. Bildirilir ki, komada olan insanın sanki bədənindən ruh ayrılır və onlar ayılarkən əksəriyyəti gözlərinin önündən həyat keçdiyini və ya ağ işiq gördüklərini söyləyirlər.
 
Lakin elm xeyli inkişaf edib. Son 10 ildə Sautgempton Universitetinin bir qrup alimləri ürəyi dayanmış xəstələr üzərində müxtəlif tədqiqatlar aparıb. Nyu-york Universitetinin müəllimi və Sautgempton Universitetinin araşdırmalarının təşəbbüskarlarından olan doktor Sem Parnia deyir:  “Söhbət ölümdən gedəndə insanların çoxu düşünür ki, siz ya ölüsüz, ya da diri. Biz isə sübut etdik ki, ölümün özünəməxsus məqamı var. O, ürək dayanandan sonra bir neçə müddət davam edir. Yəni tədqiqatların nəticəsi göstərir ki, həqiqətən ölümdən sonra həyat var”.
 
Mütəxəssislər ürək dayanandan sonra da idrak fəallığını sübut etdi. Bunun üçün alimlər Birləşmiş Avstriya Krallığı və ABŞ-ın 15 xəstəxanasında 2060 nəfər ürəyi dayanan xəstələri izləyib. 330 sağ qalmış xəstələrdən 140-ı o anda şüurda olduğunu bildirib. Bəziləri deyib ki, işiq görüb, bəziləri isə uçuş hissini yaşadıqlarını deyib. Digər xəstələr bildirib ki, ürək dayananda elə bil suyun altına girirlər. 
 
Mütəxəssisləri təəccübləndirən odur ki, xəstələrin klinik ölümdə olduğuna baxmayaraq, şüurda qalır. Doktor Parnia deyir: “Biz bilirik ki, beyin ürək dayanandan sonra işləyə bilməz. Lakin bu təhqiqat zamanı bizə məlum oldu ki,  ürək dayanandan sonra xəstə 3 dəqiqə ərzində süurda qala bilir”.
 
Məsələn, 57 yaşlı xəstə deyir ki, ürəyinin dayanmağına baxmayaraq, o, həkimlərin söhbətlərini və aparatın səslərini eşidirmiş. Həkim və mütəxəssis Jan-Pyer Jurdan deyir: “25 il ərzində mənim rastıma onlarla xəstə çıxıb ki, tam dəqiqliklə nə baş verdiyini mənə deməyə hazır idi. Halbuki anestezioloqlar, cərrahlar və sair personal and içməyə hazır idi ki, bu xəstələr huşsuz vəziyyətdə idi və heç nə görə və ya yadda saxlaya bilməzdi".
 
Həmçinin doktor Parnia bildirir ki, ölüm ayağında olan hissləri milyonlarla insanlar yaşayıb, lakin bunun üçün elmi sübut tapmaq o qədər də asan iş deyil. Onun sözlərinə görə, bir çox insanlar bunu qarabasma hesab edir, amma hər şey olduqca real görünür. Parniya hesab edir ki, bu hissi çox adam yaşayıb, sadəcə, beyin zədələnməsi və ya dərmanların təsiri nəticəsində yaddaşın dəyişilməsi onları bu olayı xatırlamağa imkan vermir.
 
Qeyd edək ki, 2013-ci ildə Miçiqan Universitetinin alimləri axır ki, komada olarkən görünən məşhur “ağ işığ”ın sirrini açdı.
 
Onların sözlərinə görə, bu işiq qan dövranının dayanmasından sonra beyinin anı gurultulu fəallığına görə görünür. Alimlər öz tədqiqatını siçovulların üzərində aparandan sonra bu qənaətə gəlib.
 
Bəs, İslam ölümdən sonrakı həyat barədə nə deyir? İnsan dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, qiyamətin nə vaxt baş verəcəyi yalnız Allaha məlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır). Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş mütəvatir hədislərdə dünya ilə qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunmuşdur. Nildirilir ki, Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcək. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaq. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaq. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündən əvvəlki dünyalarını dəyişəcək. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamət gününədək özünü boşluqda hiss etməyəcək. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə və nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə, əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaq. Bu mərhələ qiyamət gününədək davam edəcək. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcək. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur.
 
Demək Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə desək, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaq. Biri bu aləm kimi sonu olan «bərzəx» aləmi, digəri isə sonu olmayan «axirət» dünyasıdır.
 
“Bərzəx” iki şeyin arasındakı maneə və ya fasiləyə deyilir. Qurani-Kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. «Muminun» surəsinin 100-cü ayəsində deyilir: «Bəlkə (indiyə qədər) zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! (Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!) Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.»
 
Bu dünya ilə Qiyamət arasında olan fasiləni (bərzəx aləmini) bəyan edən bir neçə Quran ayəsi vardır. Bu ayələrə istinad edərək islam alimləri belə bir nəticəyə gəlmişlər ki, dünya ilə qiyamət arasında başqa bir aləm vardır və onun adı «bərzəx aləmidir».
Ayənin məzmunundan belə məlum olur ki, insanlardan bəziləri dünyalarını dəyişdikdən sonra dünyada gördükləri nalayiq işlərə görə peşimançılıq çəkər və yenidən dünyaya qayıtmaq istərlər, amma onların istəkləri qəbul olunmayıb rədd cavabı alarlar. Qurani-Kərimdə bərzəx aləmi və oranın sakinlərinin vəziyyətini bəyan edən on beş ayə mövcuddur və bu ayələr bir neçə qismə bölünür.
 
1. Mələklərin, [dünyalarını dəyişdikdən dərhal sonra] əməli-saleh və fasid, günahkar insanlarla apardıqları söhbətlər bu qəbildən olan ayələrə Quranda çox rast gəlmək olur. Bir qədər əvvəl işarə etdiyimiz «Muminun» surəsinin 100-cü ayəsi həmən ayələrə dəlalət edir.
 
2. Mələklərin əməli-saleh insanlara verdikləri müdələr haqda nazil olmuş ayələr. Yəni əməli-saleh insanlar bərzəx aləminə daxil olduqdan sonra mələklər onlara ilahi nemətlərlə (cənnət) bəhrələnəcəklərini və qiyamət intizarında olmayacaqlarını xəbər verərlər. Bu məzmunda iki ayə nazil olmuşdur.
“O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.”
(Nəhl-32).
(Axırda onu öldürdülər və ona) deyildi: “Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi””.
(Yasin 26-27).
 
Bundan əvvəlki ayələrdə mömin və əməli-saleh bir şəxsin yerlilərinin haqq yola gəlmələrini və peyğəmbərə iman gətirmələrini istəməsi bəyan olunur. Amma onun sözünə kimsə əhəmiyyət vermir və amansızcasına qətlə yetirilir. Şəhadətə nail olduqdan sonra ilahi nemətlərlə bəhrələndiyini görüb həsrətlə öz xoşbəxt həyatında agah olmalarını və eyni zamanda bunu onlara da arzu edir. Məlum olduğu kimi, bütün bunlar qiyamət günündən əvvəl baş verəcəkdir və o gün dünyaya gəlmiş ilk və sonuncu şəxs [məhşərdə] bir yerə toplanacaq və yer üzündə kimsə qalmayacaqdır.
 
Bu məsələyə diqqət yetirmək lazımdır ki, əməli-saleh mömin insanlara nəsib olacaq cənnət deyil – cənnətlərdir. Belə ki, axirət dünyasında cənnətin bir neçə təbəqəsi vardır və oranın hər birində iman baxımından bir-biri ilə fərqlənən möminlər, əməli-saleh insanlar, xeyirxah işlər görənlər, alim və şəhidlər və sair sakinlər olar. Bundan əlavə Əhli-beyt (ə)-dan nəql olunmuş hədislərdən bizə belə məlum olur ki, cənnətin bəzi təbəqələri axirət aləminə deyil, bərzəx aləminə aiddir. Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan ayələrdəki cənnət kəlməsini axirət dünyasının cənnətləri ilə əlaqələndirmək olmaz.
 
3. Üçüncü qismə bölünən ayələrdə artıq mələklərlə insanlar arasında baş verən söhbətlərə toxunulmayır. Burada bir-başa əməli-saleh və günahkar (fasid) insanların aqibəti bəyan olunur.
«Allah yolunda öldürülənlərin [şəhid olanları heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi [cənnət ruzisi] yeyirlər.»
«Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə [şəhidlik rütbəsinə] sevinir, aralarınca gəlib hələ özlərinə çatmamış [şəhidlik səadətinə hələ nail olmamış] kəslərin [axirətdə] heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.»
(Ali-imran 169-170).
 
«Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və [vəhdaniyyətimizi sübut edən] açıq-aşkar bir dəlillə göndərdik.
Firon və onun əyan-əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar [yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər].»
(Muminun 45-46).
 
Ayə Fironun iki növ əzaba düçar olacağını bəyan edir. Onlardan biri «suul-əzab» – yəni ağır və dözülməz əzab adlandırılmışdır. Belə ki, hər gün iki dəfə cəhənnəm odunun qarşısına gətirilər, bir qədər qorxudulduqdan sonra oraya daxil olmadan geri qaytarılar. Düçar olacağı ikinci növ əzab isə qiyamət gününə aiddir. Quran bu əzabı «əşəddül əzab» – yəni şiddətli əzab adlandırır. Qiyamət gününün hökmü verildikdən sonra onlar Allahın əmri ilə cəhənnəm oduna daxil edilərlər. Birinci növdə, ikinci əzabın əksinə olaraq səhər-axşam əzab yad olunar. Əli (ə) ayənin təfsirində buyurur: «Birinci növ əzab bərzəx aləminə aiddir. Belə ki, orada da gecə və gündüz, həftə, ay və il vardır. İkinci növ əzab isə axirət dünyasına dəlalət edir və orada gecə və gündüz, həftə, ay və il dövranı baş verməyir».
 
Peyğəmbər (s) və digər İmamlardan (ə) nəql olunmuş hədislərdə bərzəx sakinlərinin aqibətinə dəfələrlə işarə olunmuşdur. Müsəlmanlar Bədr döyüşündə qalib gəldikdən sonra Qüreyş sərkərdələrinin cəsədlərini döyüş meydanındakı xəndəklərdən birinə tökdülər. Peyğəmbər (s) üzünü cəsədlərə tutub soruşdu: «Biz Allahın bizə vədə verdiklərinin şahidi olduq. Sizdəmi Allahın vədələrini dərk etdiniz?» Əshabdan bəziləri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsulullah! ölülərləmi danışırsınız? Məgər onlar sizin söylədiklərinizi dərk edirlərmi? Buyurdu: «İndi onlar sizdən yaxşı eşidirlər».
Bu məzmunda nəql olunmuş bir çox hədislərdən belə məlum olur ki, insana dünyasını dəyişərkən can ilə bədən arasında ayrılıq düşsə də, ruh illər boyu birgə olduğu bədəni tamamilə tərk etməyir.
 
İmam Hüseyn (ə) Məhərrəmin onuncu günü sübh namazını əshabı ilə birlikdə qıldıqdan sonra onlar üçün kiçik bir xütbə oxudu. Xütbədə deyilir: «Azacıq səbr edib müqavimət göstərin. Ölüm sizi əzab-əziyyətdən xoşbəxtlik sahilinə çatdıran bir körpüdür. O, sizi gen və əzəmətli cənnətlərdən keçirəcəkdir».
Başqa bir hədisdə deyilir: «İnsanlar bu dünyada qəflət yuxusundadırlar. Dünyalarını dəyişərkən oyanarlar».
 
Hədisin məzmunu bundan ibarətdir ki, axirət həyatı bu dünyada dərəcə baxımdan daha üstün və daha kamildir. Belə ki, insan yatarkən hissiyyatı ən zəif dərəcəyə enir. O, yarı ölü, yarı diri bir varlığa çevrilir. Oyanarkən onun fəaliyyəti daha da kamilləşir. İnsanın dünyəvi həyatı da axirət dünyası ilə müqayisə etdikdə olduqca zəif hesab olunur. Bərzəx aləminə köçdükdə isə, onun həyatı bir daha kamilləşir. Burada iki mühüm məsələyə diqqət yetirmək lazımdır.
 
1. Nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, bərzəx aləmində yalnız insandan iman gətirməsi lazım olan məsələlər soruşulacaq. Digər məsələlər isə qiyamət gününə saxlanılacaqdır.
 
2. Xeyirxah və əməli-saleh insanlar gördükləri işlərin müqabilində ilahi nemətlərlə mükafatlanarlar. Bu işlər istər dünya sakinləri (yəni sağ olan qohumlar, dost və qonşular) [məsələn, imkansızlara əl tutmaq, elmi müəssələr təsis etmək və s.], istərsə də dünyadan köçmüş şəxslər üçün [məsələn, onların niyyəti ilə namaz qılmaq, həcc ziyarətinə getmək və s.] olsun, ilahi savab və nemətlərlə mükafatlandırılarlar.
Bəzən övladlar valideynlərini hələ sağ ikən öz əməlləri (və ya söylədikləri sözlərlə) narahat edərlər, amma dünyadan köçdükdən sonra öz xeyirxah işləri ilə onların razılığını qazanarlar.

Google+ WhatsApp ok.ru