Müğənniyə «yaxşı yol», sadə vətəndaşa cərimə…

Yol polisi qanunu pozan şou-biznes əhlinə niyə məhrəm münasibət bəsləyir?

ATV telekanalında yayımlanan verilişlərdən birində müğənni Səməd Səmədov yol hərəkəti qaydasını tez-tez pozduğu halda polis əməkdaşlarının onu saxlamadıqlarını deyib. Səməd Səmədov bildirib ki, sənət adamları toylara, konsertlərə tələsdiyi üçün qaydaları pozurlar: "Yol polislərinə təşəkkür edirəm. Çünki biz müğənnilər, aktyorlar, artistlər tədbirdən-tədbirə, verilişdən-verilişə tələsirik. Ona görə də yol qaydalarını pozuruq. Sağ olsunlar, görürlər və …".
 
Səməd Səmədovun çıxışının bu yerində aparıcı söhbətə müdaxilə edərək qaydaları pozduğu üçün xalq artistinə iradını bildirir: "Necə yəni qanunları pozuruq? Bəs, bayaqdan qayda-qanundan danışırsınız…".
 
Daha öncə Sevinc adlı gənc müğənni də "təhlükəsizlik kəmərini taxmıram, çünki saçlarımı düzəltməyə problem yaradır, yol polisi gərək bizi başa düşsün", - demişdi. Ondan əvvəl isə müğənni Mətanət Əsədova Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin də iştirak etdiyi verilişdə sürət həddini aşdığını, hətta 240 km/saat sürətlə maşın sürdüyünü etiraf etmişdi.
 
Sadə insanlar həmin səhvləri etdiyi halda cərimələnir. Müğənnilərə isə güzəşt edilir. Üstəlik, həmin müğənnilər bunu 9 milyonun qarşısında açıq-açıq etiraf edilər. Bütün bunlar cəmiyyətdə nəyə gətirib çıxara bilər? 
 
Psixoloq Dəyanət Rzayev deyir ki, müğənnilərin efirdə "məni polis saxlamır, sağ olsun" və ya "biz yol hərəkəti qaydalarını pozuruq, amma polislər bizə hörmət edirlər", kimi sözləri sanki cəmiyyətə bir mesajdır, yəni bu cür hərəkət etmək olar: "Onlar toya tələsirlər. Çünki bu onların işidir. Nəzərə alınsın ki, həkim xəstəxanaya, müəllim məktəbə tələsə bilər. Bir sözlə, hərə bir yerə tələsir. İndi belə çıxır ki, hamı yol hərəkəti qaydasını pozmalıdır? Bu düzgün deyil".
 
Psixoloq bildirir ki, qanun hamı üçün eyni olmalıdır. Əks halda nəticələr yaxşı olmaya bilər: "Məsələn, bu yaxınlarda belə bir hadisə mənim də başıma gəlmişdi. Maşın 5 dəqiqəlik yolun kənarında saxladı. Polis həmən bizi 20 manat cərimələdi. Ancaq bizim arxamızda da bir maşın dayanmışdı. Biz soruşduq ki, bəs onu niyə cərimələmirsiz? Bildirdi ki, həmin maşın AA dövlət seriyası ilə olduğundan onu cərimələyə bilmirlər. Bu da ayrıseçkilikdir. Polis açıq-aşkar bildirdi ki, müəyyən kateqoriya adamlar var ki, onları cərimələmirlər. Millət vəkillərini, Prezident Administrasiyasının maşınlarını və s. ixtiyarları yoxdur cərimələməyə. Əslində qanun nazirə də, həkimə də, müəllimə də, fəhləyə də eyni cür şamil olmalıdır". 
 
Dəyanət Rzayev bütün bunların var olan mentalitetdən irəli gəldiyini bildirdi: "Burada psixoloji aspekt var. Həmin verilişə 9 milyon baxır. Əslində tanınmış şəxslər qanunu pozarsa ikiqat cərimələnməlidir, nəinki onun səhvinə göz yumulmalıdır. Cərimələməlidirlər ki, cəmiyyətə mesaj olsun. Yoxsa tanınmış insanların bu cür çıxışları insanları düşündürür ki, necə olur Səməd Səmədov qaydaları pozur cərimələnmir, ancaq mən gedib filan qədər cərimə ödəyirəm və s. Bu kimi hallar insanların qüruruna toxunur. Çünki bu gün hamı tələsir. Tələsməyən insan yoxdur. Tanınmış olmaq insanlara qayda pozmaq haqqı verməməlidir. Hətta bu cür hal varsa belə, tanınmış adam televiziyada camaatın qarşısında bunu söyləməməlidir". 
 
Psixoloqa görə, bu kimi hallar cəmiyyətdə mədəniyyətin göstəricisidir. Açıq-aydın görünür ki, mədəniyyət çox aşağı səviyyədədir: "Almaniyada hansısa müğənni, məmur, nazir, futbolçu yol hərəkəti qaydasını poza bilər? Həmən cərimələnər. Hətta bəlkə də ikiqat cərimə edər, işdən çıxararlar. Bu cür insanlar cəmiyyətə örnək mesajlar verməlidirlər. Daha "biz qayda pozuruq, polis bizi saxlamır", - kimi mesajlar yox. Bizdəki vəziyyət mədəniyyətin çox aşağı yerdə olduğunun göstəricisidir. 10 ballıq şkala ilə götürsək sıfıra bərabərdir. Məsələn, o gün bir nəfər dələ öldürüb şəklini sosial şəbəkələrdə paylaşdı. Sonradan onu 2000 manat cərimələdilər. Bu zaman sual yaranır insanda. Bəs niyə "Təmiz Şəhər" adlanan qurum küçədəki pişikləri diri-diri yandırdığı halda onu cərimələmirlər? Dövlət strukturudur ona görə? Bax, eyni şeydir. Bu gün Azərbaycandakı mədəniyyət insanların cibindəki puldan asılıdır. Pulun varsa, nə istəsən edə bilərsən. Yoxdursa, qanun var, qayda var. Bu da insanların qüruruna toxunur". 
Müğənnilərin efirdəki etiraflarına Respublika Baş Dövlət Yol Polisi İdarəsindən də cavab gəlib. DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev avtosfer.az-a açıqlamasında bildirib ki, xalq artisti Səməd Səmədovun son çıxışı və ondan əvvəl açıqlama verən müğənnilərin dediyi fikirlər pis nümunədir: "Onlar belə açıqlamalar verməyi prestij hesab edirlər. Amma fikirləşmirlər ki, qaydaları pozmaq ilk növbədə onların özlərinə ziyandır. Qaydanı pozan nə edirsə özünə edir. Qaydalara əməl edən də özünə edir, pozan da. Əməl edən həyatda qalmasına, normal yaşamasına şərait yaradır, Əməl etməyən isə bir dəfə etməyəcək, iki dəfə etməyəcək, ola bilər, yol polisi cəmiyyətdə tanınmış adam kimi ona loyal münasibət göstərib qayda pozuntusuna göz yuma bilər, amma üçüncü dəfə ya qəza törədib özü xəsarət alacaq, öləcək, ya da başqasını yaralayıb öldürəcək. Bu zaman onlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bu dəfə inzibati yox, cinayət məsuliyyətinə cəlb olunacaqlar".
Kamran Əliyev onu da bildirib ki, artistlərin bu hərəkətləri, belə açıqlamalar verməsi cəmiyyətdə normal qəbul olunmur.

Google+ WhatsApp ok.ru