Məhbəsdə ölən məhkumun yaxınları Prezident Administrasiyasına gedəcək

Penitensiar Xidmət “...məlumatlar həqiqəti əks etdirmir” deyir; Elçin Behbudov: “Burada burcutmağın yeri yoxdur”

Dekabrın 25-də 14 saylı çəzaçəkmə müəssisəsində ölən məhkum Elşad Babayevin üç mərasimi keçirilib. Bu haqda “Yeni Müsavat”a onun yaxınlarından biri məlumat verib. Bildirib ki, onlar bu gün (dekabrın 26-da) Prezident Administrasiyasına, Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə gedərək E.Babayevin öldürülməsində suçu olan məmurların məsuliyyətə cəlb olunmasını tələb edəcəklər. E.Babayevin meyiti dekabrın 23-də Qusarın Şirvanovka kəndində torpağa tapşırılıb.

 
“14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu isə APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib. Y. İsakov bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar Xidmət ictimaiyyətə rəsmi açıqlama verib: “Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”.
 
 
“Bu, sırf işgəncədir. Mən xahiş-tələb edirəm, ona bu işgəncəni verib ölümünə bais olanlar qanun qarşısında cavab verməlidirlər. Burada burcutmağın yeri yoxdur. Bu danılmaz faktdır”. Bunu “Yeni Müsavat”a İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. E.Behbudov deyib ki, məhkumun yaxınları ona elektron müraciət ediblər: “Elşad Babayev həyatını evində, küçədə yox, dövlətin cəzaçəkmə müəssisəsində dəyişib. Onun bədənində çoxsaylı işgəncə izləri var. Bu gün (dekabrın 26-da) mən baş prokuror Zakir Qaralova müraciət ünvanlamışam ki, bu ölüm faktı araşdırılsın”.
 
 
E.Behbudov E.Babayevin işgəncə verilərək öldürülməsinə şübhələrin əsassız olduğunu açıqladı: “14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi də, Penitensiar Xidmətin rəhbərliyi də bu hadisəyə görə birbaşa məsuliyyət daşayırlar”.
 
Hüquq müdafiəçisi E.Babayevin ölümü ilə bağlı hazırladığı hesabatı ölkə rəhbərliyinə, müvafiq qurumalara və beynəlxalq təşkilatlara da təqdim edəcəyini açıqladı: “Yanvarın 9-da həmin hesabatı ictimaiyyətə, cəmiyyətə də təqdim edəcək, mətbuata açıqlayacağam”.
Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Babayev dekabrın 22-də müəssisədə dünyasını dəyişib. Bundan sonra müəssisədə saxlanan məhbuslar üsyana qalxıblar. Müəssisəyə qoşun yeridilib.  
 
 
Dünyasını dəyişən E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”ın redaksiyasına gələrək, müxbirimizə dəhşətli faktlar danışıb. O deyib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi.Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyitinin şəkillərini çəkmişəm". 
 
 
 
S.Babayeva qardaşının işgəncələrə məruz qaldığını təsdiq edən şəkillərini də redaksiyamıza təqdim edib. Fotolarda E.Babayevin bədəninin müxtəlif hissələrində yaralar, yanıq izinə oxşayan böyük ölçülü ləkələr, izlər var. Penitensiar Xidmət məsələ ilə bağlı yaydığı açıqlamada bu ləkələrin, izlərin məhkumun bədəni üzərində hansı şəraitdə əmələ gəlməsinə toxunmur. 
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məhkumun ölümü ilə bağlı rəsmi məlumat yayacaqlarını bildirib.
 
Mövzuya qayıdacağıq. musavat /

Google+ WhatsApp ok.ru