Məhkəmə icra başçısının əleyhinə qərar çıxarmaqdan çəkinir

“Xocalı” kiçik müəssisəsinin rəhbəri Əli Nəbiyev dövlət başçısı Ilham Əliyev, ədliyyə naziri Fikrət Məmmədov, həmçinin 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin sədrinə ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Şikayətçi məktubunda yazır:
 
“Xocalı” kiçik müəssisəsinə məxsus inzibati binanın  Nərimanov rayonunun icra başçısının göstərişilə sökülməsi və qanunla tələb olunan kompensasiyanın verilməməsi, müəssisəyə dəyən ziyanın ödənilməsinə görə Icra Hakimiyyətinə qarşı dəfələrlə məhkəmədə iddia qaldırılıb. Iddia ərizələrinə baxılması hakim Zaur Tağıyevə həvalə edilib. Həmin iddia tələblərinin heç biri 2 saylı Inzibati-Iqtisadi Məhkəmədə təmin edilməyib. Məhkəmə faktiki Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin əleyhinə qərar çıxara bilmir.
 
Bir neçə gün əvvəl yenidən 2 saylı Inzibati-Iqtisad Məhkəməsində Nərimanov Rayon Icra Hakimiyyətinə qarşı maddi zərərin ödənilməsi və digər tələblə iddia qaldırmışam.  Iddia tələbin hakim Zaur Tağıyevə həvalə edilib. Onun isə obyektiv, ədalətli qərar çıxaracağına qətiyyən inanmıram. Həmin hakim Nərimanov Rayon Icra Hakimiyyətinə qarşı iddia tələbimi dəfələrlə təmin etməyib. Hesab edirəm ki, icra başçısına qarşı iddia tələbim 2 saylı Inzibati-Iqtisad Məhkəməsindən alınmalı və bu işə 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində baxılmalıdır. Xahiş edirəm, bu məsələnin həllində mənə yardım edin”.

Google+ WhatsApp ok.ru