Manatın daha bir fəsadı- ərzaq təhlükəsizliyimiz təhlükədə...

Ekspertlər bildirirlər ki, bahalaşmanın qarşısının zorla alınması ərzaq təhlükəsizliyimizə zərbədir, Avrozonada yürüdülən ciddi maliyyə yumşalması siyasəti vəziyyəti o qədər də dəyişməyəcək... 
 
Manatın kəskin ucuzlaşmasından sonra xüsusən ərzaq məhsulları bazarında baş verənlər xoşagələn deyil. Qiymətlər inzibati yollarla aşağı salınır, qiymət artımına icazə verilmir. Ekspertlər isə baş verənlərdən narahatdır. 
 
Qeyd edək ki, ölkədə 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi dəyərdən düşüb. Mərkəzi Bankın martın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0496 manat səviyyəsində müəyyən edilib. Fevralın 27-də isə 1 dollar 1,0498 manat olub. Başqa sözlə, dollar manata nəzərən 0,0002 manat və ya 0,02 faiz ucuzlaşıb. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0038 manat və ya 0,32 faiz ucuzlaşaraq 1,1733 manat olub. Qeyd edək ki, fevralın 27-də isə 1 avro 1,1771 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.
 
Martın 1-dən isə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minib. Nazirlər Kabineti 29 yanvar 2015-ci il tarixdə 2005-ci il 15 noyabrda təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ni  yeni redaksiyada təsdiq edib və qərarda yeni aksiz dərəcələrinin 30 gün sonra, yəni martın 1-də qüvvəyə minəcəyi qeyd olunub. Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanı ilə bağlıdır. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyasına əsasən 1 litr ölçü vahidi götürülməklə səməni pivəsi üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu üçün 2 manat, şampan şərabı üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 0,1 manat, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları üçün 2 manat, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları üçün 2 manat, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı üçün 2 manat, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 6 manat, viski  üçün 6 manat, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınanlar üçün 6 manat, cin və ardıc tinkturası üçün 6 manat, araq  üçün 6 manat, likörlər üçün 6 manat, digər spirtli içkilər üçün 6 manat, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti üçün 2 manat aksiz dərəcələri tətbiq olunacaq.
 
Ekspertlər isə bildirirlər ki, ölkədə bütün sahələrdə bahalaşmanın olacağı qaçılmazdır. Həmçinin, bahalaşmaya qarşı inzibati yollarla aparılan mübarizə heç bir səmərə verməyəcək. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, inzibati yollarla bahalaşmaya qarşı mübarizə ərzaq təhlükəsizliyimizi təhlükə altına ala bilər. “Inzibati üsulla mübarizə ona səbəb olacaq ki, sahibkarlar ziyanlarını nisbətən önləmək üçün bazara keyfiyyətsiz və köhnə mallar çıxaracaqlar. Vaxtı keçmiş məhsulları yenidən qablaşdıraraq ölkəyə gətirə bilərlər. Ərzaq təhlükəsizliyimiz şübhə altına düşə bilər, bu, ərzaq təhlükəsizliyimizə ciddi zərbə ola bilər. Keyfiyyətsiz, insan həyatı üçün təhlükəli məhsullar bazarı bürüyə bilər. Sovet dövründə belə inzibati qaydalar ona gətirib çıxardı ki, alverçi adlanan qrup yarandı və xaricdən mal gətirib evlərdə satmağa başladılar. İnsanlar xarici malları ya piştaxtanın altından, ya da alverçilərin evindən almağa başladılar. Burada SSRİ kimi çox əzici gücü olan bir ölkə bunun qarşısını almağı bacarmadı. Azərbaycanda isə bu, sadəcə mümkün deyil. Çox qısa müddətdə az bir effekt verə bilər. Amma məzənnə dəyişikliyi, Azərbaycanın idxaldan asılılığı belə yüksək səviyyədədirsə, bu qiymət artımını inzibati yolla uzun müddət tənzimləmək mümkün deyil. Əksinə, biznesin üzərinə qoyulan yük yenidən spiralvari gücə çevrilərək qiymətlərin üzərinə gələcək. Çünki sahibkarlar bu həftələr ərzində itirdiklərini qaytarmaq üçün yenidən qiymət artımına getməyə məcbur olacaqlar. Ölkənin ərzaq mallarından asılılığı təqribən yarı yarıyadır, 50-55 faiz civarındadır. Bunu necə tənzimləmək olar? Daxili istehsal və bununla da hökumətin çox tez-tez səsləndirdiyi sahələr var ki, onları əslində formal olaraq daxili istehsal adlandırmaq olar. Məsələn, süd məhsullarını götürək. Bazarda yerli istehsal həddindən artıq çoxdur. Amma süd məhsullarının böyük əksəriyyəti xaricdən gətirilmiş quru, toz süddən alınır. Toz maddələrinin, quru südün yenidən istehsal olunması ilə süd məhsulları alınır. Məzənnə bahalaşdıqca, xaricdən alınan toz bahalaşır. Məzənnə bahalaşdıqca, südün maya dəyəri də artacaq. Yerli istehsalçı da məcbur olacaq qiyməti qaldırsın. Ya da daha keyfiyyətsiz və ucuz quru tozun alınmasına gedəcək. Bu da gələcəkdə ərzaqlarda zəhərlənmə hallarına, bazara keyfiyyətsiz malların daxil olmasına gətirib çıxaracaq. Və yaxud da ən çox bazarda yerli məhsul kimi satılan çay məhsullarını götürsək, 90 faizə yaxın həmin məhsullar xaricdən gətirilir, sadəcə burada qablaşdırılır. Yəni istehsalçı da məcburdur ki, yaxın gələcəkdə gətirdiyi məhsulun qiymətini qaldırsın. İnzibati yollarla bunun qarşısını almaq mümkün deyil. Məzənnə fərqi mütləq qiymətlərə yansıyacaq”. 
 
Ekspertin sözlərinə görə, bir müddət əvvəl Rusiyada devalvasiya baş versə də, inzibati müdaxilə edilmədi: “Bizdə müəyyən dərəcədə  hökumət çalışır ki, sovetdən qalma inzibati yolla bəzi məsələləri tənzimləsin. Bu isə yaxın gələcəkdə əks effekt yaradacaq. Məzənnə dəyişikliyinə görə qiymətin artımı hətta Rusiyada da baş verdi. Rusiyada rəsmi inflyasiya artıq 20 faiz civarındadır. Azərbaycanda da buna bənzər hadisələr gedir. Rusiyanın dövlət gücü azdırmı ki, qiymətləri inzibati yolla tənzimləmə yoluna getmədi? Çünki bu, mümkün olmayan bu prosesdir. Daha ciddi şəkildə bazara təsir göstərəcək. Bəzi sahələr üzrə yüz faizlik xaricdən asılılığımız var. O cümlədən geyim, elektrotexnika, məişət avadanlıqları yuyucu tozlar, uşaq yeməkləri ilə bağlı xaricdən asılılığımız böyükdür. Bu sahələrdə xaricdən asılılığımız yüz faiz civarındadır. Bu məhsulların qiymətinin artmaması üçün hansı inzibati tədbirlər görmək mümkündür? Bizdə manatın məzənnəsi 34 faiz azalıb. İş adamları gətirdikləri məhsulu manatla satdıqda 34 faiz ziyana uğrayacaqlar. Yəni bütün bu məsələlər inzibati yolla həll olunması mümkün deyil. Yeganə yol, əksinə, dövlətin biznesə müdaxiləsini kəskin şəkildə azaltmaq, rəqabətli mühit yaratmaq, gömrükdə və vergidə korrupsiyanın aradan qaldırılması, inzibati nəzarət orqanlarının sayını kəskin şəkildə azaltmaqdır. Bu, həm dövlətin yükünü azaldar, həm biznesin fəaliyyəti üçün əlverişli mühit yaradar. Amma görünən odur ki, hökumət sovetdən qalma yanaşma ilə məsələlərə müdaxilə etmək istəyir. Bunun isə fəsadları həddindən artıq çox olacaq”. 
 
Manatın gözlənilən devalvasiyası ilə bağlı N.Cəfərli bildirib ki, milli valyutanın yaxın gələcəkdə bir daha kəskin ucuzlaşması gözlənilmir: “Çalışacaqlar ki, ikinci bir şok yaranmasın. Yəni daha kəskin devalvasiya olmasın. Amma manatı dünya bazarında gedən proseslərə bağlayıblarsa, bu, çox çətin olacaq. Çünki Mərkəzi Bank iki səbətli valyuta tənzimləməsinə keçməsi haqqında bəyanat verib. İki səbətli məzənnə o deməkdir ki, dünyada avro və dolların kursuna uyğun yerli valyuta tənzimlənəcək. Dünyada gedən trend də onu göstərir ki, yaxın zamanlarda avronun məzənnəsinin enməsi gözlənilir. Nə azı bu həftədən bu proses başlayacaq. Çünki dünyada Azərbaycana dəxli olmayan, amma artıq təsir göstərəcək proseslər gedir. Avrozonada ciddi maliyyə yumşalması siyasəti yürüdülür. Martın 1-dən başlayaraq bazara 60 milyard əlavə avro daxil olacaq. Bu da avronun qiymətini salacaq. Avroya qarşı manatın məzənnəsi bir az möhkəmlənsə də, ikili valyuta səbətinə keçid qüvvədə qalsa, manatın dolara qarşı ucuzlaşması davam edəcək”.

Google+ WhatsApp ok.ru