İZZƏT VƏ ŞƏRƏF AMİLİ

İmam Əli (ə) buyurmuşdur:

يا كُمَيْلُ! احْسَنُ حِلْيَةِ الْمُؤْمِنُ التَّواضُعُ؛

“Ey Kumeyl! Möminin ən yaxşı zinəti təvazökarlıqdır.”

(“Biharul-ənvar”, 74-cü cild, səh. 413.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) bu hədisdə dörd mühüm mətləbə toxunur. Həqiqətdə, bu dörd mətləb cəmiyyətə mütərəqqi mədəniyyət və bəzi sözlərə yeni məfhum aşılayır.

O həzrət bu cümlədə zinət sözünə yeni məna vermiş və onu maddi mənasından çıxararaq mənəvi mənada işlətmişdir. Möminin zinət və bəzəyi adlanan təvazökarlıqla bağlı ayə və rəvayətlərdə bir çox mətləblər qeyd edilmişdir. O cümlədən, “Loğman” surəsinin 18-ci və “İsra” surəsinin 37-ci ayələrində buyurulur:

وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا

“Yer üzündə lovğa-lovğa yerimə!”

Görəsən, ayədə qeyd olunan “məşy” (yerimək) sözü təvazökarlığın xarici nümunəsi sayılan adi yerişdir, yoxsa, geniş məna daşıyaraq ictimai, siyasi və mədəni rəftarlara da aiddir? İkinci təfsir nəzərə uzaq gəlmir.

İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: “Təvazökarlığın səmərəsi (başqalarına) məhəbbət, təkəbbürlülüyün nəticəsi isə kin-küdurət və düşmənçilikdir.” (“Qürərül-hikəm”, hədis 4613-4614.)

Təkəbbür və xudbinliyin antonimi olan təvazökarlıq bütün insanlar, xüsusilə elm əhli və cəmiyyətə örnək sayılanlar üçün böyük əhəmiyyət kəsb edir.

 

TƏVAZÖKARLIĞIN QİSİMLƏRİ

Təvazökarlıq üç qismə bölünür:

1. Allah dərgahında təvazökarlıq;

2. Allahın bəndələri müqabilində təvazökarlıq;

3. Haqqın müqabilində təvazökarlıq.

Allah dərgahında və bəndələrinin müqabilində təvazökarlıqda məqsədin nə olduğu aydındır. Əlbəttə, burada Allahın bəndələrində möminlər nəzərdə tutulur. Kafir və düşmənlər müqabilində təvazökarlığın mənası yoxdur, əksinə onların müqabilində başıuca olmaq lazımdır.

Haqqın müqabilində təvazökarlığa gəldikdə isə, birinci və ikinci qisimdən olan təvazökarlığa sahib olan şəxslərin çoxu ona çatdıqda ləngiyirlər! İnsan öz səhv və xətalarını cürətlə qəbul etməli, çətin olsa da və qarşı tərəfin yaşı, təhsili və ictimai mövqeyi aşağı olsa da, həmişə haqqa təslim olmalıdır.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru