MÜBARƏK RAMAZAN AYININ DİGƏR ADLARI

MÜBARƏK RAMAZAN AYININ DİGƏR ADLARI

İmam Səccad (ə) “Səhifəyi-Səccadiyyə”nin 44-cü və 45-ci dualarında mübarək Ramazan ayının yeddi adını bəyan etmişdir ki, hər biri bu mübarək ayın müəyyən bir cəhətini vəsf edir. O həzrət 44-cü duada belə deyir:

الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَ مِنْ تِلْک السُّبُلِ شَهْرَهُ شَهْرَ رَمَضَانَ، شَهْرَ الصِّیامِ، وَ شَهْرَ الْإِسْلامِ، وَ شَهْرَ الطَّهُورِ، وَ شَهْرَ التَّمْحِیصِ، وَ شَهْرَ الْقِیامِ، الَّذِی أُنْزِلَ فِیهِ الْقُرْآنُ، هُدًی لِلنَّاسِ، وَ بَینَاتٍ مِنَ الْهُدَی وَ الْفُرْقَانِ...

Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi; orucluq ayı, İslam ayı, paklıq ayı, saflıq və imtahan ayı, qiyam ayı – elə bir ay ki, hidayət nişanələrinin aydınlaşması, haqqın batildən seçilməsi üçün onda Quranı insanların hidayəti məqsədilə nazil edildi...”

45-ci duada isə mübarək Ramazan ayını salamlayaraq belə deyir:

السَّلامُ عَلَيْكَ يَا شَهْرَ اللَّهِ الْأَكْبَرَ

“Salam olsun sənə, ey Allahın ən böyük ayı!”

İndi isə, mübarək ayın adlarının qısa şərhinə nəzər yetirək:

1. “Şəhrullah” – Allah ayı:

Bu mübarək ayın ilk adı və vəsfi onun “Allah ayı” olmasıdır. Peyğəmbəri-Əkrəm (s) “Şəbaniyyə” xütbəsində bu haqda belə buyurur:

أیُّهَا النّاسُ، إنَّهُ قَدْ أَقْبَلَ إِلَیکمْ شَهْرُ اللَّهِ بِالْبَرَکةِ وَ الرَّحْمَةِ وَ الْمَغْفِرَةِ

“Ey insanlar, həqiqətən, rəhmət, bərəkət və məğfirət (bağışlanma) ayı olan “Allah ayı” sizə üz tutmuşdur. (“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)

Sözsüz ki, bu ad mübarək Ramazan ayının əhəmiyyətini aşılayır. Bu ayda Allahın rəhmət, bərəkət və məğfirəti daha çox nazil olur və Allah bəndələri bu ayda ilahi lürf və mərhəmətdən daha çox bəhrələnə bilərlər. Çünki bu ayda Allah bəndələri ilahi ziyafət süfrəsinin qonaqlarıdır və ilahi rəhmət və razılığa yetmələri üçün yol açıqdır. Elə buna görə də, bu mübarək ay “Allah ayı” adlanır.

2. Ramazan ayı:

Şiə və sünni rəvayətlərində nəql olunur ki, “Ramazan” Allah-Taalanın adlarından biridir. Odur ki, hədislərdə deyilir ki, “Ramazan gəldi, Ramazan getdi” – deməyin. “Ramazan ayı” və yaxud “Mübarək Ramazan ayı” kimi ifadələrin işlədilməsi tövsiyə olunur. (“Mən la yəhzuruhul-fəqih”, Şeyx Səduq, 2-ci cild, səh.172.)

“Ramazan” sözü “rəmz” sözündən alınmış və “yandırmaq” mənasını ifadə edir. Ziyad ibn Məymun əziz Peyğəmbərimizdən (s) belə nəql edir:

سمی بذالک لانه یرمض الذنوب

“Ramazan ayının belə adlanmasının səbəbi odur ki, günahları yandırır.” (“Biharul-ənvar”, 55-ci cild, səh.341.)

3. “Şəhrus-siyam” – Orucluq ayı:

Allah-Taala mübarək ayı bütövlükdə “orucluq ayı” və “orucun vacib olduğu ay” kimi tanıtdırır. Bəlkə də səbəbi bu ola bilər ki, Allah-Taalanın bu ayda lütf və mərhəməti digər aylarla müqayisədə qat-qat artıq və bu ayda ilahi rəhmət və bərəkətlərdən bəhrələnmək üçün zəmin olduqca çoxdur. İnsan bunun şükür və qədirdanlığı oruc tutmaqla yerinə yetirməlidir.

4. İslam ayı:

Mübarək ayın bu adla adlanması ilə bağlı iki məşhur səbəb irəli sürülmüşdür: Birincisi odur ki, burada “İslam” sözü lüğəvi mənada işlənmişdir, yəni “təslim” ayı. Belə ki, insan bu ayda Allahın əmrlərinə daha çox təslim olmalı, digər aylarda halal olan bir sıra istəklərdən çəkinməli və hər zaman Allahın əmrinə boyun əyməlidir. Düzdür, insan həmişə Allaha təslim olmalıdır, amma bu ayda təklif və vəzifə daha çox olduğu üçün təslimçilik və bəndəçilik nümayişi də daha çox olmalıdır. İkinci isə, bəzilərinin nəzərincə, bu mübarək ay yalnız İslam ümmətinə məxsus olub və keçmiş ümmətlərdə “Ramazan” ayı mövcud olmayıb. Keçmiş ümmət və dinlərdə oruc vacib olsa da, “Ramazan” ayı adı ilə təyin olunmayıb və məhz İslam ümmətinə məxsus olduğu bildirilib.

5. “Şəhrut-təhur” – Paklıq ayı:

“Təhur” sözü pak-pakizə, tərtəmiz və pakedici mənasını bildirir. Qurani-Kərimin “Furqan” surəsinin 48-ci ayəsində buyurulur:

وَ أَنْزَلْنا مِنَ السَّماءِ ماءً طَهُوراً

“...Biz göydən tərtəmiz su endirdik.”

Yəni göydən nazil olan su pakedicidir və aludəlikləri təmizləyir. Ramazan ayının da “təhur” və “paklıq” adlanmasında məqsəd odur ki, bu ayda günahlar, çirkinliklər və aludəliklər paklanır. Digər aylarda aludəliklərə bulaşan, günaha qurşanmaqla Allahdan uzaq düşən insan bu ayda oruc tutmaq, Quran tilavət etmək, məxsus duaları oxumaq, raz-niyaz etmək və bir sözlə, Allaha yaxınlaşmaqla günahlarını təmizləyir. Bu ayın xüsusiyyəti oruc tutan insanın günahlardan paklanmasıdır.

6. “Şəhrut-təmhis” – ٍSaflıq və imtahan ayı:

Bu söz Qurani-Kərimdə də işlənmişdir. “Ali-İmran” surəsinin 154-cü ayəsində buyurulur:

وَلِيَبْتَلِيَ اللّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحَّصَ مَا فِي قُلُوبِكُمْ

“...Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin.”

“Təmhiz” söz bu ayədə təmizlik mənasında işlənmişdir. Bəziləri onun imtahan, bəziləri də yaxşını pisdən ayıran məna kəsb etdiyini bildirmişlər. Hər halda, hər üç məna – həm təmizlik və saflıq, həm imtahan, həm də yaxşının pisdən ayırd edilməsi mübarək Ramazanda daha aşkar şəkildə özünü büruzə verir. İnsanlar bu ayda oruc tutmaqla həm qəlblərini çirkinliklərdən təmizləyir, həm sınaqdan keçirilir, həm də yaxşılar pislərdən, möminlər günahkarlardan seçilirlər.

7. “Şəhrul-qiyam” – ٍQiyam ayı:

“Qiyam” dedikdə, bu mübarək ayda ilahi əmrlərin icra edilməsi nəzərdə tutulur. Bəlkə də məqsəd bu ayda gecələri oyaq qalıb ibadət və münacatla məşğul olmaq və yaxud da obaşdana durmaq mənalarını daşıyır. Adətən, insan ibadətləri yerinə yetirmək üçün qiyam etməli, ayağa qalxmalıdır.

Bir sözlə, Allah ayı adını daşıyan mübarək Ramazan ayının mənəviyyat və səfa-səmimiyyətlə dolu anları sayəsində iman ruhumuzu möhkəmlətməli, əməllərimizi cilalamalı, gözəl əxlaq nümayiş etdirməli, günahlardan çəkinməli, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatımızı zənginləşdirməliyik!

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru