Milli Məclisdə iflas etirafları

Illərdi ölkədəki problemlərdən, bu problemlərin həllinin vacibliyindən yazırıq. Əgər bu illər ərzində hökumət tənqidlərdən nəticə çıxarsaydı, üzə çıxan problemlərin həlliylə məşğul olsaydı, bu gün tamam fərqli bir mənzərənin şahidi olardıq.
 
Amma Azərbaycan hakimiyyəti tənqidə nifrət edir, problemlərdən, çatışmazlıqlardan danışanları susdurmağa çalışır. Əks halda ölkədə bu qədər siyasi məhbus olmazdı, söz azadlığı sıradan çıxarılmazdı, azad sahibkarlıq məhv edilməzdi və s.
 
 
Amma indi problemlər o qədər qabarıq şəkildə üzə çıxıb ki, hökumət də bunu gizlədə bilmir. Nə qədər yalançı inkişafdan danışsalar da, özlərini təkzib etməyə, uğursuzluğu etiraf etməyə məcbur olurlar. Elə rəsmi rəqəmlər də bütün sahələrdəki geriləməni açıq şəkildə göstərir.
 
Bugünlərdə Milli Məclisin növbəti iclası keçirildi və hökumətə sözçülük edənlər yartımaz siyasətin yaratdığı  böhranı etiraf etdilər.
 
Məsələn, YAP-ın siması olan Siyavuş Novruzov etiraf edib ki,  hökumətin həyata keçirdiyi torpaq islahatları kəndlini çətin vəziyyətə salıb. O bildirdib ki, kəndli əkib-becərir, amma məhsulunu bazara çıxarda bilmir. Eyni zamanda bildirib ki, sahibkar emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək.
 
Bəli, etiraf olunur ki, sahibkarlığın inkişafına məqsədli əngəllər törədilib və bu əngəllər hələ də qüvvəsindədir.
 
Ramiz Mehdiyevin kürəkəni, millət vəkili Ilham Əliyev deyib ki, banklarda insanları kifayət qədər məlumatlandırmadan onları kreditlə bağlı müqavilələrə qol çəkdirirlər,   devalvasiyadan sonra onlardan qat-qat artıq pul tələb edirlər, banklar öz risklərini sığortalamaq üçün çox yüksək faizlərlə kredit verirlər. O bildirib ki, kredit müqaviləsində faiz göstərilmir, insanlar bu gün problem içərisindədir və vətəndaşların banklar tərəfindən aldadılır.
 
Biz də uzun müdətdir bu problemdən yazırıq. Iri məmurlara məxsus bankların vətəndaşlara zülm etdiyini, bu bankların devalvasiyadan mənfəətlə çıxdığını və sadə vətəndaşın müflisləşdiyini yazırıq. Indi millət vəkili də etiraf edir ki, vətəndaş problemin içində boğulur.
 
Hökumətin başqa bir sözçüsü deputat Çingiz Qənizadə etiraf esdib ki, vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. Eyni zamanda istifadə edilməyən pay torpaqlarıyla bağlı qanunun işləməyəcəyini, kəndlinin hər hektara görə 1000 manat ödəmək iqtidarında olmadığını bildirib.
 
Deputat Vahid Əhmədov Əlavə Dəyər Vergisinin 18 faiz olmasının ölkə iqtisadiyyatının inkişafına mənfi təsir etdiyini bildirib. Eyn zamanda pay torpaqları ilə bağlı cərimə qaydalarının biabırçılıq olduğunu qeyd edib.
 
Deputat Adil Əliyev manatın devalvasiyasından sonra bağlanan kiçik mağaza sahiblərinə güzəşt olunması təklifi ilə çıxış edib. O etiraf edib ki, devalvasiyadan sonra xeyli mağazalar qapadılıb, hətta təmsil olunduğu Nərimanov rayonunda xeyli sahibkar fəaliyyətini dayandırıb. Deputat bu adamların banklardan kredit götürdüklərini, borclarını ödəyə bilmədiklərini və problemin həlli üçün sahibkarların müəyyən müddət ərzində vergidən azad edilməsinin vacibliyini vurğulayıb.
 
Bəli, bütün bunları biz demirik, hökumətin təyinatlı deputatları etiraf edir. Etiraf olunur ki, bütün sahələrdə ciddi çatışmazlıqlar var və bu problemləri hökumət yaradıb.
 
Bank sektorundakı, kənd təsərrüfatındakı, vergi sahəsindəki çatışmazlıqları illərdi tirajlayırıq, amma hər dəfə hökumət “inkişafı gözünüz götürmür” kimi çürük arqumentlə qarşılıq verib.
 
Nəticə isə göz qabağındadır, bütün problemlər şişərək ciddi fəsadlar yaradıb. Təbii ki, bu problemlər kimlərinsə özfəaliyyəti nəticəsində yaranmayıb, sistemin mahiyyətindən,  acgöz idarəçilikdən doğub. (azadliq.info)

Google+ WhatsApp ok.ru