Mingəçevirdə ixtisarlar dalğası

Öncə «Azərbaycan IES», sonra «Akkord Mingəçevir Maşınqayırma Zavodu»

Növbədə kimdir?

“Azadlıq”ın ötən saylarında yeni ildən ölkədə kütləvi ixtisarların gözlənildiyi barədə məlumat verilmişdi. O zaman ekspertlərin bir qismi hakimiyyətin bu addımının səbəbini neftin daha da ucuzlaşacağının fərqində olduğu üçün atdığı qənaətindəydilərsə, digər bir qism Azərbaycanda 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar ciddi maliyyə tələb edən layihələrin dayandırılaraq, bütün vəsaitlərin bu istiqamətə cəlb olunmasıyla izah edirdilər.

Istənilən halda, bütün bunlardan ən böyük əziyyəti sadə insanların çəkdiyi ortadadır.

Mingəçevirdəki “Azərbaycan IES” MMC-nin 200-dən çox əməkdaşının ixtisara salınacağı barədə məlumat vermişdik. Məlumatda dekabrın 27-də “Azərenerji”dən stansiya rəhbərliyinə 2015-ci il yanvar ayının 1-dən 200-dən artıq işçi ilə əmək müqavilə bağlanılmamasına dair tapşırıq gəldiyi qeyd olunurdu. Bu xəbər isə şəhərin aparıcı sənaye müəssisələrindən biri(ncisi) olan və ölkənin əsas elektrik enercisi istehsalçısı sayılan “Azərbaycan IES” MMC-də xeyli ciddi narahatçılığa və narazılığa səbəb olub. Stansiya rəhbərliyindən bununla bağlı hələlik heç bir rəsmi açılama almaq mümkün olmayıb.

Bu günlərdə isə oxşar bir xəbər şəhərdəki “Akkord Mingəçevir Maşınqayırma Zavodu”ndan daxil olub. Belə ki, bu müəssisənin də işçilərinin böyük bir qismi artıq neçənci dəfədir ki, öz hesablarına məzuniyyətə buraxılıblar. Bu haqda bölgə müxbirimizə məlumat verən işçilərin sözlərinə görə, onlara nə zaman işə dönəcəklərinə dair heç nə söyləməyiblər. Məlumatda həmçinin o da qeyd olunur ki, artıq son bir neçə ayda xeyli sayda işçi müxtəlif bəhanələrlə işdən azad olunub. /

Google+ WhatsApp ok.ru