Misirdə genişləndirilmiş Süveyş kanalı istifadəyə verilib

Misirdə genişləndirilmiş Süveyş kanalının təntənəli açılış mərasimi keçirilib.
 
Göyərtəsində Misir prezidenti Abdel Fəttah Sisinin olduğu “Əl Horriyə” yaxtasının başçılıq etdiyi hərbi donanma helikopterlərin və hərbi təyyarələrin müşayiəti ilə kanaldan keçib.
 
Misir prezidentinin sözlərinə görə, ölkədə bir neçə il davam edən siyasi və iqtisadi gərginlikdən sonra 35 km uzunluğu olan Süveyş kanalının ikinci  hissəsinin  tikintisi və kanalın qalan hissəsində məcranın genişləndirilməsi ölkə iqtisadiyyatının inkişafına güclü təkan verəcək.
 
Qeyd edək ki, cəmi bir il davam etmiş tikinti işlərinə Misir  8,2 mlrd dollar vəsait sərf edib.  
 
Layihənin əsas məqsədi gəmilərin hər iki istiqamətdə hərəkətini təmin etməkdir. Belə ki, cənubdan şimala doğru hərəkət edən gəmilər kanalın əvvəlki məcrasından, şimaldan cənuba üzən gəmilər  isə yeni məcradan istifadə edəcəklər.  Bu kanalda “tıxac”ların aradan qaldırılmasına imkan verəcək  və kanaldan keçmə vaxtını xeyli (18 saatdan 11 saatadək) azaldacaq, həmçinin, kanalın sutkalıq buraxma qabiliyyəti 49 gəmidən 97 gəmiyədək artacaq.     
Qeyd edək ki,  Süveyş kanalı dünya üzrə yük dövriyyəsinin 7 faizini təmin edərək Yaxın Şərq neftinin Avropaya tədarük olunmasında əsas rol oynayır, Misir üçün isə turizmdən sonra ikinci mühüm valyuta mənbəyidir.   
 
Süveyş kanalının  genişləndirilməsi Misirin bu sahədən əldə etdiyi gəlirləri artıq  2023-cü ildə 2,5 dəfə - 13,2 mlrd dollaradək (hazırda 5,3 mlrd dollar təşkil edir) artacaq.   

Google+ WhatsApp ok.ru