Ümmətin Qəzza imtahanı

Kimlər çıxa bildi bu imtahandan?

İsrail bu dəfə də heç bir tutarlı səbəb göstərmədən Qəzzaya hücum etdi. Zatən heç bir zaman bəhanəyə ehtiyacı olmayan yəhudi dövlətinin bu dəfə ötən ay Qərbi Şəriədə qaçırılaraq öldürülmüş 3 israillinin qisasını almaq bəhanəsi ilə Qəzzaya hücum etdi. 5 gündür davam edən amansız bombardman nəticəsində Qəzzaya atılan 1300 İsrail raketi 165 fələstinlinin ölümünə səbəb olub. Bu hücumun dəhşətini sübut edən bir fakt ondan ibarətdir ki, ölənlərdən 33-ü – 16 yaşdan aşağı - uşaq, 16-sı isə qadındır. Yalnız şənbə günü bombardmanda 56 nəfər (1-i uşaq) ölüb.
 
Qəzzanın dəhşət tablosunu çəkmək mümkün deyil. Dünya mediası, sosial şəbəkələr parçalanmış körpə uşaq cəsədləri fotoları ilə dolub daşır. İsrail isə öz işindədir. Dünyada ən sıx məskunlaşmanın olduğu Qəzzaya dayanmadan raket yağdırır. BMT-nin məlumatına görə, “HƏMAS hədəflərini vuran” İsrailin atdığı bombalardan ölənlərin 77 faizi mülki insanlardır. İsrail dövlətinin Qəzzaya qarşı növbəti vəhşiliyi və dünyanın buna susqunluğu bəşəri bir cinayətdirsə, buna şərik olan müsəlmanlar da var. 
 
Qəti şəkildə inanıram ki, Qəzzaya İsrailin növbəti (onsuz da hər 2-3 ildən bir geniş hücum, il ərzində isə onlarla hava hücumu olur – K.R) hücumunun Ramazan ayında baş verməsi təsadüf deyil. Müsəlman aləmi bir Qəzza imtahanı verir. Müsəlman dünyasının düz mərkəzində, kiçik bir ərazi açıq şəkildə işğalçıların hücumlarına məruz qalır, hər gün onlarla insan öldürülür, mülki obyektlər, xəstəxanalar dağıdılır, açıq irqçi çağırışlar edilir, amma müsəlman dünyası səsini çıxarmır. İraqda, Suriyada hakimiyyət uğurunda cihad fətvaları verən, müsəlmanları bir-birinin qanını tökmək üçün səfərbər edən, bunun üçün pul ayıran müsəlman başbilənləri susqundurlar. Müsəlman aləmi Qəzzadakı uşaqlara 4 milyon dollar ayıran futbolçu Kriştiano Ronaldo ilə təskinlik tapdı. Yeganə yardım sədası uzaq Mərakeşdən gəldi. Bu ölkənin hökuməti Qəzzaya yardım üçün 5 milyard dollar ayırdığını və yaralıları müalicə olunması üçün şərait yaratmağa hazır olduğunu bəyan edib. 
 
Amma bu, çox azdır. Bəs digər ərəb hakimiyyətləri? Neftdən hər gün milyonlarla dollar gəlir əldə edən dünyanın ən zəngin hökumətləri nədən hərəkətə keçmirlər? Doğrudanmı, Suriyada Bəşər Əsdin devrilməsi və ya İraqda Malikinin hakimiyyətdə qalması Qəzzada insanlıq dramı ilə müqayisədə daha ciddi problemdir? İnanaqmı? Suriyada hakimiyyət müharibəsinə ayrılan vəsaitin, göstərilən dəstəyin yarısı Fələstinə ayrılsaydı, bu gün Qəzzada bu faciələr baş verməzdi. 
 
Bütün bunların heç biri yoxdur və gözlər önündə bir xalq öz torpaqlarında bombalanaraq qırılır. Bütün bunlar olmadığı üçün müsəlman həmrəyliyi, ümmətçilik haqda çağırışların siyasi ritorika olması, ərəb rejimlərinin Qərbin oyuncağı olduğu ilə bağlı iddialara inanmamaqdan başqa çarə qalmır. Doğrudanmı müsəlman dünyasının mərkəzində, 1,6 milyardlıq müsəlmanın əhatəsində yerləşən İsrailin mühasirəsi altında qalan, artıq illərdir dünyanın “canlı həbsxanası” adlandırılan Qəzzanı xilas etmək mümkün deyil? Uzun illərdir ki, mütərəqqi müsəlman ziyalıları Fələstin məsələsini çözülməsinin bu qədər uzanmasının arxasında dayan əsas səbəblərin ərəb dövlətlərinin Qərblə gizli əməkdaşlığı olduğunu iddia edirdilər. Son hadisələr bunu bir daha təsdiqləyir. 
 
Allah müsəlmanları Qəzza sınağı ilə imtahan edir. Etiqad etdiyi, iman gətirdiyi İslam dininə, onun buyruqlarına nə qədər bağlı olduğunu bu cür sınaqdan çıxarılır. Bu imtahandan çox az insan keçir. Qəzzada ölən uşaqlardan savayı, çox az adam. 
 
Kənan Rövşənoğlu

Google+ WhatsApp ok.ru