Qəzzadan xəbər var (VİDEO)

Beynəlxalq təşkilatların açıqlamaları sadəcə protokoldur

Coğrafi baxımdan Fələstin torpaqları bizdən uzaqda yerləşsə də mənəvi baxımdan burda baş verənlər hər bir müsəlmana maraqlıdır. Son 10 gündə Qəzzaya İsrail ordusunun atdığı bombaların sayı bitib-tükənmir.
 
ANS TV-nin məlumatına görə, son bir həftədə fələstinlilər demək olar ki, hər saat bu bombardmana şahidlik edirlər. İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı durmadan artır. Həlak olanların sayı 200-ü keçib, mindən çox isə yaralı var. Qəzzadan dünyaya yayılan kadrlarda aydın görünür ki, İsrail hərbçilərinin əsas hədəfi dinc sakinlərdir.
 
İsrail hərbçiləri Həmasın hərbi texnikasının olduğu iddia olunan yaşayış binasına xəbərdarlıq atəşi açır. Beynəlxalq qanunlara görə, xəbərdarlıq atəşindən sonra fasilə verilməli və mülki insanlar binadan çıxmasına zaman tanınmalıdır. Amma xəbərdarlıq atəşindən 57 saniyə sonra bina raket hücumuna məruz qalır və dinc sakinlə dolu bina yerlə-yeksan olur.
 
İsrail ordusu ilk dəfə olaraq dəniz piyadalarını da Qəzza ərazisinə göndərib və burdakı kiçik miqyaslı döyüşlərə qatılıblar. Silahlı toqquşmada 4 İsrail əsgərinin yaralandığı xəbər verilir. Düzdür. Həmas da bu zərbələri cavabsız qoymayıb. Ötən gün onların İsrailə 300-dən çox raket atdığı xəbər verilir. Amma İsrail tərəfi həmin raketləri vaxtında zərərsizləşdirə bilib.
 
İsrailin Fələstinə müdaxiləsi dünya ictimaiyyətinin etirazına səbəb olsa da, konkert addım atan yoxdur. Amma Türkiyə hadisələrə biganə qala bilmir. Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstinə müdaxiləsi ilə əlaqədar bu ölkə ilə münasibətlərin yenidən gözdən keçiriləcəyini açıqlayaraq rəsmi Tel Əvivi qeyri-səmimilikdə ittiham edib.
 
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İsrail bu ölkə ilə münasibətdə həmişə qəddarcasına öz kinini nümayiş etdirib, qanlar töküb.
 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası isə İsrail ilə Fələstin arasında yaşanan gərginliklə əlaqədar qətnamə qəbul edib. Qətnamədə tərəflərin raket zərbərlərinə son qoyması, 2012-ci ildə əldə olunan atəşkəsin bərpa olunması tələb olunur. Təhlükəsizlik Şurası hər iki ölkəni insan haqlarına hörmət etməyə, mülki vətəndaşları qorumağa çağırıb. Lakin İsraildən gələn cavab hər kəsi təccübləndirib. İsrail baş naziri Benyamin Netanyahu Qəzzada çoxsaylı insan itkilərinə görə, Həmas hərəkatını təqsirləndirərək, əməliyyatların hələ uzun müddət davam edə biləcəyini açıqlayıb.
 
Netanyahu, eyni zamanda İranın bostanına daş ataraq, İslam Respublikasını Həması maliyyələşdirməkdə, silahlandırmaqda və döyüşçülər üçün təlimlər keçirməkdə günahlandırıb. Son 60 ilin tarixi isə onu göstərir ki, beynəlxalq təşkilatların bu açıqlamaları, eləcə də toplaşmaları sadəcə protokoldur. Belə olmasaydı, hər il minlərlə fələstinli uşaq-qoca bilmədən öldürülməzdi.

Google+ WhatsApp ok.ru