MTN-in “vurulan” əməkdaşlarına ali rütbələr nə vaxt verilib?

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylardan sonra MTN şefi Eldar Mahmudov başda olmaqla həmin nazirliyin xeyli əməkdaşı vəzifəsi ilə vidalaşalı olub. Onlardan 9-u generaldır. Işdən azad olunan generalların hamısını ali rütbəyə prezident Ilham Əliyev layiq görüb. Eləcə də onların bir çoxu yüksək dərəcəli orden və medallarla təltif olunub. “Vurulan” generallara nə vaxt ali hərbi rütbə verilməsini və onların hansı ordenlərlə təltif olunmasını oxucularımıza təqdim edirik.

1.Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov.

eldart

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilib.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2014-cü il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova general-polkovnik ali hərbi rütbəsi verilib.

2.MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev.

2012-ci ilin martında prezident Ilham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Rütbələndirilənlərdən biri də Quliyev Teymur Rəcəb oğlu olub.

3.MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova. 2009-cu ildə Əməliyyat-Texniki Idarəsinin rəisi Natəvan Mürvətovaya general-mayor rütbəsi verilib. 2013-cü ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

4.MTN-in Transmilli Iqtisadi Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin rəisi, general-mayor Sübahir Qurbanov.

2011-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinin rəisi Sübahir Xalıq oğlu Qurbanova general-mayor ali hərbi rütbəsi, 2007-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib.

5.Baş Idarə rəisi, general-mayor Tarverdi Məmmədov.

2014-cü ilin martında general-mayor ali hərbi rütbəsi verilib. 2013-cü ildə isə Tarverdi Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

6.Baş Idarə rəisi, general-mayor Pərviz Səfərov.

2013-cü il martın 27-də Pərviz Səfərov general-mayor ali hərbi rütbəsi alıb. 2014-cü ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

7.Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev.

2015-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib, 2007-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.

8.MTN-in Kadrlar Baş Idarəsinin rəisi, general-mayor Əlimusa Əliyev.

2006-cı il martın 27-də Əlimusa Əliyevə general-mayor rütbəsi verilib. 2007-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

9.MTN-in Əks-Kəşfiyyat Baş Idarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev.

2010-cu il martın 29-da Əsədullayev Ədalət Hüseyn oğluna general-mayor hərbi rütbəsi, 2012-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib.

Düzdür, bu sərəncamları prezident imzalayır. Amma həmin şəxslərin yüksək vəzifələrə və təltiflərə layiq görülməsi üçün təqdimatların olması zəruridir. Nəzərə alsaq ki, MTN başqa dövlət qurumlarından fərqlənir. Onda bu təqdimatların məsuliyyətini təkcə nazir Eldar Mahmudovun üzərinə atmaq olmaz. Vəzifəsindən uzaqlaşdırılmış MTN əməkdaşlarının (onların bəzisi cinayət məsuliyyətinə də cəlb olunub) yol verdiyi nöqsanlarda nazirliyin rəhbəri ilə yanaşı Prezident Administrasiyasında bu işə sorumlu şəxslər də günahkardır.

Google+ WhatsApp ok.ru