Mövsüm Səmədovun vəkilinə görüş icazəsi verilməyib

Dünən AİP lideri Mövsüm Səmədovun yenicə köçürüldüyü 12 saylı CÇM-də karsa salındığı və buna etiraz olaraq aclıq aksiyasına başladığı barədə məlumat vermişdik. 
 
Maide.az-ın məlumatına görə, bu gün Mövsüm Səmədovun vəkili Anar Qasımlı onunla görüşə gedib, amma görüşə buraxmayıblar. Vəkili qəbul edən rəis müavini bildirib ki, "onun görüş verməyə icazəsi yoxdur. Bu iş, ancaq rəisə məxsusdur."
 
Anar Qasımlı həmçinin bildirdi ki, rəisi qəbul saatı olmasına baxmayaraq, onu qəbul etməyib. Həmçinin Mövsüm Səmədova aparılan yeməyi də qəbul etməyiblər.
 
Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
 
İndiyə kimi o, 11 saylı cəzaçəkmə müəssisəsində həbsdə olub. 11 saylı müəssisənin rəisi onu yanına çağırıb və elə otağından da 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Mövsüm Səmədova əşyalarını və paltarlarını götürməyə icazə verilməyib.
 
Anar Qasımlı həmçinin bildirdi ki, onun digər müvəkkili - Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov da karserə salınıb. Buna səbəb isə onun gecə durub namaz qılması olub. Hansı ki, indiyə kimi o, gecə ibadətini yerinə yetirirmiş və buna görə ona heç kim heç nə deməyibmiş.

Google+ WhatsApp ok.ru