Nazir müavini: Qəzaya uğrayan təyyarədə həlak olanlar arasında əcnəbi vətəndaş yoxdur - FOTO

Tehran-Təbəs reysini həyata keçirərkən qəzaya uğrayan təyyarədə həlak olan şəxslərin hamısı iranlıdır və onlar arasında əcnəbi vətəndaş yoxdur.

MaİSNA agentliyinə istinadən xəbər verir ki, İranın yol və şəhərsalma nazirinin müavini Əhməd Məcidi qəzaya uğrayan təyyarənin pilotunun ukraynalı olması barədə yayılan xəbərləri təkzib edib və deyib ki, təyyarənin pilotu və ekipaj üzvlərinin hamısı iranlı olub.

O əlavə edib ki, bütün sərnişinlər həlak olub.

Məcidi "AN-140" təyyarəsinin İran və Ukraynanın müştərək istehsalı oluduğunu vurğulayıb.

İran Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm Mehr agentliyinə açıqlamasında deyib ki, təyyarənin qəzaya uğraması anı müşahidə kameraları tərəfində lentə alınıb: "Təyyarə qəzaya uğramazdan əvvəl onun motorlarından birində yanğın baş verib".

O əlavə edib ki, təyyarədə 48 sərnişin olub, onlardan 45 nəfəri həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

İran KİV-lərinin məlumatına görə, sərnişinlərdən 3 nəfər təyyarədən tullandıqları üçün sağ qalıblar.

Yaralılar ağır yanıq xəsarəti alıblar.

İran parlamentinin nümayəndəsi Mehrdad Lahuti parlamentin bugünkü iclasında çıxışı zamanı İranın Mülki Aviasiya Təşkilatını tənqid edib və deyib ki, təyyarənin uçuşuna icazə verilməməli idi: "Ona görə ki, bu tip təyyarə bundan öncə İsfahanda sınaq ucuşu zamanı qəzaya uğramışdı. Həmçinin parlament nümayəndələri təyyarənin istehsal prosesi ilə tanış olarkən onun təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirmişdilər".

Həmçinin İran Böhranın İdarəedilməsi Mərkəzinin Tehran əyaləti üzrə işçi qrupu təyyarə qəzası ilə bağlı iclas keçirib.

Maide.az-ın Təsnimnews-a istinadən xəbər verir ki, iclasda bildirilib ki, "Sepahan" aviaşirkətinə məxsus "AN-140" tipli təyyarə Tehrandan Təbəs şəhərinə uçarkən paytaxtın Tehransər xiyabanında qəzaya uğrayıb. Təyyarədə 41 sərnişin olmalı imiş, lakin sərnişinlərdən biri gecikdiyi üçün təyyarəyə minə bilməyib. Avialaynerdə olan 40 sərnişindən 3-ü körpə, 3-ü isə azyaşlı uşaq olub. Həmçinin təyyarədə 8 ekipaj üzvü olub.

İclasda, həmçinin bildirilib ki, qəza zamanı ümumilikdə 9 nəfər yaralanıb. Onlardan biri xəstəxanada vəfat edib. 8 yaralıdan 4-ü kişi, 4-ü isə qadındır. Onlardan ikisinin vəziyyəti kritikdir./

 

Google+ WhatsApp ok.ru