Novxanı sakinləri səhər oyanıb viranə gördülər - FOTO

Novxanı sakinləri səhər oyanıb viranə gördülər - FOTO

Novxanı sakinləri bir neçə gündür görünməmiş hadisə ilə üzləşib. Sakinlər bildirirlər ki, Binəqədi-Novxanı yolunun üzü çimərlik istiqamətindəki hissəsinin kənarında yerləşən evlərin həyətyanı sahələrinin hasarları sökülür. 
 
Orada yaşayan şəxslərin sözlərinə görə, bir neçə gündür başlayan bu söküntü sakinlərə xəbər edilmədən aparılır:
 
"Bu görüntülər Sumqayıt məmurlarının özbaşınalığıdır. Gördüyünüz yerlər Novxanı bağlarıdır. Xəbər etmədən yolu genişləndirmək məqsədi ilə səhər tezdən gələrək hasarları sökürlər. 
 
Sübh tezdən gələn şəxslər işlərini gördükdən sonra heç bir izahat vermədən ərazidən uzaqlaşırlar". 
 
Ərazidə söküntü işlərinin aparılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumun rəsmi saytında göstərilən nömrəyə zəng vursaq da, səylərimiz boşa çıxdı. 
 
Daha sonra yolda aparılan işlərlə bağlı "Azəravtoyol" ASC ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yolun genişləndirilməsi iki istiqamətdə aparılır, ancaq işlər gedən yerdə söküntü yoxdur.
 
"Hal-hazırda Novxanı-Pirşağı və Binəqədi-Novxanı istiqamətlərində genişləndirmə işləri aparılır. Orada söküntü işləri yoxdur, yalnız boş olan ərazilərdə genişləndirmə işləri gedir. 
 
Ola bilsin, qəsəbə ərazisində yolun muhafizə zolağına düşən hasarlar var, onun bir hissəsi sökülsün. 
 
Ümumiyyətlə, yolun sağ-sol istiqamətdə kənarlarında mühafizə zolağı deyilən müəyyən bir ərazi var, hansı ki, həmin yerlərdə hər hansı tikinti işləri aparmaq qadağandır. Böyük söküntü o vaxt aparılacaq ki, həmin ərazilər genişlənmə işlərinə əlavə ediləcək. 
 
Əlbəttə ki, öncə kompensasiya və digər lazımi işlər həyata keçirildikdən sonra", - Anar Nəcəfli bildirib. (milli.az) / 

Google+ WhatsApp ok.ru