Oliqarxlar milyonluq obyektlərini satışa çıxardı

«Kredit qalmaqalı»na görə həbs olunan iş adamlarından 43 nəfəri borclarını ödədiyinə görə azadlığa buraxıldı

Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda adı hallanan keçmiş deputat Dünyamin Xəlilova məxsus “Globus Plaza” satışa çıxarılıb. Dünyamin Xəlilovun saxlanılmasından sonra plazada axtarış işləri həyata keçirilib və kassalar möhürlənib. Plazanın mühasibləri isə dindirilmək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparılıb.
Daha sonra isə şirkətin satışa çıxarılması məsələsi müzakirə olunub. Plaza işçilərinin aznews.az-a verdiyi məlumata görə, şirkətin artıq ilk müştərisi var. Müştərinin adı çəkilməsə də, onun türkiyəli iş adamı olduğu deyilir.
 
Cahangir Hacıyevə məxsus brend mağaza “Harvey Nichols” da “Globus Plaza”da yerləşir. “Harvey Nichols” brendi adına xələl gətirdiyi üçün Cahangir Hacıyevə verdiyi françayzinq səlahiyyətlərini geri götürüb.
 
Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” ticarət mərkəzi də satışa çıxarılıb. Axar.az-ın məlumatına görə, 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır.
Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir.
 
 
“İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada  200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu. Ticarət mərkəzinin son dönəmlərdə  həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur.
 
Bu arada APA xəbər yayıb ki, Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. Onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir.
 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı Ibrahim Nehrəmli və başqaları da olub. Adı çəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.    
 
“Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. Onu heç kim həbs etməyib, hazırda Azərbaycandadır”
Bunu isə azvision.az-a açıqlamasında Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.
 
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ölkədən qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Elçin Behbudov bunun cəfəngiyyat olduğunu deyib.
 
Lakin Elçin Behbudov Cahangir Hacıyevin Azərbaycanda olması barədə dediklərinin həqiqət olduğuna dair heç bir arqument gətirməyib. Məsələn, Elçin Behbudov Cahangir Hacıyevlə görüşdüyünə görəmi belə deyir, bu aydın deyil. Hüquq müdafiəçisi bu barədə heç nə bildirməyib. Qeyd edək ki, iş adamları ilə bağlı həbslərə start verilən gündən Cahangir Hacıyev barədə heç bir məlumat yoxdur. Onun həbs olunub-olunmadığı bilinmir. Bəzi iddialara görə, o, xüsusi nəzarət altında saxlanılır.

Google+ WhatsApp ok.ru