Polisləri döyməkdə ittiham olunan ailədən - Açıqlama -YENİLƏNİB

Nərimanov RPİ-nin yüksək vəzifəli şəxslərinin döyülməsi barədə bu gün “Qafqazinfo”da məlumat yayımlanıb.
 
İlkin informasiyalara görə, Nina İbrahimova, qızı 1991-ci il təvəllüdlü Rəbiyyə və oğlu 1980-cı il təvəllüdlü Anar İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünə və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsatət yetiriblər.
 
Hadisədə adı hallanan Nina İbrahimova “Qafqazinfo”ya açıqlamasında hadisənin necə baş verdiyini danışıb: “Coşqun Orucov bizim “moyka”nın yanında qaraj açıb, sonradan qanunsuz olaraq onu “moyka” kimi işlədirdi. Apellyasiya məhkəməsi onun qanunsuz olması ilə bağlı qərar verib. Aprelin 8-də bizim “uçaskovı” Abusəlim evimizə gəlib dedi ki, Nina xanım, səni Fərman Fərmanov (Nərimanov RPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin rəisi) çağırır. Dedi ki, “moyka” məsələsi ilə bağlıdır. Məhkəmənin qərarını götürüb getdim, otağa girən kimi Fərman Fərmanov məni söyüb “sən nə lotuluq edirsən, qoymursan ki, Coşqun “moyka” işlətsin” dedi. Qərarı ona verdim, kağızları üzümə çırpıb Abusəlimə tapşırdı ki, bunun evini nəzarətda saxlayın: "Qızını da, oğlunu da, bunu da atacağam içəri". Aprelin 15-də 82 yaşlı anam rayondan gəlmişdi, oğlum ona görə bizdə idi. Bizim “moyşik” zəng edib dedi ki, polislər gəlib.
 
Samir Ağayevlə Fərman Fərmanov mənə dedilər “moyka”nı bağla. Coşqunun bacısı Vəsilənin Samirlə münasibəti var deyə belə edirlər. Onlardan “moyka”nın bağlanması barədə rəsmi qərar tələb etdim. Bu vaxt gördüm polislər qızımla oğlumu evdən itələyərək çıxarıb gətirirlər. Bütün bunlar videoya çəkilib, orada polislər oğlum Anarı döyürlər, Fərman Fərmanov mənim qızımı qaldırıb asfaltın üstünə çırpır. Biz də “Qorotdel”ə general Mirqafar Seyidova şikayət etmək üçün getdik. Nərimanovun polisləri 82 yaşlı anamla birlikdə bizi döyərək telefonlarımızı əlimizdən alıb, maşından düşürtdülər. Bizi Nərimanov polisinə gətirdilər, heç bir səbəb demədən gecə saat 1ə işləmişə kimi orada saxladılar. Oğlum Anarı Fərman Fərmanovun otağına aparıblar, deyiblər burada kamera yoxdu. Oğlum deyir ki, Samir Ağayev onun əllərinə qandal vurub, sonra açdılar ki, iz düşməsin. İki nəfər qolumdan tutdu, döyməyə başladılar. Hətta rəisin müavini Nizami İsmayılov da gəlib onu döyüb. Anara onun arvadının kimliyi və oğlunun hansı məktəbdə oxumasını bildiklərini deyiblər.
 
Deyiblər “yaz ki, mən polisləri dubinka ilə döymüşəm, arvadın cavandı, bilirsən də bura gəlsə, nə olacaq”. Anar da deyib nə istəyirsiz edim onları bura gətirməyin. Bizi idarənin dəhlizində saxlayanda qızımın 11 aylıq uşağını əlindən alıb asfaltın üstünə qoydular, bizi içəri saldılar. Təxminən 15 dəqiqə sonra uşağı anasına verdilər, yedizdirdi, sonra təzədən aldılar”.
 
Nina İbrahimova qeyd edir ki, Nərimanov rayon prokuroru Vüqar Əliyevin müdaxiləsindən sonra onun oğlunu buraxıblar: “Allah prokuror Vüqar müəllimin köməyi olsun. Mən çəkdiyimiz videoları diskdə aparıb ona verdim, özü baxdı. Nərimanov polisinin rəisinə zəng edib dedi niyə tutmusuz? Onlar da dedi ki, polisləri döyüb. Vüqar müəllim dedi ki, gir Yutuba bax, gör kim-kimi döyüb. Bundan sonra oğlumun üstündə 221-ci (xuliqanlıq – red.) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə - red.) maddəni götürdülər, özünü də sərbəst buraxdılar. Bunu da Vüqar müəllim etdi. Oğlum neçə gün xəstəxanada yatdı, hələ də sağalmayıb”.
 
Baş verənlərlə bağlı Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
***
Bakıda istintaq işi ilə bağlı zərərçəkmiş şəxslərlə görüşən Daxili İşlər Nazirliyinin məsul şəxsləri hücuma məruz qalıblar.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təmxinən 1 ay öncə baş verən hadisə ilə bağlı artıq cinayət işi açılıb.
 
Belə ki, Nərimanov rayonunda yaşayan, Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Nina İbrahimova 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 15-də saat 18 radələrində Fərman və Samir adlı şəxslər onu döyərək xəsarət yetiriblər. N.İbrahimova heç bir tibb müəssisənə müraciət etməyib.
 
Hadisə ilə bağlı Bakı şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaqı aparılan zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması haqda qərarın icrası ilə bağlı tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi N.İbrahimovanın yaşadığı evə gəliblər.
 
Nərimanov RPİ-nin vəzifəli şəxsləri Nina İbrahimova, qızı Rəbiyyə və oğlu Anar tərəfindən döyülüb.
 
Belə ki, İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünə və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsarət yetiriblər.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Vəzifəli şəxslərə qarşı xuliqanlıq törətməkdə ittiham olunan Anar İbrahimov isə həbs olunub.
 

Google+ WhatsApp ok.ru