Prezident səlahiyyətlərini parlamentə verir

Prezident səlahiyyətlərini parlamentə verir

Qazaxıstan prezidenti Nursultan Nazarbaev səlahiyyətlərinin bir hissəsini parlamentə və nazirlərə vermək qərarına gəlib. Prezident bu dəyişikliklərlə bağlı ölkə konstitusiyasına düzəlişlər ediləcəyini, düzəlişlərin layihəsinin artıq hazır olduğunu söyləyib.
 
N.Nazarbaev-in qərarı yanvarın 26-da Qərb mətbuatının da əsas mövzularındandır. «EurasiaNet» saytı Qazaxıstan prezidentinin 40-a yaxın məsuliyyətini parlamentə, ya da nazirlərə ötürəcəyini yazır.
 
NAZİRLƏRİ DƏ PARLAMENT SEÇƏCƏK
 
Konstitusiyaya dəyişikliklər qəbul edilsə, bundan sonra Qazaxıstanda baş naziri də, digər nazirləri də parlament seçəcək. İndiki qanunlara görə, Qazaxıstanın baş nazirini prezident seçir, parlament təsdiqləyir. Sonra isə baş nazir özü Nazirlər Kabinetinin üzvlərini müəyyən edir. Onun seçimini prezident təsdiqləməlidir.
 
N.Nazarbaev deyib ki, dəyişikliklər həmçinin, nazirlərə sosial və iqtisadi inkişafı idarə etməkdən ötrü daha çox məsuliyyət və səlahiyyət verilməsini nəzərdə tutur.
 
Üstəlik, parlamentin hökumətə nəzarəti artırılacaq, deputatlar kabinetə etimadsızlıqla bağlı səsvermə keçirmək səlahiyyəti qazanacaqlar. «Bu isə qanunverici orqanın idarəedici orqana nəzarətini gücləndirəcək», – N.Nazarbaev belə deyib. Onun sözlərinə görə, dəyişikliklər həmçinin, parlament seçkilərində qalib gələn partiyanı hökumətin qurulmasında başlıca qüvvəyə çevirəcək.
 
Parlamentin yerli idarələr – şəhər və rayon rəhbərlikləri üzərindəki hakimiyyəti də artırılır.
 
ÖLKƏNİN BAŞ HAKİMİ
 
Prezidentin rolu isə, N. Nazarbaev-in dediyinə görə, ölkənin baş hakiminin roluna bənzəyəcək. Prezident, əsasən, strateji məsələlərlə, xarici siyasət və milli təhlükəsizlik məsələləriylə məşğul olacaq.
 
Bununla belə, prezidentin həm nazirlərin, həm də parlamentin qərarlarına veto qoymaq hüququ qalır.
 
Qazaxıstan konstitusiyasına dəyişikliklər ictimai müzakirəyə çıxarılıb və prezidentin ofisindən verilən məlumata görə, müzakirələr fevralın 26-a qədər davam edəcək.
 
Hökumətpərəst siyasətçilər prezidentin qərarını alqışlayır, bunun Qazaxıstanın müasirləşdirilməsi yönündə atılmış addım olduğunu deyir, Qazaxıstan tarixində böyük dönəm olduğunu söyləyirlər. Amma müxalifətin reaksiyası fərqlidir.
 
«VARİS ƏMƏLİYYATININ BAŞLANĞICI»
 
Almaniyanın «Deutsche Welle» televiziyası N.Nazarbaev-in «Nur Otan» Partiyasının parlamentdə çoxluğa sahib olduğunu – aşağı palatadakı 98 yerdən 84-nü bu partiya üzvlərinin tutduğunu qeyd edir. Müxalifətdən olan siyasətçi Amirzhan Kosanov prezidentin qərarının «Varis əməliyyatı»nın başlanğıcı olduğunu söyləyib. «Yuxarıdakı qüvvələr hakimiyyəti öz aralarında bölüşdürəcəklər», – A.Kosanov-un islahatlar haqda rəyi bundan ibarətdir.
 
«EurasiaNet» saytı isə jurnalist Irina Petrushova-nın Facebook səhifəsində yazdıqlarından sitat gətirir. Jurnalist deyir ki, prezidentin təklif etdiyi dəyişikliklər ölkədə plüralizm mövcud olduğu halda, partiyaların qeydiyyatdan keçirilməsinə, azad və ədalətli seçkilərə imkan verilərsə, özünü doğrulda bilər.
 
Siyasi fəal Galym Ageulov isə hakimiyyətin məğzinin deyil, formasının dəyişdiyini söyləyib: «Bizim ehtiyacımız olan, sadəcə, parlamenti buraxmaqdır… Azad assosiasiya sistemi altında yeni oyunçular ortaya çıxa və «Nur Otan» monopoliyası keçmişdə qala bilər».
 
Qazaxıstan prezidenti N.Nazarbaev-in artıq 76 yaşı var. O, ölkəni 1989-cu ildən, Qazaxıstan hələ Sovet İttifaqının tərkibində olandan idarə edir.(azadliq.org) 
 

Google+ WhatsApp ok.ru