Putin nüvə müharibəsi riskindən danışıb

Putin nüvə müharibəsi riskindən danışıb

Rusiya Prezidenti Vladimir Putin deyir ki, nüvə müharibəsi riskinə əhəmiyyətsiz yanaşmaq olmaz. O, Birləşmiş Ştatları silah sazişlərindən çıxdığına görə tənqid edib.

Putin dekabrın 20-də illik mətbuat konfransı keçirir.

O, televiziyayla canlı yayımlanan tədbirdə ümid etdiyini bildirib ki, Rusiyayla qərb arasında artan gərginlikdə sağlam məntiq üstün gələcək.

“SİVİLİZASİYANIN MƏHVİ”

Putin qeyd edib ki, nüvə müharibəsi “bütövlükdə sivilizasiyanın məhvinə” aparar. O, son bir neçə ayda artıq ikinci dəfədir belə bir fəlakətlə bağlı xəbərdarlıq edir.

Dövlət televiziyası jurnalistinin sualını cavablandıran Putin bu riskin “əhəmiyyətini azaltmaq tendensiyası”nın təhlükəli olduğunu söyləyib.

Putinin sözlərinə görə, Birləşmiş Ştatların 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxması Moskva və Vaşinqton arasında “strateji balans”a zərbə vurub, üstəlik, ABŞ-ın Ortamənzilli Raket Sazişindən çıxmaq planı bu istiqamətdə “daha bir addım”dır.


ABŞ silahlara nəzarət sazişindən çıxacağını deyir

O söyləyib ki, Birləşmiş Ştatlar və Rusiyanın uzaqmənzilli nüvə silahlarına dair “Yeni START” sazişi üzrə danışıqlar aparmaması pisdir. Bu sazişin müddəti 2021-ci ildə bitir, hər iki ölkə razılaşarsa, daha beş illiyə uzadıla bilər.

“DÖNÜŞ”

Putin mətbuat konfransına iqtisadi göstəriciləri müsbət baxımdan təqdim etməklə başlayıb, deyib ki, işsizlik azalır, Rusiyanın ümumi daxili məhsulu isə ləng də olsa artır.

Dövlət başçısı iqtisadiyyata təkana verəcək, həyat standartlarını yaxşılaşdıracaq “dönüş”lə bağlı fikirlərini bir daha dilə gətirib, deyib ki, Rusiyaya “yeni texnoloji baza” lazımdır, “resurslarını cəmləməli”, onlardan səmərəli istifadə etməlidir.

ÜDM-nin bu yaxınlarda 2 faizi aşmayacağı halda dönüş necə əldə edilə bilər? Bu suala cavabında Putin problemlərin bəzilərinə görə xarici faktorları günahlandırıb. Onun sözlərinə görə, Rusiya ölçü və keyfiyyət baxımından “yeni iqtisadi liqaya” daxil olmalıdır, “ambisiyalı məqsədlər qoymasaq, heç nə əldə olunmayacaq”. /azadliq.org/

Google+ WhatsApp ok.ru