Qəzzada 400.000 uşaq müxtəlif travmalar alıb

UNICEF Qəzza səlahiyyətlisi Pernille İronsayd İsrail rejiminin hücumları üzündən 400-dən çox uşağın həyatını itirdiyini, təxminən 400 min uşağın da fiziki və psixoloji travmalara məruz qaldığını açıqlayıb.
 
Maide.az-ın "Anadolu Ajans"a istinadən verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNICEF) Qəzza ofisindən BMT Cenevrə ofisinin mətbuat konfransına telefonla qatılan İronsayd mövzu ilə bağlı bildirib: "İsrail hücumlarında 400-dən çox uşaq həyatını itirdi, sarsıntı yaşayan təxminən 400 min uşaq isə çətin və ağır bir gələcəklə üz-üzədir".
 
"Necə ola bilər ki, valideynləri bir bəşər olaraq yaşamağa belə gücləri olmaya-olmaya uşaqlarına yaxşı baxa bilələr, onların qayğılarını təmin edələr, tərbiyələrini diqqətdə saxlayalar. Burada bütün ailə üzvlərini yalnız bir hücumda itirən insanlar var. Əgər 7 yaşındasansa, daha əvvəldən iki müharibə və indi də daha faciəvisini yaşamısan deməkdir", - deyə UNİCEF rəsmisi acı reallığı çatdırıb.
 
Digər tərəfdən Ərəb Həkimlər Birliyi Qəzzanın fəlakət bölgəsi elan edilməsini tələb edir. Misirin paytaxtı Qahirədə "Humanitar fəlakət Qəzza" adlı mətbuat konfransı təşkil edən Ərəb Həkimlər Birliyinin Fövqəladə Vəziyyət və Yardım Komitəsinin sədri İhab Əbu Əli məsələ ilə bağlı deyib: "Böyük bir humanitar fəlakətin yaşandığı Qəzzanın fəlakət bölgəsi elan edilməsini və İsrail hücumlarının dayanmasından sonra mümkün qədər sürətlə abadlıq prosesinin başladılmasını tələb edirik".
 
Xatırladaq ki, Qərbi Şəriyədə 12 iyun tarixində itdiyi iddia edilən 3 sionist gəlmənin 18 gün sonra ölü tapılmasından sonra fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda sionist gəlmələr tərəfindən qaçırılmış və yandırılaraq öldürülüb. İsrail rejimi bunları bəhanə edərək 7 iyuldan "Qoruyucu Xətt" adı altında Qəzzaya havadan, 17 iyulda da qurudan hücuma keçib. Bir ay davam edən hücumlarından sonra Fələstin müqavimət qruplari ilə işğalçı İsrail rejimi arasında dünən 72 saatlıq atəşkəs elan edilib. İşğalçı hücumları nəticəsində Qəzzada 426-ı uşaq olmaqla 1868 fələstinli həyatını itirib.

Google+ WhatsApp ok.ru