Qəzzada buldozer altında qalan Roşel Korei və insanlığını İsrailə satanlar

Qəzzada buldozer altında qalan Roşel Korei və insanlığını İsrailə satanlar

Son günlər ölkənin siyasi gündəminin əsas mövzusu 60 ildir Fələstində qoca, uşaq, qadın və cavan bilmədən müsəlmanları qətlə yetirərək onların torpaqlarını işğal altında saxlayan İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı idi. Bu səfəri bəziləri Azərbaycanın əsas müttəfiqinin baş nazirinin səfəri kimi dəyərləndirsə də, böyük əksəriyyət torpaqları 25 ildən çoxdur işğal altında qalan bir ölkəyə belə bir səfərin yolverilməz olduğu qənaətində idilər. Hətta buna etiraz olaraq ölkənin bir çox siyasi təşkilatı və siyasi xadimi bəyanatla da çıxış etdi.
 
Lakin bütün bu gündəm ərzində bəzi Azərbaycan insanı adına diqqətimi çəkən və kifayət qədər ağrıverici bir məsələ bu yazını qələmə almağıma səbəb oldu.
 
Belə ki, səfər ərəfəsində internetdə və sosial şəbəkədə İsrail rejiminin və Benyamin Netanyahunun bu günə qədər törətdiyi cinayətlərindən bəhs edən və səfərə etiraz edən şəxslərin bəyanatlarının altından yazılan təhqiramiz, məntiqsiz, kin və cahillikdən doğan rəyləri görüb susmaq çox çətin idi.
 
Etiraz edənlərin bir neçə arqumenti var idi.
 
“Narazı olanların hamısı İran agentidir.”
 
“Və ya Fələstində uşaqların qətlinə narahat olanlar, Xocalıda qətliam edilən körpələr adına niyə narahat olmursunuz?”
 
“İran Ermənistana kömək edir, biz niyə İsraildən yardım almayaq” - və .s mövzular altında yazılan təhqiramiz və söyüş dolu rəylər.
 
 
Mümkündür düşünəsiz ki, yazının ardı yuxarda ünvanlanan suallara və iradlara cavab verməklə davam edəcək. Məqsəd səsləndirilən iradlara cavab vermək yox, həmin rəyləri yazanların həyati mövqelərini və insanlığın hansı pilləsində durduqlarını göstərməkdir.
 
Təbii ki, həmin şəxslər arasında məlumatsızlıq, yanlış və saxta təbliğat nəticəsində elə bir düşüncəyə sahib olanların mövcudluğu da istisna edilmir. Hədəf qərəz, cahillik üzündən kin qusanlardır.
 
Nəzərə alsaq ki, internet əsridir, içdəki kini və qərəzi kənara qoyaraq cüzi araşdırma aparmağımız kifayətdir ki, rəylərdə deyilənlərin nə dərəcədə iftira və yalan olduğunu anlamaq mümkün olsun. Hətta deyilən yalanların düz olduğu qənaətinə gəlsək belə, görəsən Netanyahuya bəraət qazandıraraq və İsrailə sevgi bəsləyənlərin vicdanını fələstinli körpələrin, yetimlərin, övladlarını itirən valideynlərin nalələri və məzlum simaları zərrə qədər də olsun tərpətmirmi?
 
Və nəhayət comment yazanların durduqları insanlıq pilləsi…
 
Qəzzanın işğal tarixində Roşel Korei adlı bir şəhidə xanım var idi. Bu xanım nə müsəlman idi, nə də ki, azərbaycanlı. Heç torpaqlarının 20%-dən çoxu da işğal edilməmişdi. Hətta dünyanın ən varlı və sosial rifah baxımından yüksək süperdövlətinin, yəni ABŞ-ın vətəndaşlığı daşıyırdı. Amma o, xanım bütün bunlara rəğmən dünyanın o başında zülmə məruz qalan məzlumların ah nalələrinə tab gətirmədi və məzlum insanları müdafiə etmək üçün ABŞ-dan Qəzzaya gəldi.
 
Yəni, insanlıq pilləsində öz mövqeyini və mərtəbəsini tapmışdı. Vəhşi heyvanlardan fərqli olaraq, zülmə məruz qalanlara dəstək vermirdi, gücü yetə bilcəyi qədər onları qorumağa çalışırdı.
 
Hətta anası bu qəhrəman xanıma məktub yazanda ki, əziz qızım sənin nə işin var oralarda?
 
O qəhrəman xanımın verdiyi cavabı oxuyub kövrəlməmək və heyrətə gəlməmək mümkün deyildi.
 
“Əziz anam, mən əslində insan olaraq olmalı olduğum yerdəyəm, bəs siz hardasınız? İnanın sizlər üçün çox darıxmışam. Canım anam buradakı insanlar üçün çox qorxuram və onların taleyindən çox nigaranam. Hər gün yuxuda görürəm ki, buldozerlər və tanklar evimizi dağıdırlar“.
 
Sonunda Qəzzada şəhid ediləndə Fələstinə gəldiyi heç iki ay olmamışdı. Öldürülən zaman əynində narıncı rəngli bir jilet və əlində səsucaldıcı var idi. O, əczaçı Samir Nəsrallahın evinin sökülməsinə etiraz edərkən İsrail rejiminin buldozeri iki dəfə onun üstündən keçərək şəhid etmişdi.
 
Kaş ki, kinlərindən qan qusan və təhqiramiz rəyləri ilə özlərinin həqiqi kimliklərini göstərənlər Raşelə də "İran agenti" damğası vurardılar. Heç olmasa iynənin ucu qədər də olsun Raşel kimi mərd və şəhidə xanımların cəsarətlərindən və ədalətlərindən pay götürərdiniz. İnanın insanlıq adına çox utanc gətirirsiniz. Necə olar bilər ki, Xocalıda baş verənlərə ah nalə edərək zülmü pislədiyiniz halda, digər məzlum insanları qətl edən şəxsə və rejimə məhəbbət göstərirsiniz ? Məgər bu ziddiyyət sizlərin qəlbiniz və şəxsiyyətinizi narahat etmirmi?
 
Bu gün Fələstin üçün susanlar, sabah öz vətəni və ya digər yerdə tapdanan haqlara görə də susacaq. Çünki zülm edənlə zülm edilənin milləti, dini və irqi olmaz.
 
(Islaminsesi/Hüseyn Əsgərov)

Google+ WhatsApp ok.ru