Qüdsdə bıçaqlı hücum

Şərqi Qüdsdə bir yəhudinin bıçaqlandığı bildirilir.
 
Maide.az-ın məlumatına görə, İsrail rejiminin təhlükəsizlik sözçüsü Micky Rosenfeld yazılı açıqlamasında, Şərqi Qüdsün cənubunda fələstinlilərin evləri dağıdılaraq yəhudilər üçün salınmış Maaleh Adumim yaşayış məntəqəsi yaxınlığında bıçaqlanan yəhudinin yüngül yaralandığını deyib.
 
Rosenfeld, "hücumu təşkil edən şübhəlinin fələstinli olduğunu zənn edirik və axtarışlarına başlamışıq" söyləyib.
 
Xatırladaq ki, bir neçə ay əvvəl də bir fələstinli torpağının işğal edilməsi, evinin uçurularaq yerində yəhudilərə yaşayış məntəqəsi salınmasına etiraz olaraq, avtobusda bir neçə nəfəri bıçaqlamışdı.
 
Dünyanın müxtəlif ölkələrindən gətirilərək İsrail rəhbərliyinin işğal siyasəti çərçivəsində Qərbi İordan və Şərqi Qüdsə yerləşdirilən yəhudilərin silah daşımaları və Fələstinli vətəndaşlara vaxtaşırı olaraq sözlə, ya da fiziki olaraq təcavüz etmələri, yerli xalqla gələnlər arasında ziddiyətlər yaradır. 
 
İsrail 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilini Yahud və Samarya adlandıraraq, öz torpağı kimi görür. İsrail rejimi rəsmi şəkildə bildirir ki, İordan çayının qərb sahilində 400 min, Şərqi Qüdsdə isə 200 min yəhudi yerləşdirilib. Fələstin tərəfi isə bu rəqəmin deyiləndən daha çox olduğunu deyir.
 

Google+ WhatsApp ok.ru