Qeyri-neft sektorunda “çiçəklənmə”

Kim düşünürsə ki, Azərbaycanda neft, qaz və gömrükdən başqa ayda milyonlarla gəlir əldə olunan digər sahələr yoxdur, böyük ölçüdə yanılır. Çünki, bu gün ölkədə elə bir korrupsiyalaşmış idarəçilik formalaşıb ki, indi ayrı-ayrı dövlət qurumlarının hər birinin “Azəri-Günəşli-Çıraq” neft yataqlarından heç də az gəlir gətirməyən sahələri mövcuddur. Məsələn, ölkədəki saysız-hesabsız müalicə müəssisələrinin (özəl, dövlət fərq etməz) hər biri Səhiyyə Nazirliyi üçün bir neft quyusu funksiyasını daşıyır.
 
Neft quyularında olduğu kimi bu xəstəxanaların da bəzisinin gəliri az, bəzisininki çox ola bilər, amma quyuda neft tükənir, gəlir gətirmədiyi halda, bəzən yediyimiz o quru çörəkdən, içdiyimiz sudan, udduğumuz havadan müxtəlif cür xəstəliklər tapan bizlərə görə xəstəxanaların gəlirinin tükənməsi təhlükəsi yoxdur. O başqa söhbətin mövzusudur ki, müalicəmiz üçün çəkdiyimiz xərc “Avropa standartlarına” uyğun olsa da, nəticə o standartlardan çox-çox uzaqdır. Ədliyyə Nazirliyinin də öz neft yataqları var, özü də nə az, nə çox, düz 17 dənə (məntəqə tipli cəzaçəkmə müəssisələrini nəzərə almasaq). Bəli, bu 17 cəzaçəkmə müəssisəsinin hər biri ayda 10 min barrel neft çıxarılan quyulardan heç də geri qalmır. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi, quyuda neft azala, quruya bilir, amma bura elə bir yerdir ki, heç vaxt boş qalmır. Daxili işlər naziri R.Usubovun təbirincə desək, 1992-1993-cü illərlə müqayisədə (indi XXI əsrdir e, niyə müqayisəni ötən illə deyil, XX əsrdə cəmi 11 ay mövcud olmuş hakimiyyətlə aparırsız?) cinayətkarlığın səviyyəsi aşağı düşsə də, cinayətlərin sayı azalmayıb. Cinayət varsa, demək, cəza da var. Cəzalandırılan varsa, demək, ona sovqat aparan doğmaları da var. Məhkumun qanunla həftədə bir, pulu varsa, gündə ailəsi və yaxınları ilə telefonla danışması mümkündü. Cəzaçəkmə müəssisəsi neft yatağı funksiyası rolunu oynadığına görə, məhkuma qanunla verilmiş o hüquq da ona pulla satılır, necə ki, sovqat gətirən azı 15-20 manat verməsə, axşama qədər türmə qapısında gözləməli olur. Ədalət naminə deyək ki, dövlət məhkumun normal qidalanması üçün zəruri ərzaq məhsulları ilə təmin edir. “Kolon”un anbarında az qala quş südünə qədər hər çeşiddə ərzaq var, fəqət, yemək stoluna, ifadəyə görə üzr istəyirəm, eşşək südü qoyulur. Anbardakı o göz oxşayan ərzaq məhsulları da hissə-hissə bayıra çıxarılaraq bazarda realizə olunur. Nəzərə alın ki, söhbət kiloqram və ədəddən deyil, tonlarla ət, yağ, düyü, vermişel, makaron, toyuq əti, balıq, yumurta, şəkər tozu və s. ərzaq məhsullarından gedir. Ora elə yerdir ki, orda məhkumun başındakı tükü belə pulla ölçülür. 
 
BP, SOCAR, “QAI”
 
Axtarmayın, “QAI” adlı neft şirkəti yoxdur, bu əsasən büdcədən maliyyələşən bir dövlər qurumudur. Amma məndən soruşsalar ki, bunlardan hansının illik xalis gəliri çox olur, tərəddüd etmədən deyərdim ki, “QAI”-nin, daha dəqiqi, bu sahəyə rəhbərlik edənlərin. Bunu qeyri-peşəkarlıq, şişirtmə, yaxud qərəz kimi yozanlar üçün kiçik bir təhlil. Rəsmi məlumatda bildirilir ki, təkcə ötən il müxtəlif yol hərəkəti qaydaları pozuntularına görə təxminən 2.500.000 protokol tərtib olunub. Yəqin mənimlə razılaşarsınız ki, sui-istifadə halları, yəni nəzərdə tutulan cərimənin rüşvət formasında nəğd ödəyib cəzadan yayınmalara yol verilməsəydi (Qanuna görə hər tərtib olunan cərimə protokolundakı məbləğin 25 faizi o protokolu yazan müfəttişin əmək haqqına əlavə olunmalıdır. 25 faiz o müfəttişə verilir ya yox, bu barədə ayrıca yazım olacaq. Bu mənada “QAI”-şnik içkili sürücüyə 300 manatlıq cərimə protokolu yazmır və məbləğin yarısını nəğd alaraq onu sərbəst buraxır), protokolların sayı 3 milyondan çox olardı. Bununla belə 2.500.000 protokolun özü də az məbləğ eləmir, orta hesabla təxminən 125.000.000 manat. Hələ bu son rəqəm deyil. Qeyri-rəsmi məlumata görə, ölkədə bir milyondan artıq minik avtomobili istismardadır. Bir qayda olaraq hər il həmin minik maşınları texniki baxışdan keçirilir. Bunun üçün tanışın olsa 80, olmasa azı 150 manat alınır. Təkcə bu obyektdən əldə olunan vəsaitin həcmi minimum 150 milyon manat təşkil edir. Bilmirəm 2 trilyon kub metr ehtiyatı olan “Şahdəniz” qaz yatağı Azərbaycana ildə bu qədər gəlir gətirəcək, yoxsa yox. “QAI”-də vətəndaşların cibinə girməklə milyonlar qazananların daha bir prespektivli neft yatağından isə mən bu günlərdə xəbər tutmuşam, daha doğrusu, əməliyyatın iştirakçısı kimi şahidi olmuşam. Baş Dövlət Yol Polisi idarəsinin nəzarətində fontan vuran bu “neft yatağı”nın adı belədir: Qeydiyyat-Imtahan və Texniki Baxış şöbəsi. Bu “neft yatağı”nın respublikanın ayrı-ayrı bölgələrində də  “quyuları” fəaliyyət göstərir. Demək belə, maşını bir addan başqa bir şəxsin adına qeydiyyata salınmağın yolu və pulu aşağıdakı kimi həll olunur. Öncə Əhliman adlı birisi maşının mühərrik və “ban” nömrəsin yoxlayır və verdiyi möhürsüz nəsə qeyd olunmuş bir kağız parçası üçün səndən 5 manat alır. O kağızla 3-cü qapıya yaxınlaşıb 250 manat rüşvət, 30 manat banka ödəyib problemi çözürsən. Bu qiymətlə razı deyilsənsə, maşın texniki baxışa göndərilir ki (sənin maşınının texniki baxışdan keçdiyini sübut edən rəsmi sənədin olsa da belə), orda da yenə Əhliman əkədir. Mütləq maşında xırda da olsa nəsə bir nasazlıq aşkar olunur. Xırda, ya böyük, fərq etməz. Bu prosedurdan keçəndən sonra dövlət rüsumu üst-üstə 79 manatdan artıq olmayan qeydiyyat üçün rüşvət olaraq səndən 150 manat nəğd, 30 manatlıq bank qəbzi istəyirlər. Və bunu heç kimdən çəkinmədən açıqca söyləyirlər. Bu qanunsuz qaydalar tabu kimidir, yəni onu nə tanışının xahişi, nə də sənin jurnalist vəsiqən dəyişdirə bilməz.
 
Məncə, qanunlara dalını çevirənlərin bu cür aşkar soyğunçuluğu Həyasızlıq və Qudurğanlıqdır. Bu həm də ölkədə rüşvət və korrupsiyanın necə sərt formada sistemləşdirildiyinin bariz göstəricisidir. 
 
Məlumat üçün deyim ki, “QAI” adlı “neft şirkətinin” rəhbəri general rütbəli daşıyan Ramiz Zeynalovdur.  
 
Rövşən Kəbirli
“Müxalifət” qəzetinin baş redaktoru

Google+ WhatsApp ok.ru