Qış gəldi, amma binalara istilik gəlmədi

Büdcədən 110 milyon manat investisiya xərci almış qurumun fəaliyyəti paytaxt sakinlərini qane etmir

Havalar soyuduqca çoxmənzilli binaların və məktəblərin istiliklə bağlı problemləri gündəmə gəlir. 
 
"Azəristiliktəchizat" ASC hər il qış vaxtına noyabrın 15-də keçir, bu tarixdən binalara istilik verilməyə başlayır. Amma noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Noyabrın 2-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib.
 
Proqnozlara görə, bu gün gecə Bakıda havanın temperaturu 2 dərəcə istiyədək enəcək.
 
Bakı şəhəri və ətraf qəsəbələrin istilik təchizatı üçün büdcədən 2006-cı ildən bu yana 110 milyon manata yaxın vəsait ayrılıb. Bu qədər sərmayə yatırılmış qurum əhalinin istiliklə təminatını vaxtında və keyfiyyətlə yerinə yetirə biləcəkmi? 
 
Bakı şəhər sakini Hüseyn Kərimov deyir ki, binalarından meyit çıxmayınca istilik vermək niyyətində deyillər: "Memar Əcəmi metrostansiyası yaxınlığında yaşayırıq. Daha dəqiq deyim Cavadxan küçəsində. Oradakı binalara istilik hər il Sovet dövründən qalma qayda-qanuna əsasən noyabrın 15-də verilir. Soyuqlar isə artıq başlayıb. Nə qədər deyirik ki, bu tarixi bir az tezləşdirin, xeyri yoxdur. Noyabrın 15-dən bir gün də tez vermirlər. O vaxta qədər də biz soyuqdan donuruq. Bayırda 4 dərəcə istilik var. Hələ günortadır. Axşama temperatur daha da enəcək. Ancaq "Azəristiliktəchizat"ın vecinə deyil. Gərək soyuqdan kimsə ölə ki, istiliyi tez verələr!?".
 
"Azəristiliktəchizat" ASC-dən "Bizim Yol" qəzetinə bildirildi ki, onlar mənzilləri və digər obyektləri istiliklə təmin etməyə tam hazırdırlar: "Nazirlər Kabinetinin əmrini gözləyirik. Sənəd üzərində noyabrın 15-də keçilir qış vaxtına. Yəqin bu il havaların daha tez soyumasını nəzərə alıb bir az tezləşdirərlər. Ancaq yenə də deyirəm, qanunla noyabrın 15-də keçilir qış vaxtına". 
 
O ki qaldı noyabrın 15-i tarixinin gələcəkdə dəyişdirilib dəyişdirilməyəcəyinə, "Azəristiliktəchizat" əməkdaşı bildirdi ki, dəyişiklik etməyi onlar yox, millət vəkilləri təklif etməlidir: "Qanunlara dəyişiklik etmək onların işidir. Ancaq onu da deyim ki, qayda-qanunla noyabrın 15-də qoşulmalıdır istilik. Ancaq havaların soyuq keçdiyinə görə adətən 7-si, 8-də qoşuruq. Heç vaxt 15-nə qalmır". 
 
"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, noyabrın 3-dən internat evlərində, xəstəxanalarda, uşaq bağçalarında və orta məktəblərdə istilik sistemi işə salınmasına başlanıb. Onun sözlərinə görə, artıq ölkənin dağlıq ərazilərində istilik sistemi işə düşüb: "Müvafiq qanunvericiliyə görə, Azərbaycanda istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub. Noyabrın 15-dən aprelin 15-nə qədər. İndi havalar soyuduğundan göstəriş vermişik ki, dağlıq ərazilərdə artıq istilik təchizatına başlansın". Mənzilləri istilik sistemi ilə təmin edən qazanxanaların işə salınması isə bundan sonra olacaq. Rafiq Əliyev deyir ki, uşaq bağçalarının üstündə yerləşən yaşayış binalarına istilik veriləcək:
 
"Çünki qazanxana birdir, uşaq bağçasına istilik veriləndə bağçanın üstündəki yaşayış binasını ayırmaq olmur. Digər yaşayış binalarına da istilik verilməsi mərhələli şəkildə həyata keçiriləcək".
 
R.Əliyev bu il qış aylarında Bakıda bütün evlərin isti olacağını deyib. ASC-nin balansında olan bütün yaşayış binaları istilik sistemlərilə tam təmin olunub. Onun sözlərinə görə, bu il Bakıda 264 bina istilik sisteminə qoşulub. 37 yeni istilik qazanxanası tikilib: "Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq "Azəristiliktəchizat" ASC qabaqlayıcı tədbirlər görüb. Bakıda 3142 yaşayış binası, 275 məktəb, 156 uşaq bağçası, 147 səhiyyə obyekti və 428 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub, 363 qazan mexaniki üsulla təmizlənib. 90 elektrik mühərriki əsaslı təmir olunub".
 
Qeyd: "Azəristiliktəchizat" ASC ölkənin müxtəlif dövlət obyektlərinin, binaların istilik sistemi ilə təchizat vəziyyətinin yaxşılaşdırılması üçün 2005-ci il Nazirlər Kabinetinin sərəncamı ilə yaradılıb. 
 
2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun -10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sistemlərinin təmir-bərpasına, 
 
- 10 milyon manatı isə "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə,
 
- 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib. 
 
Büdcədən ayrılıb, xərclənən bu qədər vəsaitə baxmayaraq istilik sistemindən narazı, istiliyin vaxtlı-vaxtında verilməməsindən şikayətçi olanlar var. Üstəlik, bu gün şəhərin əksər binalarında istilik sistemi qurğuları yoxdur.  
 

Google+ WhatsApp ok.ru