QMİ: 20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan xalqının 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.
 
QMİ-nin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, 1/4 əsr müddətin keçdiyi 20 Yanvar faciəsi, nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaq.
 
“Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 
 
20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. 
 
Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. 
 
QMİ bütün məscidlərə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətni oxunsun, əziz şəhidlərimizin ruhlarına dualar edilsin. Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin.”

Google+ WhatsApp ok.ru